Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının Nümayəndələr Palatasının sədri ilə görüşüb

Sədrin səfərləri
08 fevral 2023 | 10:24   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Nümayəndələr Palatasının sədri Hanafi Gibali ilə görüşüb.

Azərbaycan parlament rəhbərinin Misirə səfərindən məmnunluğunu ifadə edən Nümayəndələr Palatasının sədri bu səfərin parlamentlərarası əlaqələrin inkişafına əhəmiyyətli dərəcədə təkan verəcəyinə inandığını bildirib. İki ölkə arasında diplomatik münasibətlərin 30 illik dövrünə diqqət yetirən Hanafi Gibali ötən dövr ərzində əldə olunmuş nailiyyətləri, əlaqələrin mövcud vəziyyətini yüksək qiymətləndirib. O, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin cari ilin yanvar ayında Azərbaycana işgüzar səfərinə, səfər çərçivəsində aparılmış danışıqlara və əldə olunmuş razılaşmalara toxunaraq, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Palata sədri təhsil, mədəniyyət, turizm və ticarət sahələrində əməkdaşlığın, işgüzar dairələr arasında təmasların artırılmasının əhəmiyyətinə toxunub.

İki ölkə parlamentləri arasında əlaqələrin yüksək səviyyədə olmasına diqqət çəkən Hanafi Gibali bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu deyib. Palata sədri bildirib ki, hər iki parlamentdəki dostluq qruplarının əməkdaşlığı bu baxımdan xüsusən faydalı olacaqdır.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyətinə toxunan Hanafi Gibali Azərbaycanın Parlament Şəbəkəsinin yaradılması təşəbbüsünü və bu çərçivədə gördüyü işləri yüksək qiymətləndirib. O, Misir parlamentinin özünü Parlament Şəbəkəsinin bir hissəsi kimi gördüyünü və Şəbəkə çərçivəsində işbirliyini daha da gücləndirməyə tam hazır olduğunu vurğulayıb.

Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, Azərbaycanla Misir arasında əlaqələrin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Onun sözlərinə görə, münasibətlərimizin inkişafında dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər və görüşlər vacib əhəmiyyətə malikdir. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ilin mayında Misirə rəsmi səfəri, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin cari ilin 27-28 yanvar tarixlərində Azərbaycana işgüzar səfərləri Misir-Azərbaycan münasibətləri tarixində mühüm rola malikdir.

Bu gün ölkələrimiz arasında əlaqələrin bir çox sahələri əhatə etdiyini deyən spiker Sahibə Qafarova, həmçinin bildirib ki, Azərbaycanla Misirin beynəlxalq təşkilatlar, xüsusən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyəti, qarşılıqlı dəstəyi də məmnunluq doğurur.

Görüşdə spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, ölkələrimiz arasında olan münasibətlərdə parlamentlərin öz yeri var. Bu gün parlamentlərimiz arasında səmərəli əməkdaşlıq qurulub və bu əməkdaşlığı daha da dərinləşdirmək üçün yaxşı imkanlar mövcuddur. Parlament sədrlərinin və üzvlərinin qarşılıqlı səfərləri, görüşləri bu əməkdaşlığın inkişafına mühüm təkan verir. Onun sözlərinə görə, dostluq qrupları öz fəaliyyətləri ilə parlamentlərimiz arasında körpü rolunu oynayırlar.

Həmçinin qeyd olunub ki, parlamentlərimiz arasında beynəlxalq parlament təşkilatları - Parlamentlərarası İttifaq və İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı çərçivəsində də yaxşı əməkdaşlıq təcrübəsi var. Yeni yaranmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi də birgə səylərimizlə parlamentlərarası əməkdaşlığın səmərəli platformasına çevriləcək. Sahibə Qafarova qeyd edib ki, dostluq qruplarımızın qarşılıqlı səfərləri, müvafiq komitələrin təcrübə mübadiləsi, əməkdaşlığı ilə parlamentlərimiz arasında əlaqələri daha da gücləndirə bilərik.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə və öz ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yaranmış vəziyyət barədə məlumat verən Milli Məclisin sədri qeyd edib ki, hazırda ölkəmiz işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işləri aparır. Artıq keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına geri qaytarılmasına başlanıb. Təəssüf ki, həmin ərazilərdəki bütün şəhərlərimiz, kəndlərimiz, tarixi, mədəni, dini abidələrimiz yerlə yeksan edilib. 67 məsciddən 65-i tamamilə dağıdılıb. Bu da Ermənistanın islamofob mahiyyətinin göstəricisidir. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin təşəbbüskarı məhz Azərbaycan olmasına və 5 əsas prinsip əsasında sülh sazişinin imzalanmasını təklif etməsinə baxmayaraq, Ermənistan danışıqlarda destruktiv mövqe nümayiş etdirir və Üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozur.

Spiker Sahibə Qafarova deyib ki, Ermənistan sülhə maneə yaradan destruktiv davranışlarından çəkinməli və sülh sazişinin imzalanması üçün real addımlar atmalıdır. Bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasının yeganə yoludur.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU