Milli Məclis Aparatı ilə Milli Arxiv İdarəsi arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
Aprelin 10-da Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulovla görüşüb.
Aparat rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin arxiv işinə həmişə böyük diqqət və qayğı göstərməsindən söz açıb. O, Prezidentin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın arxiv işi sahəsində həyata keçirilən islahatların davamlılığının təmin olunmasında, arxiv fəaliyyətinin yeni dövrün tələblərinə uyğun təkmilləşdirilməsində, cəmiyyətdə arxiv işinin rolunun və arxivçi peşəsinin nüfuzunun artırılmasında əhəmiyyətindən danışıb.
Dövlət proqramında Azərbaycanın milli sərvəti olan arxiv fondunun zənginləşdirilməsi, sistemləşdirilməsi, dövlət mühafizəsi və arxivlərdən səmərəli istifadəni təmin etmək üçün qarşıya qoyulan vəzifələrə toxunan Milli Məclis Aparatının rəhbəri sənəddə arxiv işi sahəsinə dövlət nəzarətinin gücləndirilməsi və səmərəli idarəetmənin təşkili məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinin nəzərdə tutulduğunu deyib. Fərid Hacıyev buna uyğun olaraq ötən il Milli Məclisdə arxiv işinin müasir dövrün çağırışlarına uyğunlaşdırılması və idarəetmənin təkmilləşdirilməsi məqsədilə “Milli arxiv fondu haqqında” Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin qəbul olunduğunu bildirib.
Son illər Milli Məclisdə arxiv işinin modernləşdirilməsi, informasiya potensialının zənginləşdirilməsi ilə bağlı görülən işlərdən söz açan aparat rəhbəri bu istiqamətdə göstərdikləri peşəkar yardıma və dəstəyə görə Milli Arxiv İdarəsinə təşəkkür edib. O, bu səmərəli əməkdaşlığın daha da irəli aparılması üçün Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə Azərbaycan parlamenti ilə Milli Arxiv İdarəsi arasında imzalanacaq anlaşma memorandumunun əhəmiyyətini yüksək dəyərləndirib və sənədin Milli Məclislə Milli Arxiv İdarəsi arasında əməkdaşlığa öz töhfəsini verəcəyini bildirib.
Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov son illər dövlət arxivlərində saxlanılan sənədlərdən daha səmərəli istifadə, yeni elektron xidmətlərin yaradılması, müasir iş metodlarının tətbiqi istiqamətində böyük işlər görüldüyünü bildirib. O, Milli Məclisin rəhbərliyi tərəfindən parlamentdə arxiv şəraitinin yaxşılaşdırılması və arxiv sənədlərinin sistemləşdirilməsinin təkmilləşdirilməsi istiqamətində görülən işləri təqdir edib. Əsgər Rəsulov dövlət arxivinin komplektləşdirilməsinin mühüm mənbəyi olan Milli Məclislə əməkdaşlığı yeni səviyyədə davam etdirməkdən məmnunluğunu bildirib.
Sonra Milli Məclis Aparatı ilə Milli Arxiv İdarəsi arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Milli Məclis adından Aparatın rəhbəri Fərid Hacıyev, Milli Arxiv İdarəsi adından Əsgər Rəsulov imzalayıblar.
Tədbirdə Milli Məclis Aparatı rəhbərinin müavinləri Yaşar Əməşov, Rüstəm Mahmudov, Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdiri Gülnarə İsmayılova, Milli Arxiv İdarəsi rəisinin müavini Həsən Həsənov, idarənin şöbə müdiri Cəmilə Abasova və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi