SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
20 fevral 2013 | 05:02   
Paylaşın:        

Fevralın 20-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə iki məsələ daxil edilib.
Öncə “İctimai iştirakçılıq haqqında” qanun layihəsi təqdim olundu. Sənəd barədə danışan Milli Məclis Aparatının əməkdaşı məlumat verdi ki, 20 maddədən ibarət qanun layihəsi deputat Azay Quliyevin təşəbbüsü ilə hazırlanıb. İndiyədək layihə parlamentin iki komitəsində müzakirə olunub və plenar iclasa tövsiyə edilib. Sənəddə əsas məqsəd ölkə vətəndaşlarını dövlətin idarə olunmasında iştiraka cəlb etməkdir, taleyüklü qərarların qəbulunda vətəndaşların rəyinin nəzərə alınmasına hüquqi təminat yaradılmasıdır. Bu gün Azərbaycan demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin yaradılması yolunda qətiyyətli addımlar atır. Ona görə də, bütün demokratik cəmiyyətlərdə olduğu kimi, ölkəmizdə də insanların baş verənlərə münasibət bildirməsi, öz mövqeyini ortaya qoyması mühüm amildir. Yeni qanun vətəndaşların Azərbaycan Konstitusiyasının 55-ci maddəsində təsbit olunmuş hüquqlarının reallaşdırılmasına daha bir hüquqi zəmin yaradacaq və ictimai rəyin müvafiq strukturlar tərəfindən nəzərə alınması mexanizmini tənzimləyəcək.
Gündəlikdəki birinci məsələ barədə məlumat dinlənildikdən sonra müzakirələr aparıldı. Qeyd olundu ki, belə bir qanunun qəbul edilməsi dövrün tələbindən irəli gələn zərurətdir. Fikir mübadiləsində sənədin əhəmiyyəti vurğulanmaqla yanaşı layihədəki ayrı-ayrı müddəalara dair irad və təkliflər də nəzərə çatdırıldı. Deyilən fikirlərin layihədə nəzərə alınması vacibliyi vurğulandı. Müzakirələrin yekununda deputatları maraqlandıran suallara cavab verildi.
Sonra komitə sədri Hadi Rəcəbli “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə layihəni şərh etdi. Bildirdi ki, sənədə təklif olunan dəyişiklik əhalinin sağlamlığının möhkəmləndirilməsi və xəstəliklərin profilaktikası məqsədi ilə yeyinti məhsullarının mikronutriyentlərlə zənginləşdirilməsinin tətbiqini nəzərdə tutur.
Hər iki məsələnin müzakirəsində Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev, deputatlar Yaqub Mahmudov, Rauf Əliyev, Məlahət İbrahimqızı, Sevinc Hüseynova, İlham Məmmədov, iclasda iştirak edən BMT Uşaq Fondunun – UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Rəşid Mustafa ətraflı fikir mübadiləsi apardılar, iradlarını və təkliflərini bildirdilər.
Komitə hər iki qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyə etdi.
 


Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU