Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Komitə iclasları
21 fevral 2023 | 16:55   
Paylaşın:        

Fevralın 21-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.

İclası açan komitə sədri Sadiq Qurbanovun təklifi ilə qardaş Türkiyədə baş verən güclü zəlzələ səbəbindən dünyasını dəyişmiş insanların – bacı və qardaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Türkiyədə baş vermiş bu dəhşətli faciənin nəticələrinin aradan qaldırılmasına kömək göstərmək üçün Azərbaycan xalqının və dövlətinin bütün imkanlarını səfərbər etdiyini söyləyən komitə sədri Türkiyənin bu sınaqdan da üzüağ çıxacağına inamını ifadə edib.

Sonra komitə sədri bu günün Beynəlxalq Ana Dili Günü olduğunu qeyd edərək Ulu Öndər Heydər Əliyevin ana dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində gördüyü müstəsna xidmətlərindən danışıb.

Sonra Sadiq Qurbanov iclasın gündəliyini açıqlayaraq, gündəlikdə bir məsələnin - “Elektroenergetika haqqında” yeni qanun layihəsinin birinci oxunuşda müzakirəsi olduğunu bildirib.

Azərbaycanın dünyanın, xüsusən də Avropanın enerji təhlükəsizliyində yüksələn rolundan bəhs edən komitə sədri, eyni zamanda, ölkəmizdə energetikanın inkişafının və ixrac potensialının artmasının bu sahədə yaranan münasibətlərin müasir tələblərə uyğun yenidən tənzimlənməsi zərurəti yaratdığını vurğulayıb və qanun layihəsinin təqdimatı üçün sözü energetika nazirinin müavini Samir Vəliyevə verib.

Nazir müavini bildirib ki, sənəd Azərbaycanın energetika sistemində islahatların həyata keçirilməsi istiqamətində mühüm addımların atılması üçün hüquqi zəmin yaradacaq. Müstəqilliyin ilk illərində formalaşdırılmış hazırkı elektroenergetika modelinin çatışmazlıqlarından danışan nazir müavini mövcud modelin resurslardan səmərəli istifadəni tam stimullaşdırmadığını, onun dayanıqlılığının dövlətin böyük maliyyə yükü hesabına təmin olunduğunu qeyd edib. Hazırkı sistemin özəl investisiyalar üçün də əlverişli olmadığını söyləyən nazir müavini, yeni qanun layihəsinin energetika sahəsində rəqabətli mühit yaradacağından, investisiyaları və yeni texnologiyaları cəlb edəcəyindən danışıb.

Energetika Nazirliyinin Elektrik və istilik enerjisi şöbəsinin müdiri Ələsgər Həsənov qanun layihəsinin detalları barədə məlumat verərək sənədin qəbulundan sonra energetika sistemində rəqabətqabiliyyətli (istehsal və satış) və tənzimlənən fəaliyyətlərin (ötürmə və paylama) ayrılacağını bildirib, elektrik enerjisinin topdan və pərakəndə satış tariflərinin tənzimlənməsinə toxunub, bu sahədə səmərəliliyin artırılması işlərindən bəhs edib. O, qanun layihəsinin üç mərhələdə tətbiq olunacağını bildirərək, mərhələlər üzrə görüləcək işlərdən danışıb.

Qanun layihəsinin müzakirəsində komitə sədri Sadiq Qurbanov, komitə sədrinin müavini Asim Mollazadə, üzvləri Naqif Həmzəyev, Məşhur Məmmədov, Afət Həsənova, Fatma Yıldırım, Anar Məmmədov, Əliabbas Salahzadə, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov çıxış ediblər, layihə ilə bağlı fikirlərini bölüşüblər. Deputatlar qanun layihəsinin aktuallığını qeyd edərək, Azərbaycanın energetika sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını təqdirlə qarşılayıblar, sənədin vətəndaşlara verəcəyi fayda, elektrik enerjisinin keyfiyyətinə təsiri, yerli şirkətlərin rəqabətə hazırlığı, müasir texnologiyaların cəlb edilməsi kimi məsələlərlə bağlı suallarını səsləndiriblər.

Energetika nazirinin müavini Samir Vəliyev, bu nazirliyin Elektrik və istilik enerjisi şöbəsinin müdiri Ələsgər Həsənov və Hüquq şöbəsinin müdiri İbrahim Ağayev deputatların səsləndirdikləri sualları cavablandırıblar, qaldırdıqları məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin sonunda “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Milli Məclisin Mətbuat və
 ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU