AŞPA-nın tədbirlərində
Milli Məclisin deputatı, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva AŞPA çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etmək üçün martın 15-də Mərakeş Krallığının Mərakeş şəhərinə, martın 27-də isə İslandiyanın paytaxtı Reykyavik şəhərinə səfər edəcək.
Mərakeş şəhərində martın 15-dən 18-nə kimi AŞPA-nın Sosial məsələlər, səhiyyə və dayanıqlı inkişaf komitəsinin iclası keçiriləcək. İclasda beynəlxalq ticarətdə demokratiya və hüququn, ətraf mühitin qorunması, ictimai səhiyyədə fövqəladə vəziyyət, təbii fəlakətlərə hazırlıq və onların nəticələrinə qarşı siyasi strategiyalar və digər məsələlərə baxılacaq.
İslandiyanın paytaxtı Reykyavik şəhərində isə martın 27-dən aprelin 1-nə kimi “Uşaqlara investisiya: rifahın açarı” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Konfransda uşaqlar üçün göstərilən dövlət xidmətlərinə və ayrılan vəsaitlərə xərc prizmasından deyil, investisiya kimi yanaşmağın üstünlükləri ilə bağlı məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
Sevinc Fətəliyeva tədbirlərdə müzakirə olunacaq məsələlərə münasibət bildirəcək.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi