SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
13 fevral 2013 | 05:02   
Paylaşın:        

Fevralın 13-də Milli Məclisin Sosial siyasət Komitəsinin iclası keçirildi.
Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə 7 məsələ daxil edilmişdir. Məlumat verildi ki, “Reklam haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin reklamının yayımı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməlidir. “Dərman vasitələri haqqında” qanuna da eyni məzmunlu düzəliş təklif olunur ki, dərman vasitələrinin üzərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası yapışdırılsın.
 İclasda həmçinin İnzibati Xətalar Məcəlləsinə, “Veteranlar haqqında”, “Əmək pensiyaları haqqında”, “Könüllü fəaliyyət haqqında” qanunlara, həmçinin “Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi Əsasnamə”yə təklif olunan dəyişikliklər də müzakirə olundu. Bildirildi ki, bu qanunlara təklif olunan dəyişikliklərin çoxu dəqiqləşdirmə məqsədi daşıyır. “Əmək pensiyaları haqqında” və “Veteranlar haqqında” qanunlara təklif olunan dəyişikliklər isə bu qanunların “Sosial xidmət haqqında” Qanuna uyğunlaşdırılmasını özündə ehtiva edir.
Komitə üzvlərinin müzakirə olunan layihələrlə bağlı fikirləri dinlənildikdən sonra gündəlikdəki bütün məsələlər Milli Məclisin iclasında müzakirəyə tövsiyə edildi.

 

Milli Məclisin
Mətbuat xidməti  


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU