VII Sankt-Peterburq Beynəlxalq Əmək Forumunda
Martın 15-də VII Sankt-Peterburq Beynəlxalq Əmək Forumu çərçivəsində hibrid formatda təşkil olunmuş beynəlxalq konfrans keçirilib.
“MDB iştirakçı dövlətlərinin ərazisində beynəlxalq miqrasiya proseslərinin tənzimlənməsi” mövzusuna həsr olunmuş konfransda Milli Məclisin deputatı, MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının sədri Nizami Səfərov, MDB ölkələrindən olan parlamentarilər, ekspertlər, alimlər və siyasətçilər, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirə videoformatda qatılan Milli Məclisin deputatı Nizami Səfərov diqqətə çatdırıb ki, birlik dövlətlərinin parlamentariləri sosial və əmək sahəsinə, əmək məhsuldarlığının artırılmasına, təhsil, peşə hazırlığı və digər məsələlərə diqqət yetirirlər. MDB PA-nın fəaliyyət göstərdiyi illər ərzində bu sahədə bir sıra model qanunlar və tövsiyələr qəbul olunub. İclasda Nizami Səfərov MDB daxilində miqrasiya proseslərinin tənzimlənməsi, əmək miqrantlarının hüquqlarının qorunması, insan alveri ilə mübarizə barədə fikirlərini bölüşüb.
Sonra tədbirdə MDB ölkələrində ümumi əmək bazarının formalaşması, xarici mütəxəssislərin daxili əmək bazarına cəlb olunmasının stimullaşdırılması, əmək miqrasiyasında rəqəmsal informasiya texnologiyalarının tətbiqi, əmək məhsuldarlığının artırılması və digər məsələlərə baxılıb, müzakirələr aparılıb.
Konfransın sonunda müzakirə olunan məsələlərlə bağlı yekun tövsiyələr qəbul olunub.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi