Milli Məclisdə görüş

Tədbirlər
07 mart 2023 | 15:15   
Paylaşın:        

Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev martın 7-də Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədr müavini Şolban Kara-oolunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayaraq idmanın və bədən tərbiyəsinin Azərbaycanda populyarlaşmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən vitse-spiker Ulu Öndər tərəfindən bu sahədə sistemli və kompleks yanaşmanın əsasının qoyulmasından danışıb. O, Prezident İlham Əliyevin uğurlu idman siyasəti nəticəsində ölkəmizin dünyanın qabaqcıl idman ölkəsinə çevrilməsindən bəhs edib, Azərbaycanın nüfuzlu beynəlxalq idman yarışlarına evsahibliyi etdiyini vurğulayıb.

2015-ci ildən Azərbaycan parlamentində Gənclər və idman komitəsinin fəaliyyət göstərdiyini deyən vitse-spiker parlament komitəsinin gənclər və idman sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində gördüyü işlərdən danışıb.

Azərbaycan və Rusiya arasında qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli münasibətlərdən söz açan Adil Əliyev ölkələrimizin bütün sahələrdə olduğu kimi idman sahəsində də yaxşı əlaqələr qurduğunu deyib. O, bu müsbət əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini bildirib.

Göstərilən qonaqpərvərliyə və səmimi sözlərə görə təşəkkür edən Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədr müavini Şolban Kara-ool Azərbaycanda bütün sahələrdə olduğu kimi, idman sahəsində də görülən işlərin, əldə olunan nailiyyətlərin dost ölkə kimi onları çox sevindirdiyini deyib və idman sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Söhbət zamanı idman sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, fəal təcrübə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri Ülvi Quliyev, Ramil Həsən, Sevinc Hüseynova, Könül Nurullayeva, Şahin İsmayilov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU