MİLLİ MƏCLİSİN İCLASINDA
Fevralın 22-də parlamentin növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədovun təklifi ilə öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olundu. Sonra iclasın gündəliyi təsdiqləndi. Cari məsələlərin müzakirəsində deputatlar əsasən beynəlxalq aləmdə baş verən hadisələrə toxundular, günün aktual məsələləri barədə fikirlərini bölüşdülər. Milli Məclisin Sədri deputatların rəy və təkliflərinə münasibət bildirdikdən sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı.
Öncə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar notalar mübadiləsinin təsdiq edilməsi barədə” qanun layihəsini təqdim etdi. Məlumat verildi ki, sənəddəki dəyişiklik diplomatik pasport sahibləri ilə yanaşı xüsusi və xidməti pasport sahiblərinin də vizasız gediş-gəlişini nəzərdə tutur. Deputatlar 21 noyabr 2012-ci il tarixdə həyata keçirilmiş notalar mübadiləsini təsdiq etdilər.
Sonra Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov “Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında” Anlaşma Memorandumunun təsdiqi barədə qanun layihəsini şərh etdi. Deputatlar sənədə dair fikirlərini bölüşdülər. Milli Məclis Anlaşma Memorandumunu ratifikasiya etdi.
İclasda İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin məlumatı dinlənildikdən sonra parlament “Azərbaycan Respublikası və Argentina Respublikası arasında vergi məlumatlarının mübadiləsi haqqında” Sazişi təsdiqlədi.
Gündəlikdəki növbəti qanun layihəsi barədə Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev ətraflı məlumat verdi. Deputatlar “Azərbaycan Respublikası və İspaniya Krallığı arasında mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq haqqında” Sazişin təsdiqinə razılıq verdilər.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsinə dair üç qanun layihəsini deputatlara Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim etdi. Bildirildi ki, əhalinin sağlamlığının qorunması məqsədilə özəl tibbi fəaliyyətlə, əczaçılıqla lisenziyasız məşğul olanların məsuliyyət məsələsi sərtləşdirilir, cərimələrin məbləği artırılır. Məcəllənin 64-cü maddəsindəki dəyişikliyə görə, xüsusi razılıq olmadan əhaliyə müvafiq xidmət göstərən fiziki şəxslər iki min manatdan üç min manatadək, vəzifəli şəxslər beş min manatdan on min manatadək, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək cərimə ödəyəcəklər. Müzakirələrdə deputatlar bu qanunu dəstəklədiklərini və müsbət qiymətləndirdiklərini vurğuladılar, təkliflər verdilər. Yekunda qanun layihəsi səsə qoyuldu və qəbul edildi.
Daha sonra Əli Hüseynli məlumat verdi ki, İnzibati Xətalar Məcəlləsinə əlavə edilən 53-6-cı maddə sosial xidmət haqqında qanunvericiliyin pozulmasına görə cərimələri nəzərdə tutur. Layihəyə əsasən, dövlət tərəfindən göstərilən sosial xidmətə olan tələbat barədə düzgün məlumat verməyən 50 manat miqdarında cərimə ediləcək. Milli Məclis bu qanuna müsbət münasibət bildirdi.
İnzibati Xətalar Məcəlləsinə dair bugünkü iclasda qəbul edilən növbəti qanun layihəsi isə “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanunda edilən dəyişikliklərlə əlaqədar idi.
İclasda “Reklam haqqında” qanunda dəyişikliyi şərh edən komitə sədri Ziyad Səmədzadə dedi ki, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə həmin xidmətlərin reklamında qanunvericiliyə əməl olunması nəzərdə tutulur. Belə ki, özəl tibb fəaliyyəti subyektlərinin göstərdikləri xidmətin reklamı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında həyata keçirilməlidir. Müzakirələrdə məsələnin vacibliyi qeyd olundu və qanun dəstəkləndi.
Gündəlikdəki üç məsələni təqdim edən Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, bugünkü iclasda müzakirəyə çıxarılmış qanunlardan beşində, o cümlədən “Veteranlar haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişikliklərin edilməsi həmin qanunvericilik aktlarının “Sosial xidmət haqqında” qanuna uyğunlaşdırılması zərurətindən irəli gəlib. Həmin qanunun qəbulundan sonra ölkə əhalisinin sosial rifahına diqqət daha da artırılıb, 2013-cü ilin dövlət büdcəsində müvafiq vəsait ayrılıb. Komitə sədri məlumat verdi ki, “Dərman vasitələri haqqında” qanunda aparılan dəyişiklik isə istehlakçıların keyfiyyətli və təhlükəsiz dərman vasitələrindən istifadə hüququnun təmin olunmasına xidmət edir. Qanunla dərman vasitələrinin üzərinə müvafiq nəzarət markasının yapışdırılması tələb olunur. İclasda hər üç qanun layihəsi müsbət dəyərləndirildi.
Plenar iclasda daha iki qanun layihəsini təqdim edən komitə sədri Əli Hüseynli nəzərə çatdırdı ki, “Könüllü fəaliyyət haqqında” qanunla “Sosial xidmət haqqında” qanun arasında uyğunluğun təmin edilməsi üçün həmin qanunun 3-cü maddəsinin 3.0.12. bəndində cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərlə yanaşı çətin həyat şəraitində olan digər şəxslərə və ailələrə də kömək edilməsi nəzərdə tutulur. Qanun müsbət qarşılandı.
Sonra bildirildi ki, “Dini etiqad azadlığı haqqında” qanunun 22-ci maddəsinə təklif olunan dəyişikliyə görə, dini təyinatlı ədəbiyyatın, audio və video materialların, mal və məmulatların nəzarət markası ilə markalanması vacibdir. Onların satışı isə yalnız ixtisaslaşdırılmış məntəqələrdə həyata keçirilə bilər. Dini sahənin həssaslığını nəzərə alan deputatlar qanun layihəsini vacib sənəd kimi dəyərləndirdilər və qəbul etdilər.
Plenar iclasda gündəlikdəki üç qanun layihəsini Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə təqdim etdi. Bildirdi ki, “Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi Əsasnamə”nin 7-ci maddəsində məhəllə komitələrinin yardım göstərməli olduğu vətəndaşların sırasına çətin həyat şəraitində olan şəxslər və ailələr də daxil edilir. Qanun qəbul olundu.
Daha sonra 2006-cı ilin dekabrında təsdiqlənmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” sənəd haqqında məlumat verildi. Nəzərə çatdırıldı ki, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna 2012-ci ilin iyununda edilmiş dəyişiklikdən sonra ölkənin şəhər və rayonlarında ümumilikdə 40 sahə inzibati ərazi dairəsi yaradılıb. Qanunvericiliyə əsasən, onların hamısı Dövlət reyestrinə daxil edilməlidir. Parlament bu qanunu da qəbul etdi.
İş gününün sonunda Milli Məclis Naxçıvanın Şahbuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi məsələsinə baxdı. Şahbuz şəhərinin inzibati ərazisinin genişləndirilməsini nəzərdə tutan layihə barədə məlumat dinlənildi. Qanunun qəbulu vacib sayıldı.
Beləliklə, bugünkü iclasında on altı məsələyə baxan Milli Məclis bütün qanun layihələrini qəbul etməklə iş gününü başa vurdu.
Milli Məclisin
Mətbuat xidməti