Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Komitə iclasları
29 mart 2023 | 15:04   
Paylaşın:        

Martın 29-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov gündəliyə birinci oxunuşda üç məsələnin daxil edildiyini bildirib.

Sonra komitə sədri müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş), “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş) və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş) barədə qanun layihələri ilə bağlı məlumat verib.

Diqqətə çatdırılıb ki, adı çəkilən qanunlara eyni mahiyyətli dəyişikliklərin edilməsi nəzərdə tutulub. Həmin qanunların müvafiq maddələrinə təklif olunan əlavələrə görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə, onların qaz qurğularının qazpaylayıcı şəbəkəyə, habelə su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması qadağandır.

Onlayn iclasda komitə üzvləri İltizam Yusifov, Məşhur Məmmədov, Nəsib Məhəməliyev, Əliabbas Salahzadə, Afət Həsənova, Mixail Zabelin, parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov çıxış edərək, qanun layihələrinin əhəmiyyətindən danışıblar, düzəlişlərin məqsədəmüvafiq olduğunu bildiriblər. Millət vəkilləri təqdim olunan sənədlərin qanunsuz tikililərin qarşısının alınmasına xidmət edəcəyini söyləyiblər.

Müzakirələrin sonunda hər üç qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra komitənin sədri və üzvləri  ötən gün Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən terror hadisəsi barədə fikirlərini açıqlayıblar. Deputatlar bu hadisəni pisləyərək, onun araşdırılacağına, terror aktını törədənlərin müəyyən ediləcəyinə və layiqli cəzalarını alacaqlarına əminliklərini ifadə ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU