Dağıstan parlamentariləri ilə görüşdə
Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev və parlamentin Elm və təhsil komitəsinin üzvləri martın 15-də Rusiya Federasiyası Dağıstan Respublikası Milli Şurasının sədri Zaur Askendərovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan vitse-spiker dost və qonşu olan Dağıstanla münasibətlərin Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını bildirib. Adil Əliyev Azərbaycanla Rusiya arasındakı strateji əməkdaşlıq və tərəfdaşlıq münasibətlərindən söz açıb, bu əlverişli zəmində Rusiya Federasiyasının subyektləri, o cümlədən Dağıstan Respublikası ilə əlaqələrimizin inkişaf etməkdə olduğunu qeyd edib.
Azərbaycanda idmanın və bədən tərbiyəsinin inkişafına sistemli və kompleks yanaşmanın təməlinin Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyən vitse-spiker cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin dünyanın qabaqcıl idman ölkəsinə çevrilməsindən bəhs edib.
Ölkədə gənclər və idman sahəsində qanunvericiliyin təkmilləşdirilməsindən danışan Adil Əliyev bu istiqamətdə həyata keçirilən dövlət proqramları və görülən işlər barədə məlumat verib. Vitse-spiker Azərbaycan gəncliyinin öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirdiyini, ölkədə gedən proseslərin daim önündə olduğunu bildirib, gənclərimizin 44 günlük Vətən müharibəsində də öz əzmini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.
Göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edən Dağıstan parlamentinin sədri Zaur Askendərov ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli münasibətlərə toxunub, Azərbaycan və Dağıstan xalqlarının çoxəsrlik dostluq əlaqələrindən, qarşılıqlı əməkdaşlıq imkanlarından danışıb.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Azərbaycanda təhsilin və elmin inkişafına göstərilən dövlət dəstəyindən, yaradılan qanunvericilik bazasından, bu sahədə aparılan islahatlardan, tətbiq edilən yeniliklərdən, əldə olunan nailiyyətlərdən bəhs edib. O, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə təhsil və digər infrastrukturların viran edilməsinə toxunaraq Azərbaycan dövlətinin bu istiqamətdə genişmiqyaslı layihələr həyata keçirdiyini deyib. Komitə sədri Azərbaycan və Dağıstan arasında elm və təhsil sahəsində qurulan əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərindən danışıb.
Dağıstan parlamentinin sədr müavini Kamil Davdiyev, Təhsil və elm komitəsinin sədri Yelena Pavlyuçenko, Mədəniyyət, gənclər, idman və turizm komitəsinin sədri Murat Paizulaev, Dağıstanın mədəniyyət naziri Zarema Butaeva Azərbaycan və Dağıstan arasında idman, fiziki tərbiyə, gənclər, təhsil, mədəniyyət və turizm sahələrində əlaqələrin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.
Söhbət zamanı qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, fəal təcrübə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.
Görüşdə deputatlar Musa Qasımlı, Azər Badamov, Aqiyə Naxçıvanlı, Şahin İsmayılov, Ramil Həsən və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi