Azərbaycan və İndoneziya parlamentlərinin dostluq qrupları arasında görüş

Tədbirlər
31 yanvar 2023 | 16:32   
Paylaşın:        

Yanvarın 31-də Milli Məclisdə Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri arasında görüş keçirilib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev qonaqları salamlayaraq, onları Azərbaycan parlamentində görməkdən məmnunluğunu bildirib.

Azərbaycanın bölgədə və dünyada  iqtisadi əməkdaşlığın, dayanıqlı sülhün və inkişafın tərəfdarı olduğunu deyən Milli Məclisin komitə sədri ölkəmizin dost İndoneziya Respublikası ilə ikitərəfli əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. O, ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin inkişaf etdirilməsi barədə fikirlərini bölüşüb.

Sonra komitə sədri indoneziyalı parlamentarilərə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərlə torpaqlarını Ermənistanın 30 illik işğalından azad etməsindən söz açıb.

Bəxtiyar Əliyev işğal dövründə Ermənistanın bütün kənd və şəhərlərimizi, tarixi, mədəni və dini abidələrimizi tamamilə dağıtmasından bəhs edərək, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri apardığını, keçmiş məcburi köçkünlərimizin artıq doğma yurdlarına qayıtması prosesinin başladığını bildirib.

Diqqətə çatdırılıb ki, Azərbaycanın sülh sazişinin imzalanmasını təklif etməsinə baxmayaraq, Ermənistan destruktiv mövqe nümayiş etdirir, üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozur və beynəlxalq ictimaiyyəti yalan məlumatlarla yanıltmağa çalışır.

Azərbaycana ikinci dəfə səfər etdiyini deyən İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Muhammad İqbal onlara göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edib. Ölkələrimiz və parlamentlərimiz arasında mövcud əlaqələrin məmnunluq doğurduğunu bildirən Muhammad İqbal mövcud  əməkdaşlığımızın dərinləşdirilməsi ilə bağlı fikirlərini səsləndirib. O, bu istiqamətdə parlamentlərin və parlamentlərarası dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Görüşdə Milli Məclisin İndoneziya ilə parlamentlərarası əlaqələr üzrə  işçi qrupunun üzvləri  Aqiyə Naxçıvanlı, Elman Nəsirov, Əliabbas Salahzadə, İndoneziya parlamentinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU