Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirilib

Plenar iclaslar
01 fevral 2023 | 19:36   
Paylaşın:        

Fevralın 1-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib.

Milli Məclisin sədri sessiyanı açıq elan etdikdən sonra, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Spiker yaz sessiyasının başlaması münasibətilə təbriklərini çatdırıb və sessiyanın işinə uğurlar arzulayıb.

Sonra Milli Məclisin sədri diqqətə çatdırıb ki, bildiyiniz kimi, yanvar ayının 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror aktı törədilib. Səfirliyin və Səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən mühafizə xidmətinin 1 əməkdaşı həlak olub, digər 2 əməkdaşı yaralanıb.

Milli Məclis bu xain hücuma münasibətini bildirərək, onu  şiddətlə qınayıb, terror aktının hərtərəfli və dərindən araşdırılmasını, bu qanlı cinayətin  törədilməsində əli olanların hamısının müəyyən edilməsini və ən sərt şəkildə cəzalandırılmasını tələb edib. Eləcə də, Milli Məclisin deputatları kütləvi informasiya vasitələrində çıxışlar edərək, səfirliyimizə qarşı törədilmiş terroru qətiyyətlə pisləyiblər.

Spiker həlak olmuş şəhidimiz Orxan Əsgərova bir daha Allahdan rəhmət diləyib, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralanmış səfirlik əməkdaşlarının tezliklə sağalması arzularını ifadə edib.

Sonra Sahibə Qafarova bildirib ki, ötən il Milli Məclisin fəaliyyətinin bütün istiqamətlərində uğurlu nəticələr əldə edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün lazımi tədbirlər görülüb. Spiker xatırladıb ki, o, ötən sessiyanın son iclasında ilin yekunları barədə ətraflı məlumat verib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, tətil olmasına baxmayaraq, Milli Məclisin beynəlxalq fəaliyyəti sessiyalar arasındakı dövrdə də davam edib. Yanvar ayının 9-10-da Milli Məclis sədrinin başçılığı ilə  nümayəndə heyəti Türkiyənin Antalya şəhərində işgüzar səfərdə olub, Asiya Parlament Assambleyasının (APA) 13-cü plenar sessiyasında iştirak edib.

Sahibə Qafarova deyib ki, o, sessiyada etdiyi çıxışda bir sıra məsələlər barədə fikirlərini bölüşərək qeyd edib ki, müasir çağırışlar şəraitində biz yalnız səylərimizi birləşdirərək mürəkkəb problemlərin həlli yollarını tapa bilərik. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri kimi bildirib ki, Parlament Şəbəkəsi ümumi məqsədlərə çatmaq üçün Asiya Parlament Assambleyası ilə əməkdaşlıq etməyə hazırdır.

Spiker APA-nın 13-cü plenar sessiyasında Azərbaycan ərazilərinin 30 ilə yaxın Ermənistanın işğalı altında qalmasının nəticələri barədə danışarkən, bir sıra faktları diqqətə çatdırıb. O, bildirib ki, tarixi xəritələr və sənədlər müasir Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradıldığını və azərbaycanlıların bu torpaqlarda əsrlər boyu yaşadığını sübut edir.

Milli Məclisin sədri sessiyadakı çıxışında onu da vurğulayıb ki, tarixi şəhərimiz İrəvan 1918-ci ildə Ermənistana verilib, 1920-ci ildə isə sovet hökumətinin qərarı ilə Zəngəzur Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilib.

Spiker qeyd edib ki, o, XX əsrdə Ermənistan ərazisində azərbaycanlılara qarşı törədilən düşmənçilik hərəkətləri barədə də geniş məlumat verib. Soydaşlarımızın ata-baba yurdlarından qovulmasının son mərhələsinin 1988-1991-ci illərdə həyata keçirildiyini bildirib. O, vurğulayıb ki, vaxt gələcək, Qərbi azərbaycanlıların hüquqları bərpa olunacaq və onlar ata-baba yurdlarına dönəcəklər.

Spiker APA-nın 13-cü sessiyasındakı çıxışında, həmçinin Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülh və sabitlik yaradılması üçün Azərbaycanın göstərdiyi səylər və Ermənistanın sülh prosesinə mane olan fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat da verdiyini diqqətə çatdırıb.

Sonra Sahibə Qafarova bildirib ki, yanvar ayının 28-dən 30-dək Milli Məclis sədrinin rəhbərliyi ilə nümayəndə heyəti Əlcəzairə işgüzar səfər edib. Səfərdə məqsəd İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı Konfransının 17-ci sessiyasında iştirak etmək idi. Toplantıda “İslam dünyası: modernləşmə və inkişaf çağırışları” mövzusunda müzakirələr aparılıb.

Spiker konfransdakı çıxışından danışaraq, deyib ki, o, çıxışında müasir dövrdə İslam aləminin qarşılaşdığı problemlər barədə fikirlərini bölüşərək bildirib ki, bu çağırışların öhdəsindən gəlmək üçün İslam dünyasının birliyə ehtiyacı var. Tədbirdə İslam həmrəyliyinin möhkəmləndirilməsi üçün Azərbaycanın irəli sürdüyü təşəbbüslər və təkliflər, həyata keçirdiyi tədbirlər barədə də ətraflı məlumat verilib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Parlament İttifaqı Konfransının 17-ci sessiyası  çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə Parlament İttifaqı yanında, Parlament İttifaqına isə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yanında müşahidəçi statusunun verilməsi məsələsi müzakirə olunub və bu məsələ üzv parlamentlər tərəfindən dəstəklənib.

Sonra Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri ilə Parlament İttifaqının baş katibi tərəfindən bu iki qurum arasında əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi keçirilib.

Spiker bildirib ki, beləliklə, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi birinci konfransdan sonra, yəni 6 ay ərzində artıq sayca ikinci beynəlxalq təşkilatda müşahidəçi statusu əldə edib. 

Milli Məclisin sədri Əlcəzairdə keçirdiyi bir sıra ikitərəfli görüşlər barədə də məlumat verib. O, bildirib ki, Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali, Malayziya Nümayəndələr Palatasının sədri Cohari Abdul, Oman Şura Məclisinin sədri Şeyx Xalid bin Hilal Al Mavali ilə danışıqlarda dövlətlərarası münasibətlərin parlament ölçüsünün inkişaf yolları və bir sıra digər məsələlər müzakirə edilib. 

Spiker qeyd edib ki, o, həm Parlament İttifaqı Konfransının  17-ci sessiyasında etdiyi çıxışda, həm də ikitərəfli görüşlərdə, o cümlədən İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə qeyri-rəsmi görüşdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı yanvarın 27-də törədilmiş terror aktı barədə münasibətimizi ifadə edərək bildirib ki, Azərbaycan bu terror aktının obyektiv və hərtərəfli araşdırılmasını tələb edir.

Milli Məclisin sədri hər iki səfərdə iştirak edən  deputat həmkarlarına təşəkkürünü bildirib.

Sonra Sahibə Qafarova diqqətə çatdırıb ki, yanvar ayında bir sıra nümayəndə heyətləri, o cümlədən Səudiyyə Ərəbistanı parlamentinin Azərbaycanla dostluq qrupunun 8 üzvü Milli Məclisin qonağı olub. Hazırda isə Türkiyə Böyük Millət Məclisinin 8 deputatı və İndoneziya parlamentinin 12 deputatı Milli Məclisin qonağıdırlar. Milli Məclisin deputatları üzv olduğumuz beynəlxalq parlament təşkilatlarının fəaliyyətində yanvar ayında da yaxından iştirak ediblər və xarici ölkələrdə işgüzar səfərlərdə olublar. Avropa Şurası Parlament Assambleyasında 12 deputatımız təmsil olunub, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında 2 həmkarımız iştirak edib. Çilidə 1, Türkiyədə 2, İtaliyada 1 nəfər deputatımız səfərdə olub və Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin 4 üzvü Strasburqa ezam olunub.

Milli Məclisin sədri xatırladıb ki, bildiyiniz kimi, yanvar ayının 19-da Avropa Parlamentində Azərbaycana qarşı növbəti çirkin siyasi aksiya təşkil edilib, yalan və saxta məlumatlar üzərində qurulan bir qətnamə qəbul olunub.

Bununla əlaqədar Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin Azərbaycandan olan üzvləri bəyanat qəbul ediblər.

Bəyanatda Avropa Parlamentinin qətnaməsinin  qeyri-obyektiv və qərəzli xarakter daşıması tutarlı faktlarla sübut edilib.

Spiker diqqətə çatdırıb ki, bilik və təcrübə mübadiləsi, həmçinin dövlət qulluqçularının peşə bacarıqlarını artırmaq məqsədlə yanvar ayının ortalarında Milli Məclis Aparatının 10 əməkdaşı  Ankara şəhərinə ezam olunublar və Türkiyə Böyük Millət Məclisi Aparatının fəaliyyəti ilə yaxından tanış olublar.

Spiker çıxışında Milli Məclisin indiyədək əldə etdiyi uğurları bu sessiyada da davam etdirəcəyinə və daha da artıracağına əminliyini ifadə edib. O, deyib ki, yaz sessiyasında bizi çox işlər gözləyir.

Milli Məclisin sədri deyib ki, əlbəttə, bu sessiya və il ərzində fəaliyyətimizin ən mühüm mövzusu xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbirlər olacaq. 

Heydər Əliyev Azərbaycan xalqının minillik tarixi ərzində yetişdirdiyi ən böyük siyasi və dövlət xadimlərindən biridir.

Azərbaycanın ən yeni tarixinin otuz ildən artıq bir dövrü bu böyük şəxsiyyətin fəaliyyəti ilə sıx bağlıdır. Onun xidmətləri sayəsində  xalqımız əvvəlcə siyasi və iqtisadi müstəqilliyin möhkəm təməlini yaratmış, daha sonra isə müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bilmişdir. Bugünkü qüdrətli Azərbaycan Ulu Öndərin xalqa məhəbbətinin, Vətən yolunda fədakarlığının parlaq nişanəsidir. Artıq həm Milli Məclisin, həm də komitələrin yubileylə bağlı tədbirlər planları hazırlanıb.

Spiker qeyd edib ki, parlamentin Ulu Öndərin əziz xatirəsinə həsr olunan xüsusi iclası keçiriləcəkdir. Yubiley münasibəti ilə bir sıra digər önəmli tədbirlərin təşkil edilməsi də nəzərdə tutulur. 

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı barədə danışan Sahibə Qafarova diqqətə çatdırıb ki, işlər planı hazırlanıb və bu gün müzakirə olunacaq.

Bu sessiyada biz qanun layihələrini müzakirə etməklə yanaşı, Konstitusiyanın tələbinə uyğun olaraq, Nazirlər Kabinetinin hesabatını dinləyəcəyik.

Bundan əlavə, Milli Məclisin iclaslarından birində 2022-ci ilin dövlət büdcəsinin icrası haqqında məsələ müzakirəyə təqdim ediləcək. Həmçinin, sessiyada Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun illik hesabat, məlumat və məruzələri də dinləniləcək.

Spiker qeyd edib ki, Milli Məclisin beynəlxalq əlaqələrini daha da möhkəmləndirmək və inkişaf etdirmək üçün lazımi tədbirlər görüləcək. Bu məqsədlə üzv olduğumuz beynəlxalq təşkilatlarda fəaliyyətimiz yenə də ardıcıl olaraq davam etdiriləcək, bir sıra xarici səfərlər həyata keçiriləcək, xarici ölkələrin parlament sədrləri və nümayəndə heyətləri isə Bakıda qonaq olacaqlar.

Çıxışının sonunda Milli Məclisin sədri parlamentin yaz sessiyasının yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib və deputat həmkarlarına uğurlar arzulayıb.

Sonra iclasın gündəliyi təsdiqlənib və cari məsələlərin müzakirəsinə başlanılıb. Komitə sədri Zahid Oruc, deputatlar Kamran Bayramov, Nizami Səfərov, Elnur Allahverdiyev, Əminə Ağazadə, Elşən Musayev, Afət Həsənova, Elman Nəsirov, Vüqar Bayramov, Fəzail Ağamalı yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı  törədilmiş terror aktı barədə fikirlərini açıqlayıblar.

Millət vəkilləri bu xain terror aktını qətiyyətlə pisləyərək, onun obyektiv şəkildə araşdırılmasını və təqsirkarların müəyyən edilərək cəzalandırılmasını tələb ediblər.  Qeyd edilib ki, bu hadisə beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Deputatlar Azərbaycan səfirliyinə olan hücumun ikitərəfli münasibətlərə ciddi təsir etdiyini və bu hadisəyə görə İran dövlətinin məsuliyyət daşıdığını söyləyiblər.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bugünkü iclasda 21 məsələ müzakirə olunacaq. O, qeyd edib ki, ilk 3 məsələ Milli Məclisin qərar layihələridir.

Spiker bildirib ki, parlamentin fəaliyyəti qanunvericilik işləri planı əsasında qurulur və həmin plan hər növbəti sessiyanın birinci iclasında qəbul olunur. O, deyib ki, bugünkü gündəliyin birinci məsələsi məhz yaz sessiyasının qanunvericilik işləri planı haqqındadır. Plan 9 bənddən ibarətdir.

Məsələ ilə bağlı müzakirələrdə çıxış edən parlamentin komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlardan Qüdrət Həsənquliyev, Fazil Mustafa, Jalə Əliyeva, Vahid Əhmədov, Əliabbas Salahzadə, Bəhruz Məhərrəmov, Etibar Əliyev, Əziz Ələkbərov yaz sessiyasının qanunvericilik işləri planı haqqında fikirlərini açıqlayıblar. Millət vəkilləri sənədin məqsədəmüvafiq olduğunu söyləyiblər, planda qeyd olunan qanun layihələrinin əhəmiyyəti barədə danışıblar, bir sıra təkliflərini səsləndiriblər.

Müzakirələrin sonunda Milli Məclisin 2023-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında  Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra spiker Sahibə Qafarova 2-ci məsələ ilə əlaqədar bildirib ki, Daxili Nizamnamənin 41-ci maddəsinə uyğun olaraq, Milli Məclisin İntizam komissiyası yenidən yaradılmalıdır.

İntizam komissiyasının yaradılması haqqında qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri 3-cü məsələ ilə bağlı qeyd edib ki, Daxili Nizamnamənin 40-cı maddəsinə əsasən, Milli Məclisin Hesablayıcı Komissiyası da yenidən yaradılmalıdır.

Hesablayıcı komissiyasının yaradılması haqqında qərar layihəsi də səsə qoyularaq qəbul edilib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti üç məsələsi beynəlxalq sənədlərin təsdiq edilməsi haqqında qanun layihələridir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən, bu qanun layihələri bir oxunuşda baxılıb, qəbul edilməlidir.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev “İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanun layihəsini təqdim edib.

Millət vəkili deyib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Tədqiqat Mərkəzinin Nizamnaməsi 2021-ci il martın 4-də keçirilmiş 14-cü Zirvə Toplantısı zamanı imzalanıb. O, Tədqiqat Mərkəzinin yaradılmasının Azərbaycanda “Heydər Əliyev İli”nə təsadüf etməsinin xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Qeyd edib ki, 2002-ci ildə təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının İstanbulda keçirilmiş Zirvə görüşündə Bakı şəhərində Tədqiqat Mərkəzinin yaradılmasına dair təklif məhz Ulu öndər Heydər Əliyev tərəfindən səsləndirilmişdir.

Bildirilib ki, Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi tədqiqatlarla bağlı regional əməkdaşlığın gücləndirilməsi və təşkilata üzv dövlətlərə yardım etməkdir. Bakı şəhərində  fəaliyyət göstərəcək Tədqiqat Mərkəzi, eyni zamanda, İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Mərkəzi statusuna da sahib olacaq. Mərkəzin strukturu Qəyyumlar Şurası, Elmi Şura və İcra Komitəsindən ibarət olacaq. Qəyyumlar Şurasının tərkibində təşkilatın Baş katibi və Mərkəzin prezidenti fəaliyyət göstərəcək. Preambula və 11 maddədən ibarət Nizamnamənin rəsmi dili ingilis dilidir və 3 üzv dövlət tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə bu komitənin müsbət rəyini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev “GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Sazişə dair malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsini təqdim edib.

Diqqətə çatdırılıb ki, adıçəkilən Protokol 2002-ci il iyulun 20-də Yalta şəhərində keçirilmiş GUÖAM-ın Zirvə Toplantısında imzalanıb. Bu Protokol yuxarıda sözügedən Sazişin ayrılmaz hissəsidir və razılığa gələn tərəflər bütün prosedurları yerinə yetirdikləri barədə ikinci bildirişin depozitariyə saxlanması üçün verilən tarixdən qüvvəyə minir.

Qeyd edilib ki, protokol 3 qoşmanı özündə ehtiva edir. Bura malın müəyyən ölkə mənşəli hesab olunması üçün həmin ölkədə yerinə yetirilən şərtlərin, istehsalat və texnoloji əməliyyatların siyahısı, həmçinin forma və malın mənşəyi haqqında sertifikatın əlavə sənədi aiddir. Layihə regionda iqtisadi inkişafa xidmət edəcək və qarşılıqlı faydalı əməkdaşlığa yeni imkanlar yaradacaq.

Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin  sənədlə bağlı rəyini səsləndirdikdən sonra qanun layihəsi qəbul edilib.

Spiker Sahibə Qafarova qeyd edib ki, növbəti iki məsələ Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsini nəzərə çatdırıb. O, bildirib ki, Beynəlxalq Əmək Təşkilatının 155 nömrəli Konvensiyasının ratifikasiya imkanları araşdırılıb, milli qanunvericiliklə müqayisə edilib və müəyyən olunub ki, mahiyyət etibarilə əmək qanunvericiliyimiz əməyin təhlükəsizliyi və gigiyenası, istehsalat mühiti üzrə nəzəri əsasları müəyyən edən bu Konvensiya ilə ziddiyyət təşkil etmir. Sənəd ratifikasiya edildikdən sonra bu sahədə milli qanunvericiliyimiz  Konvensiyanın tələblərinə uyğun olaraq daha da təkmilləşdiriləcək.

Komitə sədri Nazirlər Kabinetinin müvafiq qərarı ilə Dövlət Əməyin Mühafizəsi Fondunun yaradıldığını və  ölkəmizdə 155 nömrəli Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün bu Fondun vəsaitlərindən istifadə edilməsinin nəzərdə tutulduğu söyləyib. O, bu qanun layihəsinin təsdiqinin əlavə maliyyə yükü yaratmadığını da qeyd edib.

Sonra Musa Quliyev növbəti məsələni - Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edərək deyib ki, Məcəlləyə təklif olunan dəyişiklik Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 1981-ci il tarixli 155 nömrəli Konvensiyasının təsdiqi ilə əlaqədardır. Bildirilib ki, Əmək Məcəlləsinin 220-ci maddəsinə “Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkmirlər” məzmununda 6-cı hissənin əlavə edilməsi nəzərdə tutulub.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə sənədlə bağlı bu komitənin müsbət rəy verdiyi diqqətə çatdıraraq, ölkəmizin beynəlxalq konvensiyalara hörmətlə yanaşdığını söyləyib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri nəzərə çatdırıb ki, müvafiq Konstitusiya qanununun tələbinə əsasən, gündəliyin 8-ci, 9-cu və 10-cu məsələləri bir oxunuşda qəbul ediləcək.

Sonra Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib. Bildirilib ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən "Tibbi sığorta haqqında" Qanunda edilməsi nəzərdə tutulan dəyişiklik icbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqinin 2024-cü ilin yanvarın 1-nə qədər təxirə salınması ilə bağlıdır. Bu Qanunun 15-28.3 və 15-28.4-cü maddələrinə əsasən, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir. Əhalinin tibbi xidmətlərə əlçatanlığı və icbari tibbi sığorta üzrə işlərin görülməsi və sistemin formalaşdırılması məqsədilə layihədə Qanunun qeyd olunan müvafiq maddələrinin tətbiqinin 2024-cü il 1 yanvar tarixinə kimi təxirə salınması nəzərdə tutulub.

Deputatlar Ceyhun Məmmədov və Elşad Mirbəşir oğlu məsələ ilə bağlı fikirlərini səsləndirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. O, bildirib ki, cari ilin əvvəlində Prezidentin müvafiq fərman və sərəncamları  ilə ölkə üzrə 4-cü dərin sosial islahatlara start verilib. Bütün kateqoriyalardan olan vətəndaşların pensiyalarının sığorta hissəsi artırılıb. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda vahid tarif cədvəli üzrə  çalışanların, habelə özəl sektorda çalışan 450 mindən çox insanın da əmək haqları artırılıb.

Komitə sədri diqqətə çatdırıb ki, qanun layihəsində təklif edilən dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 2023-ci il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunur. Dəyişiklik ölkə Prezidentinin sosial islahatlarının vahid tərkib hissəsidir və  vətəndaşlarımızın sosial rifahının gücləndirilməsinə xidmət edəcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Fasilədən sonra Milli Məclis işini davam etdirib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Qeyd olunub ki, adı çəkilən Qanunun 2-ci maddəsində nəzərdə tutulan yoxlamalar istisna olmaqla, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılmışdır. Dəyişikliyə əsasən, həmin müddətin 2024-cü il yanvarın 1-dək uzadılması nəzərdə tutulur. O, bu sahədə yoxlamaların dayandırılmasının sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün əlverişli imkanların yaradacağını və biznes mühitinə müsbət təsir göstərəcəyini söyləyib.

Deputatlar Etibar Əliyev və İltizam Yusifov məsələyə dair fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin spikeri Sahibə Qafarova bildirib ki, gündəlikdəki növbəti 11 qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib.

Bildirilib ki, dəyişikliklərə əsasən, "Fövqəladə vəziyyət haqqında" Qanuna sosial xarakterli fövqəladə mühit rejiminin hüquqi əsaslarını müəyyən edən yeni fəslin əlavə edilməsi nəzərdə tutulub. Layihədə sosial xarakterli fövqəladə mühitin, həmçinin sosial xarakterli fövqəladə mühit rejiminin anlayışları verilib. Müəyyən olunur ki, sosial xarakterli fövqəladə mühit Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində əhalinin həyat fəaliyyəti şəraitinin pozulmasına, o cümlədən insanların ölümünə, əhalinin sağlamlığına, əmlaka və ya ətraf mühitə əhəmiyyətli dərəcədə zərərin vurulmasına səbəb olan və ya səbəb ola bilən fövqəladə halların nəticəsində yaranan, lakin fövqəladə vəziyyətin tətbiq edilməsinə əsas hesab edilməyən mühitdir. Sosial xarakterli fövqəladə mühit rejimi isə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məhdudlaşdırılmadan belə, fövqəladə mühitin aradan qaldırılması ilə bağlı dövlət orqanları tərəfindən təxirə salınmadan və qarşılıqlı əlaqəli şəkildə tədbirlərin həyata keçirilməsini təmin edən xüsusi hüquqi rejimdir. Sosial xarakterli fövqəladə mühit rejimi müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktı ilə Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq edilir.

Bu tədbirlərin təxirəsalınmadan və qarşılıqlı əlaqəli şəkildə həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaxud qərargah yaradılır.

Layihə qüvvəyə mindikdən sonra üç qaydanın təsdiq edilməsi nəzərdə tutulur - 1. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə komissiyanın, yaxud qərargahın fəaliyyət qaydası, 2. Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin növləri və həyata keçirilməsi qaydası, 3. Dövlət ehtiyatlarının yaradılması, istifadə edilməsi və bərpası qaydası.

Komitə sədri qanun layihəsinin preventiv xarakter daşıdığını, yəni fövqəladə vəziyyətin tətbiqinə qədər olan vəziyyətlə bağlı olduğunu söyləyib.

Məsələ ilə bağlı müzakirələrdə deputatlar Qüdrət Həsənquliyev, Fazil Mustafa, Azay Quliyev, Nigar Arpadarai, Hikmət Məmmədov sənəd barədə fikirlərini və bəzi qeydlərini bildiriblər.

Komitə sədri Ziyafət Əsgərov səsləndirilən fikirlərə münasibətini açıqladıqdan sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Diqqətə çatdırılıb ki, qanun layihəsi Azərbaycan Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya"da nəzərdə tutulan məqsədlərin həyata keçirilməsinə xidmət edir.

Konseptual baxımdan strategiya dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması, dövlət qulluğu sisteminin inkişafı məqsədilə institusional quruculuq, kadr siyasəti, dövlət qulluğunun informasiya təminatının yaxşılaşdırılması sahəsində və bir sıra əlaqəli sahələrdə əsaslı tədbirləri nəzərdə tutur.

Layihədə təklif olunan dəyişikliklər mahiyyətcə substantiv xarakter daşıyır və dövlət qulluğu haqqında qanunvericiliyin “Normativ hüquqi aktlar haqqında” Qanunun tələblərinə uyğunluğunu təmin edir. Ümumiyyətlə, dəyişikliklərin əksəriyyəti qanunvericilik texnikası tələblərinin təmin edilməsi istiqamətindədir. Qanunun mövcud redaksiyasının bir sıra maddələrində texniki-terminoloji dəyişikliklər edilib. Sənəddə dövlət qulluğunda inzibati və yardımçı vəzifələrin təsnifatında dəyişikliklər, dövlət qulluqçularının rotasiyasının həyata keçirilməsi ilə bağlı  düzəlişlər də nəzərdə tutulub.

Müzakirələr zamanı deputatlar Etibar Əliyev və Qüdrət Həsənquliyev sənəd barədə bəzi qeydlərini səsləndiriblər. Nizami Səfərov qaldırılan məsələlərə aydınlıq gətirib.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin digər iki məsələsi də Prezidentin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə bir-birinə bağlıdırlar.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini təqdim edib.

Bildirilib ki, hər iki sənəd "Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2021-ci il 15 iyul tarixli fərmanının icrası çərçivəsində kənd təsərrüfatı təyinatlı torpaqlardan, o cümlədən örüş, otlaq və biçənək üçün torpaq sahələrindən istifadə sahəsində mövcud problemlərin aradan qaldırılması, torpaqların icarəyə və istifadəyə verilməsi mexanizminin təkmilləşdirilməsi və bu sahədə nəzarətin gücləndirilməsi məqsədilə hazırlanıb.

Təklif olunan dəyişikliklərdə kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə əlaqədar prosesin "Elektron kənd təsərrüfatı" informasiya sistemi (EKTİS) vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub. Hazırda bu sahə üzrə torpaq istifadəçilərinin və təsərrüfatların qeydiyyatı EKTİS vasitəsilə aparılır, həmçinin dövlət dəstəyinin tətbiq edilməsi üçün zəruri informasiyaların sistemə daxil edilməsi təmin olunur. Bununla da torpaqların istifadəsi ilə bağlı ayrı-ayrı qurumların işinin EKTİS üzərindən vahid yanaşma ilə əlaqələndirilmiş formada təşkili həyata keçiriləcək, torpaqların icarəyə verilməsi ilə əlaqədar müvafiq məlumatların daşınmaz əmlakın dövlət reyestrindən EKTİS-ə real vaxt rejimində ötürülməsi təmin ediləcək, icarəçilərin rahatlığını təmin etmək üçün müddəti on bir aydan az olan icarə və istifadə hüquqlarının tanınması daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tələbi götürülməklə birbaşa EKTİS-ə daxil edilməklə tənzimlənəcək.

Komitə sədri Siyavuş Novruzov, deputatlar Tahir Kərimli, Razi Nurullayev, Qüdrət Həsənquliyev bir sıra qeydlərini səsləndiriblər.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Parlamentin sədri növbəti 3 məsələnin də Prezidentin bir məktubu ilə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu deyib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrinə dair məlumat verib.

Bildirilib ki, qanun layihələri ölkəmizdə nəqliyyat sahəsinin daha da təkmilləşdirilməsi və bu istiqamətdə dövlət siyasətinin aparılması üçün hədəflərə çatmaqda yeni alətlərin yaradılmasını və mühitin təkmilləşdirilməsini özündə ehtiva edir.

Diqqətə çatdırılıb ki, Gömrük Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı qanun layihəsi gömrük orqanlarının beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsi sahəsində vəzifələrinin ləğvi məqsədilə hazırlanıb. Bundan irəli gələrək həmin icazə blanklarının verilməsinə görə gömrük orqanları tərəfindən tutulan dövlət rüsumları da ləğv edilir.

Vergi Məcəlləsinə dəyişikliklərlə əlaqədar qanun layihəsi ölkə ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahiblərinə və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslərə tətbiq olunan yol vergisinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Sənədə əsasən, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər yol vergisi ödəyicisi, həmin şəxslərə məxsus nəqliyyat vasitələri isə yol vergisinin obyekti hesab olunurlar.

“Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişiklik "Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinə uyğun olaraq hazırlanıb və beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsi ilə bağlı gömrük orqanları tərəfindən tutulan bəzi dövlət rüsumlarının ləğvini nəzərdə tutur.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Spiker gündəliyin növbəti iki məsələsinin də Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birilə bağlı olduğunu bildirib.

Sonra İqtisadi siyasət, sənaye və sahıbkarlıq komitəsinin sədri Tahir Mirkişili həmin qanun layihələrini təqdim edib.

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı bildirilib ki, sənəddə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə icazənin verilməsi üçün müraciət qaydası, müraciətə baxılması, zəruri hallarda nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət marşrutunun aidiyyəti hissələrinin elektrik, rabitə, su, qaz təchizatı, neft-qaz, dəmir yolu idarə və təşkilatları, avtomobil yollarının digər mülkiyyətçiləri ilə razılaşdırılması məsələsi, habelə daşıyıcıya icazənin verilməsindən imtina məsələləri tənzimlənir.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair qeyd olunub ki, layihə "Avtomobil nəqliyyatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb və ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumunun məbləğini müəyyən edir.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Parlamentin sədri gündəlikdəki son iki məsələnin də Prezident tərəfindən Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu deyib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, layihə mülki hüququn institutu olaraq borc müqaviləsi və onun tərkib hissəsi olan kredit müqaviləsi üzrə münasibətlərin mülki qanunvericilik çərçivəsində tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi, xüsusilə bu sahədə borcalanların hüquqlarının qorunmasının təmin edilməsi, habelə Məcəllənin əqdlərlə və öhdəliklərlə bağlı bəzi normalarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Sənədə əsasən, Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun pul məbləğini ödəməsini gecikdirməsinə görə kreditorun tələb edə biləcəyi məbləğ məhdudlaşdırılır. Bununla yanaşı, əqd, o cümlədən müqavilə ilə bağlı bir sıra tələblərin, habelə öhdəliyin icrası ilə bağlı bir sıra müddəaların yalnız müqavilə ilə deyil, eyni zamanda məcəllə, qanun və digər normativ hüquqi aktlarla tənzimlənməsi zərurətini nəzərə alaraq, bu barədə müvafiq maddələrə  düzəlişlər təklif olunur. Məcəllənin müvafiq maddələrində həmçinin kredit müqaviləsinin bağlanma qaydası və məzmununa tələblər, kredit müqaviləsi üzrə illik faiz dərəcəsinin hesablanması, öhdəliyin təminatının itirilməsi və yaxud dəyərinin azalmasının hüquqi nəticələri, borc vaxtından əvvəl ödənildikdə borcverənin zərərin əvəzinin ödənilməsi üçün kompensasiya tələb etməsi, ödəniş üsullarından asılı olaraq ödəniş vaxtının hesablanması qaydası, kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddia müddəti, kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlərin hesablanma qaydası və sair məsələlər tənzimlənir. Məcəlləyə bir sıra digər düzəlişlərin edilməsi də nəzərdə tutulur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin bu qanun layihəsi ilə bağlı müsbət rəyini diqqətə çatdırıb. O, sənədin vətəndaşların hüquqlarının qorunmasına xidmət etdiyini söyləyib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Kredit ittifaqları haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Banklar haqqında” və “Bank olmayan kredit təşkilatları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, layihə "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinə uyğun olaraq  hazırlanıb. Qeyd olunub ki, "Kredit ittifaqları haqqında", "Tütün və tütün məmulatı haqqında", "Banklar haqqında" və "Bank olmayan kredit təşkilatları haqqında" qanunlara müvafiq uyğunlaşdırıcı müddəa əlavə edilir. Ailə Məcəlləsində isə dəqiqləşdirmə xarakterli düzəliş edilərək "kredit idarələri" ifadəsi "kredit təşkilatları" ifadəsi ilə əvəz olunur.

Bu qanun layihəsi ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev həmin komitələrin müsbət rəylərini diqqətə çatdırıblar.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin cari ilin yaz sessiyasındakı ilk plenar iclası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU