Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində TBMM nümayəndə heyəti ilə görüş
Fevralın 1-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.
Qonaqları salamlayan Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanla Türkiyə arasında olan qardaşlıq münasibətlərindən danışıb. O, bildirib ki, dövlət başçılarımızın yüksək səviyyəli dostluğu sayəsində bu gün biz həyatın bütün sahələrində yaxın əməkdaşlıq əlaqələri qurmuşuq. Səməd Seyidov qarşılıqlı səfərlərin bu münasibətlərin möhkəmlənməsinə xidmət etdiyini deyərək, bu səfərin əlaqələrimizin daha da genişlənməsinə öz töhfəsini verəcəyinə inamını bildirib.
Komitə sədri Azərbaycan və Türkiyə arasında parlamentlər səviyyəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu, parlamentarilərimizin beynəlxalq təşkilatlarda bir-birilərini dəstəklədiyini qeyd edib. O, İrandakı səfirliyimizə qarşı törədilmiş terror aktı ilə bağlı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında bəyanat yayarkən, Azərbaycan nümayəndə heyətinə Türkiyə millət vəkillərinin yaxın dəstəyini qeyd edib. Səməd Seyidov Azərbaycan və Türkiyə müttəfiqliyinin, xarici siyasət sahəsində əməkdaşlığının qlobal və regional miqyasda sülhün qorunması üçün əhəmiyyətini vurğulayıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlər, xüsusən cənab Prezident İlham Əliyev ilə keçirilən görüş barədə xoş təəssüratlarını bölüşüb. O, Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması xəbərini böyük sevinc hissi ilə qarşıladıqlarını dilə gətirib. Şamil Ayrım Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illik yubileyinin üst-üstə düşməsini əlamətdar hadisə kimi dəyərləndirib, Ümummilli Liderlə bağlı xatirələrini bölüşüb.
Görüşdə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva, komitə üzvləri Asim Mollazadə, Tural Gəncəliyev, Ramin Məmmədov, Nigar Arpadarai, Rasim Musabəyov, Nəsib Məhəməliyev, Elman Nəsirov, Kamran Bayramov, TBMM-in millət vəkilləri Yaşar Karadağ, Orhan Erdem, Yunus Kılıç, Tülay Kaynarca, Uğur Bayraktutan iki ölkə arasında dinamik inkişaf edən dostluq və əməkdaşlıq münasibətləri barədə fikirlərini bölüşüblər. Deputatlar ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini vurğulayıblar, bu əməkdaşlığın regionda və dünyada sülhün möhkəmləndirilməsinə verəcəyi töhfələrlə bağlı fikirlərini səsləndiriblər.
Söhbət zamanı Türkiyə və Azərbaycan arasında müttəfiqlik münasibətlərinin sarsılmaz olduğu bildirilib, iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi