Milli Məclisin və Meksika Deputatlar Palatasının parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında görüş

Tədbirlər
28 fevral 2023 | 15:45   
Paylaşın:        

Fevralın 28-də Milli Məclisin və Meksika Deputatlar Palatasının parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında görüş keçirilib.

Milli Məclisin Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva Azərbaycan və Meksika arasında dostluq və əməkdaşlığın möhkəm təməllər üzərində qurulduğunu vurğulayaraq, bu münasibətlərin ildən-ilə daha da inkişaf etdiyini qeyd edib. O, parlament diplomatiyasının ölkələr arasındakı əlaqələrə töhfəsindən danışaraq, parlamentlərarası münasibətlərin genişləndirilməsinin, dostluq qrupları arasında daha sıx əlaqələrin qurulmasının vacibliyini vurğulayıb.

Jalə Əliyeva bu səfərin bəşəriyyətin qarşılaşdığı ən böyük faciələrdən olan Xocalı qətliamının 31-ci ildönümünə təsadüf etdiyini söyləyib. O, Meksika parlamentinin 2011-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı faciəsi ilə bağlı obyektiv gerçəkliyi əks etdirən sənədlər qəbul etdiyini qeyd edib. Azərbaycanın ən ağrılı probleminə ədalətli münasibət bəsləyən dost Meksikanın Vətən müharibəsi günlərində haqqa və ədalətə sadiq qalaraq, ölkəmizin yanında olduğunu, beynəlxalq hüququ dəstəklədiyini minnətdarlıqla vurğulayıb.

Jalə Əliyeva Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfərindən bəhs edərək bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz əzəli torpaqlarını Ermənistanın işğalından azad edib, ərazi bütövlüyünü bərpa edib.

Meksika parlamentinin Deputatlar Palatasının Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Alberto Viyya Viyyeqas çıxış edərək ölkəmizə səfərindən məmnunluğunu bildirib.

Meksika parlamentində bir sıra digər ölkələrlə dostluq qruplarında həm üzv, həm rəhbər kimi çalışdığını söyləyən Alberto Viyya Viyyeqas Azərbaycanla əlaqələrin tamamilə fərqli, diplomatiyadan əlavə, dərin dostluq münasibətlərinə əsaslandığını vurğulayıb. O, deyib ki, dostluq qrupları iki xalqın dostluğu əsasında gələcəkdə daha yaxşı işlər görə, çağırışlara cavab verə bilər. Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, həmçinin bildirib ki, ökələrimiz arasında müxtəlifliklərin olmasına baxmayaraq, bir çox sahədə eyni dəyərləri bölüşürük.

Görüşdə Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Tural Gəncəliyev və İltizam Yusifov çıxış edərək ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.

Sonra meksikalı parlamentarilər Xavyer Kasike Zarate, Elva Aqustina Vigil Ernandez, Navor Alberto Rohas Mansera çıxış ediblər.

Söhbət zamanı iki ölkə arasında parlamentlərarası, siyasi, iqtisadi, ticarət, mədəni, humanitar, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov, Meksikanın ölkəmizdəki səfiri Mariya Viktoriya Romero Kabalyero iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU