Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığının Şura Məclisinin sədri ilə görüşüb

Sədrin səfərləri
30 yanvar 2023 | 10:41   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 17-ci konfransında iştirak üçün Əlcəzairə səfəri çərçivəsində Oman Sultanlığının Şura Məclisinin sədri Şeyx Xalid bin Hilal Al Mavali ilə görüşüb.

Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin mövcud vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Qanunverici orqanların ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsində müsbət rolu vurğulanıb, o cümlədən, beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq, qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd olunub. Söhbət zamanı Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti, bu platformanın növbəti konfransına hazırlıqla bağlı görülən işlər barədə danışılıb.

Görüşdə Sahibə Qafarova həmçinin, yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı haqqında məlumat verib, Azərbaycanın bu məsələnin şəffaf və obyektiv araşdırılmasını tələb etdiyini bildirib, bir çox ölkələrin bu terror aktını şiddətlə qınadığını diqqətə çatdırıb.

Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbədən sonra regionda yaranmış vəziyyət, işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri barədə ətraflı danışıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU