Aqrar siyasət komitəsinin iclasında
Martın 14-də Milli Məclisin Aqrar siyasət komitəsinin yaz sessiyasında növbəti iclası keçirilib. Komitə sədri Tahir Rzayev iclasda iki sənədin – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və “Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli Sazişdə dəyişiklik edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihələrinin müzakirəyə çıxarıldığını deyib.
Əvvəlcə, iclasda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) təqdim olunub. Komitə sədri bildirib ki, layihə adıçəkilən qanunların “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbləri nəzər alınmaqla təkmilləşdirilməsi, onların müddəalarının qanunvericilik texnikasının parametrlərinə uyğunluğunun təmin edilməsi məqsədi ilə hazırlanıb.
Diqqətə çatdırılıb ki, İnzibati Xətalar Məcəlləsinin 289.0.4-cü maddəsinə, “Polis haqqında” Qanunun 14-cü maddəsinin 6-cı bəndinə və “Atçılıq haqqında” Qanunun 11.2-ci və 11.3-cü maddələrinə dövlət baytarlıq nəzarətini həyata keçirən orqanın səlahiyyətlərinin dəqiqləşdirilməsi ilə bağlı müvafiq dəyişikliklər edilib.
Qeyd olunub ki, “Baytarlıq haqqında” Qanuna yeni 15.3-1-ci maddənin əlavə edilməsi nəzərdə tutulub. Əlavəyə əsasən, ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan xarici ölkələr və idxalı qadağan olunmuş mallar barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun informasiya sistemi vasitəsilə real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun informasiya sisteminə ötürülür.
Sonra “Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli Sazişdə dəyişiklik edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsinə baxılıb.
Tahir Rzayev nəzərə çatdırıb ki, Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının 9 oktyabr 1992-ci il tarixli iclasında “Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında” Saziş imzalanıb. Azərbaycan həmin Sazişə 10 aprel 1998-ci ildə qoşulub.
O, bildirib ki, 2021-ci il 28 may tarixində imzalanmış protokol ilə yuxarıda qeyd olunan sazişlə təsdiq edilmiş Geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi üzrə Dövlətlərarası Şura haqqında Əsasnamə yeni redaksiyada verilir. Əsasnamədə Şuranın funksiyaları, onun tərkibi, fəaliyyətinin təşkili, üzvlərinin hüquq və vəzifələri barədə müddəalar öz əksini tapıb. Bununla yanaşı, Şuranın Katibliyinin funksiyaları və Şuranın prosedur qaydaları müəyyən edilir.
Müzakirələr zamanı komitə üzvləri Novruzəli Aslanov, Cavanşir Paşazadə, İqbal Məmmədov, Aydın Hüseynov çıxış edərək, təqdim olunan layihələri məqbul hesab ediblər. Deputatlar, habelə kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə, suvarma ilə bağlı mövcud vəziyyət barədə fikirlərini və bəzi qeydlərini açıqlayıblar.
Komitə sədri Tahir Rzayev qaldırılan məsələlərə münasibət bildirib. O, qeyd olunan sahələrdə görülən tədbirlərdən danışıb, bu istiqamətdə yeni texnologiyaların tətbiqinin, əhali arasında maarifləndirmə işinin aparılmasının əhəmiyyətindən bəhs edib.
Müzakirələrin sonunda iclasda təqdim olunan hər iki qanun layihəsi Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi