Elm və təhsil komitəsində TBMM nümayəndə heyəti ilə görüş

Tədbirlər
31 yanvar 2023 | 18:40   
Paylaşın:        

Yanvarın 31-də Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev qonaqları salamlayaraq, Azərbaycanla Türkiyə arasında olan qardaşlıq münasibətlərindən danışıb, qarşılıqlı səfərlərin bu münasibətlərin möhkəmlənməsinə xidmət etdiyini deyib. O, bildirib ki, ölkələrimiz arasında həyatın bütün sahələrində yüksək səviyyəli əməkdaşlıq mövcuddur.

Komitə sədri dövlətlərarası münasibətlərin möhkəmlənməsində parlamentlərin xüsusi rolunu qeyd edib, hər iki ölkənin qanunvericilik orqanlarında fəaliyyət göstərən parlamentlərarası dostluq qrupları arasında əlaqələrin inkişafından bəhs edib.

Bəxtiyar Əliyev həm Azərbaycanda, həm də Türkiyədə dövlət tərəfindən təhsilə olan diqqət və qayğının təqdirəlayiq olduğunu söyləyib. O, elm, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib, ölkələrimiz arasında müəllim və tələbə mübadiləsi ilə bağlı tətbiq edilən proqramların önəmli olduğunu deyib. Təhsilin müxtəlif pillələrində həyata keçirilən birgə layihələrin əhəmiyyətindən danışan komitə sədri elm və təhsil sahəsində beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığın zəruriliyini bildirib.

Səmimi görüş üçün təşəkkürünü ifadə edən Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycana səfər etməkdən məmnunluğunu bildirib. O, qeyd edib ki, dost və qardaş dövlətlərimiz arasında münasibətlər  möhkəm təməllərə əsaslanır. Ölkələrimiz arasında mövcud olan hərtərəfli əlaqələr davamlı olaraq yüksələn xətt üzrə inkişaf edir.

Şamil Ayrım bu il Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illiyinin qeyd edildiyini vurğulayaraq, Ulu öndərlə görüşlərini xatırlayıb, onunla bağlı xatirələrini bölüşüb.

TBMM-in Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbə ilə bağlı bir daha öz fikirlərini dilə gətirərək, xalqımızın öz  əzəli torpaqlarının işğaldan azad edilməsi uğrunda apardığı mübarizənin əhəmiyyətini qeyd edib, bu şanlı Zəfərdən iftixar duyduqlarını diqqətə çatdırıb. Şamil Ayrım bu Qələbənin əldə edilməsində Prezident İlham Əliyevin göstərdiyi səylərin təqdirəlayiq olduğunu deyib. O, hər iki dövlətin sülh və əminamanlıq tərəfdarı olduğunu bildirib.

Türkiyə nümayəndə heyətinin üzvləri Orhan Erdem, Yaşar Karadağ, Tuba Durqut ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin inkişaf etdirilməsi, elm, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikirlərini açıqlayıblar.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Musa Qasımlı, Ceyhun Məmmədov, Etibar Əliyev, Aqiyə Naxçıvanlı, Eldar Quliyev iki ölkə arasında dinamik inkişaf edən dostluq və əməkdaşlıq barədə öz fikirlərini bölüşüblər. Deputatlar xalqlarımız arasında qardaşlıq münasibətlərinin sarsılmaz olduğunu söyləyiblər, parlamentlərimiz arasında əməkdaşlığın getdikcə daha da möhkəmlənməsindən məmnunluqlarını bildiriblər.

 Söhbət zamanı iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva, TBMM-in millət vəkilləri Yunus Kılıç, Tülay Kaynarca, Uğur Bayraktutan və digər rəsmi şəxslər iştirak ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU