İNSAN HÜQUQLARI KOMİTƏSİNDƏ

Komitə iclasları
13 fevral 2013 | 04:02   
Paylaşın:        

Fevralın 13-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirildi. Gündəlikdə üç məsələ olduğunu bildirən komitə sədri Rəbiyyət Aslanova öncə “İctimai iştirakçılıq haqqında” qanun layihəsini təqdim etdi.
Qeyd olundu ki, demokratik cəmiyyətlərdə qərar qəbul edilərkən vətəndaşların öz iradəsini ortaya qoyması çox zəruri məsələdir. Bu baxımdan, deputat Azay Quliyevin təşəbbüsü ilə  hazırlanmış qanun layihəsi Azərbaycan vətəndaşlarına dövlətin idarə olunmasında iştiraka dair Konstitusiya ilə verilmiş hüququn ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsinə yardımçı olacaq. Çünki bu vasitə ilə proseslərin gedişinə vətəndaşın fikrinin təsir etmək imkanları artacaq, hadisələrə münasibətdə insanların öz mövqeyini ortaya qoyması vacibliyi mühüm əhəmiyyət kəsb edəcək.
Sonra iclasda Milli Məclis Aparatının İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov yeni qanunun hüquqi zərurəti barədə ətraflı məlumat verdi, “İctimai iştirakçılıq haqqında” qanun layihəsindəki ayrı-ayrı müddəaları şərh etdi.
İşgüzar müzakirələrdə deputatlar İlyas İsmayılov, Aytən Mustafayeva, Fazil Mustafa, Cavanşir Paşazadə rəylərini, iradlarını  bildirdilər. Sonra Azay Quliyev həmkarlarını maraqlandıran suallara aydınlıq gətirdi. Deyilən təkliflərin layihədə nəzərə alınması vacibliyi vurğulandı.
Komitənin iclasında “Dini etiqad azadlığı haqqında” qanunun 18-ci və 22-ci maddələrində dəyişiklik edilməsinə dair iki qanun layihəsinə də baxıldı. Ətraflı fikir mübadiləsi aparıldı.
Yekunda hər üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU