Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Komitə iclasları
01 mart 2023 | 16:17   
Paylaşın:        

Martın 1-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.

İclası açan komitə sədri Sadiq Qurbanov bildirib ki, gündəliyə bir məsələ - “Elektroenergetika haqqında” yeni qanun layihəsinin ikinci oxunuşda müzakirəsi daxil edilib.

Qanun layihəsinin birinci oxunuşda müzakirəsi və deputatlar tərəfindən qaldırılan sualların cavablandırılması barədə danışan komitə sədri sənədin Azərbaycanın elektroenergetika sahəsinin inkişafına, özəl investisiyalar üçün şəraitin, rəqabət mühitinin formalaşmasına, eyni zamanda, energetika sistemində səmərəliliyin artırılmasına, istehlakçıların mənafeyinin, məhsul və xidmətlərin keyfiyyətinin təmin olunmasına xidmət edəcəyini bildirib. Layihəni enerji sektorunun yeni mərhələyə hazırlanması kimi xarakterizə edən komitə sədri, onun daha dayanıqlı, səmərəli və keyfiyyətli enerji istehsalına şərait yaradacağını,  habelə təmiz ətraf mühit, enerjinin diversifikasiyası, yaşıl iqtisadiyyat kimi strateji inkişaf prioritetlərinə də uyğun olduğunu diqqətə çatdırıb.

Qanun layihəsinin müzakirəsində komitə sədrinin müavini Asim Mollazadə, üzvləri Naqif Həmzəyev, İltizam Yusifov, Nəsib Məhəməliyev çıxış ediblər. Deputatlar qanun layihəsini  gələcəyə yönəlik yanaşma kimi dəyərləndiriblər, sənədin istehlakçılara gətirəcəyi faydalar, ölkəmizdə energetikanın inkişafına və ixrac potensialının artmasına göstərəcəyi təsirlər haqqında fikirlərini bölüşüblər, qeydlərini səsləndiriblər.

Müzakirələrin sonunda “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş) baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda deputatlar Anar Məmmədov, Məşhur Məmmədov, Əliabbas Salahzadə,  Fatma Yıldırım, Mixail Zabelin və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və

 ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU