Milli Məclisin sədri Sahibə Qafarova Mərakeşin ölkəmizdəki səfiri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova fevralın 16-da Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarşla görüşüb.
Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanır və siyasi sahədə yaxşı əlaqələr mövcuddur. Azərbaycanla Mərakeş beynəlxalq təşkilatlar çərçivəsində daim yaxından əməkdaşlıq edir, bir-birini dəstəkləyir. Mərakeş Azərbaycanın beynəlxalq səviyyədə, xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində təşəbbüslərini hər zaman dəstəkləyib.
Görüşdə münasibətlərin genişlənməsində qarşılıqlı səfərlərin rolu vurğulanaraq, bildirilib ki, bu səfərlər təkcə dövlətlərimiz arasında deyil, insanlarımız arasında da əlaqələrin dərinləşməsinə töhfə verə bilər. Xalqlarımız bir çox ortaq baxışları bölüşürlər. Multikulturalizm, digərlərinə hörmət, islamofobiyanın rədd edilməsi kimi məsələlər xalqlarımızın tarixi-mənəvi dəyərləri sırasındadır.
O cümlədən, qeyd olunub ki, deputatlar arasında təmasların, qarşılıqlı səfərlərin artırılması parlamentlərimiz arasında daha geniş əlaqələrin yaradılmasına imkan verə bilər. Həmçinin, parlamentlərimizdə fəaliyyət göstərən dostluq qruplarının əməkdaşlığı, onların birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, parlamentarilərimizin birgə işləyə biləcəyi islamofobiyaya, beynəlxalq münasibətlər sistemində müşahidə olunan ikili standartlara qarşı birgə mübarizə və bu kimi digər mövzular çoxdur.
Milli Məclisin sədri Sahibə Qafarova Mərakeşin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin işində fəal iştirakı, o cümlədən, bu platformanın Madriddə keçirilən təsis, Bakıda keçirilən Birinci konfransında təmsil olunmasını yüksək qiymətləndirərək, Parlament Şəbəkəsinin institusional inkişafı, qarşıda duran vəzifələr barədə danışıb.
Görüşdə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə, ərazi bütövlüyümüzün bərpa olunması, hazırda işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verilib, Azərbaycan və Mərakeşin ərazi bütövlüyü məsələsində də bir-birini dəstəklədiyi diqqətə çatdırılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi