Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib

Plenar iclaslar
17 mart 2023 | 19:12   
Paylaşın:        

Martın 17-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

Parlamentin sədri Sahibə Qafarova iclası açaraq bildirib ki, bu gün yaz sessiyasının beşinci iclasıdır və Konstitusiyaya uyğun olaraq, Nazirlər Kabineti 2022-ci ildəki fəaliyyətinə dair hesabat verir.

Spiker qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu strategiya ölkəmizdə təşəkkül tapmış makroiqtisadi sabitliyi və maliyyə dayanıqlığını daha da möhkəmləndirməyə, iqtisadi inkişaf və təhlükəsizlik sahəsində dövlət siyasətinin prioritetlərini və məqsədlərini təmin etməyə imkan yaratmışdır. O, bildirib ki, dövlət başçısı tərəfindən ölkəmizin inkişafı sahəsində strateji hədəflərin müəyyən edilməsi hökumətin fəaliyyətində məqsədyönlülüyü və səmərəliliyi yüksəltmişdir.

Sahibə Qafarova diqqətə çatdırıb ki, ötən il ümumi daxili məhsul 4,6 faiz artmışdır. O, xüsusi vurğulayıb ki, iqtisadi artım əsasən qeyri-neft sektoru hesabına əldə olunmuş, ixrac 2 dəfədən çox artmış, ölkənin valyuta ehtiyatları il ərzində 5,3 milyard dollar artaraq 58,5 milyard dollara çatmışdır.

Milli Məclisin sədri çıxışında deyib ki, bu gün Azərbaycanın malik olduğu resurslar böyük miqyaslı infrastruktur layihələrini həyata keçirməyə imkan verir və işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam etdirilir.

Milli Məclisin spikeri Azərbaycan Respublikasının nail olduğu inkişaf səviyyəsinin möhtərəm Prezident tərəfindən daha gözəl ifadə olunduğunu bildirib: “Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil”.

Parlamentin sədri qeyd edib ki, Nazirlər Kabinetinin illik hesabatlarının Milli Məclisdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artmasına, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində deputatların iştirakına şərait yaradır.

O, deyib ki, ötən il Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı irəli sürülmüş təkliflər, həmişə olduğu kimi, yenə də Hökumət tərəfindən diqqətlə araşdırılmışdır. Bu təkliflərin icra vəziyyətinə dair ətraflı məlumat parlamentə təqdim edilmişdir. Eyni zamanda, artıq 3 ildir ki, hesabata ayrıca olaraq, Milli Məclis deputatlarının sosial və infrastruktur obyektlərinin əsaslı təmirinə və tikintisinə, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına dair təkliflərinin icrası barədə məlumat da daxil edilir.

Sahibə Qafarova deputatların bu gün aparılacaq müzakirədə də fəal iştirak edəcəklərinə, səmərəli təkliflər irəli sürəcəklərinə inamını bildirib və Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim etmək üçün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova söz verib.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edib.

Baş nazir bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, uğurlu xarici və daxili siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da artıb, milli iqtisadiyyatımızın inkişafı davam etdirilib, müdafiə qabiliyyəti gücləndirilib, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Hesabat ilində hökumət tərəfindən iqtisadi fəallığın təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, müdafiə və ordu quruculuğu, təhsil və səhiyyə sisteminin inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində mühüm tədbirlər görülüb.

O, qeyd edib ki, Nazirlər Kabinetində il ərzində 462 qərar qəbul edilib, 820 sərəncam imzalanıb. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq Hökumət tərəfindən hazırlanan “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” Prezidentin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilib. Hökumətin vəzifəsi Strategiyanın yeni inkişaf mərhələsindəki hədəflərinə çatmaq, ölkəmizin qüdrətli dövlətə çevrilməsini təmin etməkdir. Diqqətə çatdırılıb ki, BMT-nin 2022-ci ildə təqdim etdiyi “Dayanıqlı İnkişaf üzrə Hesabat”ında Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına dair indeks üzrə Azərbaycan regionda ən yaxşı nəticə göstərərək, 163 ölkə arasında 50-ci yerdə qərarlaşıb. 2022-ci ildə qlobal geosiyasi gərginlik və Rusiya-Ukrayna münaqişəsi şəraitində dünya iqtisadiyyatında qeyri-müəyyənliklər və resessiya risklərinə baxmayaraq, Azərbaycanda iqtisadi artım davam edib.

Məlumat verilib ki, 2022-ci ildə ölkədə 133,8 milyard manatlıq və ya 2021-ci illə müqayisədə 4,6% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Qeyri-neft sektoru üzrə ÜDM-in artımı 9,1%, qeyri-neft sənayesində 7,1%, kənd təsərrüfatı istehsalında 3,4% artım olub. Əhalinin hər nəfərinə düşən ÜDM isə 4,1% artaraq 13,3 min manat  təşkil edib. Ötən il  xarici ticarət dövriyyəsi təxminən 56,2 mlrd. ABŞ dollarına çatıb. 2021-ci illə müqayisədə xarici ticarət dövriyyəsi 57,7% artıb. Strateji valyuta ehtiyatları 5,3 mlrd. ABŞ dolları artaraq 58,5 mlrd. ABŞ dolları təşkil edib və xarici birbaşa dövlət borcunu 8 dəfədən çox üstələyir. Hazırda  ehtiyatlarımız 62,5 milyard ABŞ dollarıdır, artım isə 2 ayda 4 milyard ABŞ dolları təşkil edib. 2022-ci ilin sonuna xarici birbaşa dövlət borcunun məbləği 9,5% azalaraq 6,7 milyard ABŞ dolları olub və ÜDM-in 8,5%-ni təşkil edir. Hesabat ili ərzində vergi və gömrük daxilolmaları üzrə yığımlar proqnozdan 4,8 milyard manatdan çox olub və bu da 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılmasına (dürüstləşməyə), sosial və investisiya yönümlü xərclərin artımına imkan verib. Bütövlükdə, 2022-ci ildə dövlət büdcəsinin gəlirləri təxminən 31 milyard manat, xərcləri isə 32 milyard manat icra olunub.

Bildirilib ki, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9 faiz təşkil edib. Xüsusilə ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib. Buna baxmayaraq, yüksək neft qiymətləri şəraitində tədiyyə balansının profisitli olması, valyuta bazarında tarazlıq, qəbul edilmiş makro-fiskal çərçivə parametrləri və monetar şərait inflyasiya təzyiqlərini nisbətən məhdudlaşdırmışdır. Antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında Nazirlər Kabinetinin 2022-ci il 21 fevral tarixli Sərəncamına əsasən, müvafiq Tədbirlər Planı təsdiq edilib və hesabat ili ərzində aidiyyəti dövlət qurumları tərəfindən görülən tədbirlər inflyasiya proseslərinə azaldıcı təsir göstərib.

Əli Əsədov deyib ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı daxili bazarda özünütəminat səviyyəsinin qorunması və əhalinin əsas ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması istiqamətində vacib işlər görülüb. Əsas ərzaq məhsulları üzrə ehtiyatların yaradılması ilə bağlı qərarlar qəbul olunub. Minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı ilə məşğul olan sahibkarlara güzəştli şərtlərlə kreditlər, faiz subsidiyaları və vergi-gömrük güzəştləri verilib. Ötən il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 540 milyon manat vəsait sərf edilib. Ölkə Prezidentinin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanına uyğun olaraq, 2023-cü ildə müvafiq tədbirlərin həyata keçirilməsi üçün 180 milyon manat vəsait nəzərdə tutulub. Prezidentin müvafiq sərəncamları ilə regionların sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsindən 208 milyon manat vəsait ayrılıb. Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün vacib olan su problemlərinin həlli ilə bağlı lazımi addımlar atılıb, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunur. Əsas su anbarlarında suyun həcmi 1 yanvar 2023-cü il tarixinə 12,5 milyard kubmetr təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 600 milyon kubmetr, 2020-2021-ci illərlə müqayisədə 2 milyard kubmetrdən çoxdur.

Baş nazir diqqətə çatdırıb ki, hesabat ilində əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əmək haqlarının, əmək pensiyalarının, sosial müavinətlərin və təqaüdlərin, xüsusən də aztəminatlı təbəqənin sosial ödənişlərinin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub. 2022-ci ildə minimum əmək haqları 20% artırılaraq 250 manatdan 300 manata çatdırılıb. Minimum pensiya məbləği 20%, sosial müavinətlər və Prezident təqaüdləri 26% artırılıb. Aylıq müavinətlərin orta məbləği üzrə artım 33% təşkil edib. Ümumilikdə, ötən il ərzində 3,4 milyon nəfəri əhatə edən və əlavə illik maliyyə yükü 2,1 milyard manat olan sosial islahat paketi həyata keçirilib. 2022-ci ildə dövlət büdcəsi xərclərinin 11 milyard 577 milyon manatı və ya 36 faizi sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib.

Hesabatda bildirilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə, şəhid ailələrinə, həmçinin sosial cəhətdən həssas təbəqədən olan digər ailələrə postmüharibə dövründə 4500-dən artıq, o cümlədən 2022-ci ildə 1500 mənzil təqdim edilib. Keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təminatı üçün 2022-ci ilin dövlət büdcəsindən 365 mln. manat vəsait yönəldilib. Silahlı Qüvvələrin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, ordu quruculuğu, dövlətin milli təhlükəsizliyinin gücləndirilməsi və hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş xüsusi tədbirlər görülüb.

Əli Əsədov son dövrlərdə Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təminində və nəqliyyat dəhlizlərinin inkişafında rolunun daha da artdığını, ölkəmizin regionda elektrik enerjisi ixrac edən aparıcı dövlətə çevrildiyini söyləyib. Baş nazir Cənub Qaz Dəhlizi vasitəsilə hesabat ili ərzində ümumilikdə 21 milyard, o cümlədən Avropaya 11,4 milyard kubmetr qaz ixrac edildiyini deyib. O, qeyd edib ki, ötən il Azərbaycanla Avropa İttifaqı arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında imzalanmış Memoranduma əsasən, 2027-ci ilədək TANAP-la qaz nəqlinin indiki 16 milyard kubmetrdən 31 milyard kubmetrə, TAP-la isə 11 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Eyni zamanda, bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi istiqamətində mühüm işlər görülür.

Bildirilib ki, dünyada və regionda cərəyan edən geosiyasi hadisələr fonunda Azərbaycanın nəqliyyat-tranzit infrastrukturuna da tələbat artıb. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz regionun mühüm nəqliyyat və logistika habı kimi tanınır. Ötən il Azərbaycan ərazisindən keçən tranzit yükdaşımalar 75 faizdən çox artıb. Ölkədə yol infrastrukturunun tikintisi, yenidən qurulması və bərpası davam etdirilib. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar açılıb. Bu kontekstdə yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir.

Baş nazir Prezidentin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edildiyini, Proqramda nəzərdə tutulan tədbirlərin icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin sərəncamının imzalandığını söyləyib. O, Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərdə müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində görülən işlərdən danışıb.

Baş nazir qeyd edib ki, yadda qalan tarixi hadisələrdən biri işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılmasıdır. Cari ilin sonuna qədər isə laçınlıların birinci qrupunun yerləşdirilməsi planlaşdırılır. Diqqətə çatdırılıb ki, 2022-ci il oktyabrın 20-də Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə müasir səviyyədə inşa olunmuş Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub.  Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının vahid enerji şəbəkəsinə qoşulması təmin olunub. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edilib.  Habelə, hesabat dövründə işğaldan azad edilmiş ərazilərdə ümumi uzunluğu 2241 km təşkil edən 19 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar işlərin yerinə yetirilməsi davam etdirilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parklarında ümumilikdə 18 sənaye müəssisəsi qeydiyyata alınıb. Kənd təsərrüfatının inkişaf məqsədləri üçün 940 fermer təsərrüfatı qeydiyyatdan keçib. Bildirilib ki,  son iki ildə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ümumilikdə 6,5 milyard manat vəsait yönəldilib.

Ötən il Azərbaycanın incisi olan qədim Şuşa şəhərinin 270 illiyinin qeyd edildiyini deyən Baş nazir dövlət başçısının 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamının icrasını təmin etmək məqsədilə bir çox mədəniyyət və digər tədbirlərin keçirildiyini, eyni zamanda, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildiyini söyləyib.

Çıxışının sonunda Əli Əsədov 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 ilinin tamam olduğunu, Ulu Öndərin yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Prezidentinin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzaladığını vurğulayıb. O, Prezidentimizin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin miras qoyduğu müasir, müstəqil, dünyəvi və demokratik Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, Vətənimizin daha da inkişaf etdirilməsi və çiçəklənməsi üçün səylərin artırılmasının vacibliyindən danışıb.

Sonra Milli Məclisin profil komitələrinin sədrləri çıxış ediblər.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasətinin nəticəsi olaraq son illər həyata keçirilən iqtisadi islahatlar, genişmiqyaslı layihələr 2022-ci ildə ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verib. Eyni zamanda, bu münbit şərait dövlət başçısı tərəfindən hökumət qarşısında qoyulan tapşırıqların icrasının təmin edilməsi üçün lazımı imkanlar yaradıb.

Milli Məclisin komitə sədri qeyd edib ki, Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Milli Məclisə təqdim olunmuş hesabat əhatəli hazırlanıb və dövlət başçısı tərəfindən hökumətə verilmiş tapşırıqların icra səviyyəsinin ölçülməsi üçün zəruri məlumatlarla təchiz olunub. Tahir Mirkişili hesabatda deputatların və Hesablama Palatasının 100-dən çox təklif və tövsiyələrinin icrasına da geniş yer ayrılmasını xüsusi vurğulayıb. O, bildirib ki, Milli Məclis-Hökumət əməkdaşlığı kontekstində geniş məlumat mübadiləsi və müzakirələrə əsaslanan dialoq mühiti dövlət başçısının sosial-iqtisadi siyasətinin daha effektiv icrasına və bundan ölkə vətəndaşlarının bütün sahələrdə daha çox fayda əldə etməsinə imkan yaradır.

Komitə sədri deyib ki, hökumət 2022-ci ildə işğaldan azad olunmuş ərazilərin bərpa edilməsi, təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi fəallığın artırılması, maliyyə sabitliyinin qorunub saxlanılması və ərzaq qıtlığı ilə mübarizə kimi istiqamətlərdə, hesabatdan da göründüyü kimi, xeyli uğurlara nail olmuşdur.

Tahir Mirkişili hesabat ilində ölkəmizdə ÜDM-in 4,6%, qeyri-neft qaz sektorunun 9,1%, kənd təsərrüfatı istehsalının 3,4%, informasiya və rabitə xidmətlərinin 14,8%, qeyri-neft ixracımızın 12,4%, strateji valyuta ehtiyatlarının 5,3 milyard dollar artmasını, ixracın idxalı 23,6 milyard dollar üstələməsini, xarici dövlət borcunun 9,5% azalmasını və ÜDM-in 8,5%-ni təşkil etməsini, maliyyə sabitliyinin və büdcə dayanıqlılığının qorunub saxlanılmasını yüksək nəticələr kimi qeyd edib. Vergi və gömrük orqanlarında inzibatçılıq, dövlət-sahibkar münasibətlərində ciddi keyfiyyət dəyişikliklərinə nail olunmasından, keyfiyyətə əsaslanan islahatların aparılmasından söz açan komitə sədri vergi yığımlarının proqnozdan əlavə 32,4%, gömrük yığımlarının 22,8% çox olmasını bu orqanların müsbət fəaliyyətinin nəticəsi kimi dəyərləndirib və gələcəkdə bu sahədə daha dəqiq planlaşmanın aparılmasını vacib sayıb.

O, dövlət büdcəsinin ümumi icra vəziyyətini müsbət qiymətləndirib, 2022-ci ildə dövlət büdcəsi xərclərinin 99,3% səviyyəsində icra olunmasını qənaətbəxş hesab edib. Komitə sədri keçən il dövlət büdcə xərclərindən 11,5 milyard manatın sosial xərclər, o cümlədən 1,1 milyard manatın icbari tibbi sığorta xərcləri təşkil etməsini sosial siyasətin maliyyə təminatı üçün vacib nəticə adlandırıb.

O, hesabat ilində 4,5 milyon vətəndaşın icbari tibbi sığortadan faydalanmasını, xidmətlərə cəlb olunan özəl tibb müəssisələrinin sayının 111-ə yüksəlməsini, minimum vəzifə maaşı alan həkimlərin əmək haqlarının orta hesabla 3 dəfə artmasını yaxşı göstərici kimi qiymətləndirib. Eyni zamanda, komitə sədri bu müsbət nəticələri nəzərə alaraq işləməyən, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslərdən icbari tibbi sığorta haqlarının toplanmasının təxirə salınması müddətinin daha 3 il uzadılmasını təklif edib. O, həmçinin icbari tibbi sığorta haqlarının yığımı, bütün vətəndaşların tibbi xidmətlərə əlçatanlığı ilə bağlı  fikirlərini də diqqətə çatdırıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri dövlət büdcəsində aqrar sektora ayrılan vəsaitlərin icra edilməsi nəticəsində məhsul istehsalının yüksəlməsini, ölkədə ərzaq ehtiyatlarının yaradılmasını yüksək qiymətləndirərək, eyni zamanda, su əlçatanlığı ilə bağlı problemlərin getdikcə ciddiləşməsi kontekstində torpaqların konsolidasiyasının və suvarma şəbəkələrinin yenidən qurulmasının aktuallığına toxunub.

Komitə sədri hesabat dövründə dövlət maliyyə nəzarəti sahəsində görülən işləri təqdir etməklə yanaşı, bu sahədə keyfiyyətcə yeni yanaşmaların zəruri olduğunu deyib. O, bildirib ki, vəsaitlərin itkisi ilə hadisə baş verdikdən sonra mübarizənin hüquqi effekti olsa da, iqtisadi effekti o qədər də yüksək olmur. Bu problem yalnız dövlət təşkilatlarında deyil, eyni zamanda özəl sektorda da müşahidə edilir. Məsələn, hesabat ilində səyyar vergi yoxlaması ilə əhatə olunanların 98,7%-də vergi qanunvericiliyinin və maliyyə intizamının pozulması halları aşkar edilmişdir. Ona görə də, maliyyə planlamasında və mühasibatlıq intizamında pro-aktiv, yəni pozuntuların baş verməsinə əvvəlcədən imkan verməyən mexanizmlərə ehtiyac yaranmışdır.

Tahir Mirkişili hesabat ilində Mərkəzi Bank tərəfindən inflyasiya təzyiqlərinin yumşaldılmasına yönəldilmiş pul siyasətinin effektiv olduğunu söyləyib, Maliyyə Nazirliyi tərəfindən qiymətli kağızlar bazarının inkişafı üçün göstərilən səyi də yüksək qiymətləndirib. 2022-ci ildə ölkədə sənaye potensialının gücləndirilməsi üzrə İqtisadiyyat Nazirliyi tərəfindən görülən işləri də təqdir edən Tahir Mirkişili sənaye zonalarında hesabat ilində 2,9 mlrd. manatlıq məhsul istehsalını və 1 mlrd. manatlıq məhsul ixracını yaxşı nəticə adlandırıb. O, 2022-ci ildə elan edilən “Açıq Büdcə İndeksi-2021" hesabatında Azərbaycanın 100 mümkün baldan 57 bal toplamaqla 120 ölkə arasında mövqeyini 81-ci yerdən 44-cü yerə yüksəltməsini və ölkəmizin bu reytinq üzrə ən çox irəliləyən ölkələr sırasında olmasını təqdirəlayiq hal kimi diqqətə çatdırıb.

Tahir Mirkişili 2022-ci ildə Milli Məclis və Hökumət arasında aparılan konstruktiv əməkdaşlıq sayəsində qanunvericilik, iqtisadi siyasət, büdcə layihələri sahəsində xeyli keyfiyyət dəyişikliklərinin olduğunu nəzərə çatdırıb.

O, Nazirlər Kabinetinin 2022-ci il üçün fəaliyyəti haqqında hesabatını müsbət qiymətləndirib və yeni imkanlar, yeni çağırışlar ili olan 2023-cü ildə hökumətə uğurlar arzu edib.

Sonra parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Aqrar siyasət komitəsinin sədri  Tahir Rzayev, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev hesabat barədə fikirlərini, bir sıra qeyd və təkliflərini açıqlayıblar.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov hesabatın yüksək səviyyədə və əhatəli şəkildə hazırlandığını deyib. O, bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkənin enerji təhlükəsizliyi təmin edilib, ölkə əhalisinin və iqtisadiyyatın elektrik enerjisi ilə təminatının etibarlılığı və dayanıqlılığı gücləndirilib. O, qeyd edib ki, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi və ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində məqsədyönlü təqdirəlayiq tədbirlər həyata keçirilib. Komitə sədri diqqətə çatdırıb ki, mövcud su ehtiyatlarından səmərəli istifadə etmək və kənd təsərrüfatında istifadə edilən mütərəqqi və qənaətli suvarma metodlarının və qurğularının əhatə dairəsinin genişləndirilməsi sahəsində zəruri işlər görülür.

Aqrar siyasət komitəsinin sədri  Tahir Rzayev hesabatın mükəmməl hazırlandığını və ölkəmizin iqtisadi-siyasi, sosial-mədəni, təsərrüfat həyatının bütün sahələrini özündə əks etdirdiyini söyləyib. Qeyd edib ki, ötən il Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 10 milyard 984,2 milyon manat təşkil edib. 2021-ci ilə nisbətən keçən il kənd təsərrüfatı istehsalı 3,4 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 3,3 faiz, heyvandarlıq məhsulları üzrə 3,4 faiz artım əldə edilib. O, aqrar sektorun inkişaf göstəricilərinin artımının bu sahədə həyata keçirilən islahatların, sahibkarlara göstərilən qayğı və diqqətin, maarifləndirmə tədbirlərinin nəticəsi olduğunu deyib.                            

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev hökumətin 2022-ci ildə qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirdiyini bildirib. Qeyd edib ki, hesabat ilində ölkəmizdə makroiqtisadi sabitliyə nail olunub, inflyasiyanın mənfi təsirlərinin aradan qaldırılması və əhalinin rifah halının yaxşılaşdırılması üçün təsirli tədbirlər görülüb. 2022-ci ildə orta aylıq əmək haqqı, pensiya, müavinət və digər sosial ödənişlərin məbləğı artırılıb, əhalinin sosial müdafiəsini təmin etmək üçün müvafiq qərarlar qəbul edilib. Komitə sədri diqqətə çatdırıb ki, postmüharibə dövründə 122 min şəxs 264 min sosial dəstək tədbiri ilə əhatə olunub, 4500 şəhid ailəsi və qazi mənzillərlə təmin edilib, 324 nəfər müharibə əlilinə minik avtomobili verilib, 2538  şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Bununla yanaşı, hesabat dövründə 40 min nəfər münasib işlə təmin olunub ki, bunların 16.1 min nəfəri özünüməşğulluq proqramına cəlb edilib. O, eyni zamanda, 2022-ci ildə  sosial xidmətlərin elektronlaşdırılması ilə bağlı zəruri tədbirlərin görüldüyünü, habelə, səhiyyə, təhsil, mədəniyyət, turizm sahələrində bir sıra uğurlu layihələrin həyata keçirildiyini söyləyib.

Hesabatla bağlı müzakirələrdə Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, deputatlar Mahir Abbaszadə, Elnur Allahverdiyev, Soltan Məmmədov, Ceyhun Məmmədov, Əli Məsimli və Jalə Əliyeva  çıxış ediblər.

 Fasilədən sonra Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyəti haqqında hesabata dair  müzakirələr davam etdirilib.

 Milli Məclisin komitə sədrləri Qənirə Paşayeva, Siyavuş Novruzov, Səməd Seyidov, Hicran Hüseynova, Zahid Oruc, deputatlar Naqif Həmzəyev, Vahid Əhmədov, Azər Badamov, Elman Nəsirov, Kamilə Əliyeva, Musa Qasımlı, Qüdrət Həsənquliyev, Kamal Cəfərov, Tahir Kərimli, Vüqar Bayramov, Vüqar İskəndərov, Bəhruz Məhərrəmov, Aqiyə Naxçıvanlı, Aqil Abbas, Etibar Əliyev, Sabir Rüstəmxanlı, Fəzail Ağamalı çıxış edərək, sənəd barədə fikirlərini və bəzi qeydlərini səsləndiriblər.

Millət vəkilləri dünyada baş verən mürəkkəb siyasi-iqtisadi hadisələr fonunda hökumətin ötən il məhsuldar çalışdığını, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəldiyini bildiriblər. Ölkənin iqtisadi inkişafının sürətləndirilməsinə, xalqın rifahının yaxşılaşdırılmasına yönəlmiş proqramların həyata keçirilməsini təqdirəlayiq hesab ediblər. Deputatlar iqtisadiyyatın dinamik inkişafının təmin edilməsi, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, regionların tarazlı inkişafı istiqamətində görülən işlərin vacibliyindən danışıb, öz fikirlərini səsləndirib, təkliflərini veriblər.

Çıxışlarda ölkəmizdə iqtisadi siyasətin sosial siyasətlə uzlaşdırılmasının Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin əsas prioritetlərindən olduğu bildirilib. Xüsusilə, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, o cümlədən maaşların və pensiyaların iqtisadi artım tempinə uyğun olaraq mütəmadi artırılması, habelə yeni sosial infrastrukturların yaradılması müsbət hal kimi qeyd edilib, həyatın bütün sahələrində aparılan islahatların əhəmiyyətindən bəhs edilib.

Millət vəkilləri, həmçinin seçicilərin üzləşdiyi bəzi problemləri hökumət üzvlərinin diqqətinə çatdırıblar, bir sıra aktual məsələlərə toxunublar.

Deputatlar ümumilikdə hökumətin 2022-ci ildəki fəaliyyətini qənaətbəxş hesab ediblər.

Baş nazir Əli Əsədov deputatlar tərəfindən səsləndirilən fikirlərə münasibət bildirib, qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat  səsə qoyularaq nəzərə alınıb.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, 3 gündən sonra xalqımız ən əziz bayramlarından biri olan Novruzu qeyd edəcək. O, təklif edib ki, bu gözəl bayram münasibəti ilə möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq, onlara xalqımızın və dövlətimizin bu günü və gələcəyi naminə dəyərli fəaliyyətlərində yeni, böyük uğurlar arzulayaq.

Təklif iclas iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Sahibə Qafarova Baş nazirə və hökumət üzvlərinə, deputatlara, media nümayəndələrinə də təbriklərini çatdırıb.

 Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU