Milli Məclisin sədri Sahibə Qafarova İndoneziya Nümayəndələr Palatasının Azərbaycanla parlamentlərarası dostluq qrupu ilə görüşüb

Sədrin görüşləri
02 fevral 2023 | 18:24   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova fevralın 2-də İndoneziya Respublikası Nümayəndələr Palatasının ölkəmizdə səfərdə olan İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Muhammad İqbalın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova Azərbaycan və İndoneziya arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinin razılıq doğurduğunu bildirib. Parlamentin sədri ötən il Azərbaycanla İndoneziya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu diqqətə çatdırıb.

Sahibə Qafarova ölkələrimizin BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarda yaxın əməkdaşlığından danışıb, İndoneziyanın bu təşkilatlarda həmişə Azərbaycanı dəstəkləməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini qeyd edib. 

Dövlətlərimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin önəmli rolunu vurğulayan Milli Məclisin sədri, qanunvericilik orqanlarının səmərəli əməkdaşlığının daha da genişləndirilməsinin, həmçinin dostluq qrupları səviyyəsində əlaqələrin  əhəmiyyətindən bəhs edib. Milli Məclisin sədri bildirib ki, deputatlarımız bir sıra beynəlxalq təşkilatların parlament qurumlarında səmərəli əməkdaşlıq edirlər. Spiker Sahibə Qafarova, xüsusilə, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlığı qeyd edərək, İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharaninin Parlament Şəbəkəsinin Madriddə keçirilən təsis konfransında, həmçinin, İndoneziya nümayəndə heyətinin bu təşkilatın ötən ilin 30 iyun - 1 iyul tarixlərində keçirilmiş Bakı Konfransında iştirakını yüksək qiymətləndirib. O, eyni zamanda, Milli Məclisin ASEAN Parlamentlərarası Assambleyasına müşahidəçi üzv qəbul olunmasını xatırladaraq, bu təşkilat çərçivəsində də əlaqələrin əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı Sahibə Qafarova bir neçə gün əvvəl Əlcəzairdə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının 17-ci sessiyası çərçivəsində İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharani ilə görüşündən, iki ölkənin parlamentlərarası münasibətlərinin inkişaf perspektivlərindən danışıb.

Milli Məclisin sədri 44 günlük Vətən müharibəsində ölkəmizin əldə etdiyi şanlı Qələbə, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib. Spiker diqqətə çatdırıb ki, Azərbaycan Ermənistana beynəlxalq hüququn prinsipləri əsasında sülh sazişinin imzalanmasını təklif etsə də, Ermənistan danışıqlarda destruktiv mövqe nümayiş etdirir və sülh müqaviləsini imzalamaqdan boyun qaçırır.

Səmimi sözlər üçün təşəkkürünü bildirən İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Muhammad İqbal nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharaninin salamlarını Milli Məclisin sədri Sahibə Qafarovaya çatdıraraq, bir neçə ay əvvəl İndoneziyada keçirilən “Böyük İyirmilik” ölkələrinin Parlament Sədrlərinin 8-ci Sammitində iştirak etdiyinə görə Sahibə Qafarovaya təşəkkürünü bildirib. Dostluq qrupunun rəhbəri, İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharani ilə Milli Məclisin sədri Sahibə Qafarova arasında sıx əlaqələrin parlamentlərarası münasibətlərin inkişafında mühüm rol oynayacağını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev, qrupun üzvləri Hikmət Məmmədov, Elman Nəsirov, Əliabbas Salahzadə, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU