Milli Məclisin deputatları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda olublar

Tədbirlər
22 fevral 2023 | 14:46   
Paylaşın:        

Milli Məclisin bir qrup deputatı - Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, komitə sədrinin müavini Sabir Hacıyev, komitə üzvləri Novruzəli Aslanov, Azər Badamov, Müşfiq Cəfərov, Emin Hacıyev, Aydın Hüseynov və İqbal Məmmədov Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) gələrək burada qurumun fəaliyyəti ilə yaxından tanış olublar.

Əvvəlcə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev və komitə üzvləri ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli arasında görüş keçirilib.

Görüşdə Qoşqar Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, həmçinin “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı” və 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun çərçivəsində görülən işlərdən danışıb.

Deputatlara, həmçinin AQTİ-nin fəaliyyət istiqamətləri haqqında məlumat verilib. Qeyd edilib ki, respublikada qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə institutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev və deputat Azər Badamov institutda bitki və heyvan mənşəli məhsulların, qidaların tərkibini dəqiq müayinə edən mükəmməl laboratoriya və avadanlıqların, kadr potensialının olmasını yüksək dəyərləndiriblər.

Sonra deputatlar AQTİ-nin laboratoriyalarında cihaz və avadanlıqlara baxıblar. Onlar, həmçinin bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laboratoriya müayinə üsulları ilə tanış olublar, laboratoriya sınaqlarının aparılması prosesini izləyiblər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU