“Heydər Əliyev İli”nə həsr olunmuş XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Milli Məclisdə olublar

Tədbirlər
20 fevral 2023 | 17:08   
Paylaşın:        

Fevralın 20-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev “Heydər Əliyev İli”nə həsr olunmuş XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüşüb. Görüşdə deputatlar Emin Hacıyev, Jalə Əhmədova, Ramil Həsən və Könül Nurullayeva iştirak ediblər.

Tədbir iştirakçılarını Azərbaycan parlamentində görməkdən məmnunluğunu bildirən vitse-spiker Adil Əliyev onlara Milli Məclisin sədri Sahibə Qafarovanın salamlarını çatdırıb. O, Beynəlxalq Multikulturalizm Qış Məktəbi çərçivəsində  qonaqların Azərbaycanın multikulturalizm ənənələri ilə yaxından tanış olacağını qeyd edərək, onlara Azərbaycanda həyata keçirilən gənclər və idman siyasəti  haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan multikulturalizm ölkəsi olmaqla yanaşı, həm də dövlət rəhbərinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində dünyada idman ölkəsi kimi də tanınır.

Adil Əliyev rəhbərlik etdiyi parlament komitəsinin gənclər və idman sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində gördüyü işlərdən danışıb, gənclər siyasətinin əsas hədəfinin fiziki və mənəvi baxımdan sağlam, yaxşı təhsilli və vətənpərvər gənclər yetişdirmək olduğunu vurğulayıb. Gəncliyin müasir dövrün neqativ təsirlərinə qarşı dayanıqlı olmasının da vacibliyinə toxunan komitə sədri bu istiqamətdə gənclərimizin ideoloji təhlükəsizliyinin təməlində duran azərbaycançılıq məfkurəsindən söz açıb.

Gənclərin beynəlxalq idman yarışlarında, digər müxtəlif tədbirlərdə bir araya gəlməsinin onların  bir-birini tanıması, ünsiyyəti üçün önəmli platformalar olduğunu deyən Adil Əliyev Beynəlxalq Multikulturalizm Qış Məktəbinin keçirilməsini buna əyani misal kimi göstərib, bu tədbiri multikulturalizmin praktik və real bir modeli kimi xarakterizə edib. O, Multikulturalizm Qış məktəbinin öz işini uğurla başa vuracağına və iştirakçıların Azərbaycandan xoş təəssüratlarla ayrılacaqlarına inamını ifadə edib.

Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İnformasiya təminatı və sənədlərlə iş şöbəsinin müdiri Yadigar Məmmədli səmimi görüş üçün minnətdarlığını bildirib, XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi barədə danışıb.

Tədbir qonaqların suallarının cavablandırılması və onları maraqlandıran mövzuların müzakirəsi ilə davam edib.

Sonra görüş iştirakçıları Ulu Öndər Heydər Əliyevin parlamentin inzibati binasının foyesində ucaldılmış abidəsi və  burada yaradılmış Zəfər Guşəsi, həmçinin Milli Məclisin plenar iclas zalı ilə tanış olublar.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU