Milli Məclisdə görüş
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və komitənin üzvləri aprelin 11-də Moldovanın əmək və sosial müdafiə naziri Aleksey Buzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Qonaqları salamlayan komitə sədri Azərbaycanda son illər sosial siyasət sahəsində böyük uğurlar əldə edildiyini diqqətə çatdırıb. Musa Quliyev xüsusən də ölkəmizdə sosial sistemlərin optimallaşdırılması və müasirləşdirilməsi, sosial müdafiə və sosial texniki xidmət, avtomatlaşdırmanın tətbiqi və onlayn xidmətlərin genişləndirilməsi sahələrində görülən işlərdən danışıb. Pensiya və sığorta islahatlarının, ekspertiza və sosial xidmətlərin uğurla həyata keçirildiyini qeyd edən Musa Quliyev ölkəmizdə şəhid ailələrinə, əlillərə və müharibə veteranlarına xüsusi diqqət yetirildiyini bildirib.
Son illər ölkələrimiz arasında əlaqələrin dinamik surətdə inkişaf etdiyini qeyd edən komitə sədri bu baxımdan həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişafında böyük rol oynadığını diqqətə çatdırıb.
Söhbət zamanı komitə sədri Milli Məclisin strukturu haqqında da qonaqlara məlumat verib.
Görüşdə Moldova Parlamentinin Sosial müdafiə, səhiyyə və ailə işləri üzrə komitəsinin sədri Dan Perçun çıxış edərək Azərbaycanın sosial sahədə qazandığı uğurların və təcrübənin əhəmiyyətini qeyd edib. Moldovalı parlamentari DOST konsepsiyasından danışaraq bildirib ki, Moldova Azərbaycanın sosial xidmətlərin vahid platformadan və elektron qaydada aparılması təcrübəsinin tətbiqində maraqlıdır. Ölkələrimiz arasında əlaqələrin daim genişlənməsindən, ticarət mübadiləsinin həcminin artmasından məmnunluğunu ifadə edən moldovalı deputat əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.
Sosial sahədə Azərbaycanın uğurlarını qeyd edən Moldovanın əmək və sosial müdafiə naziri Aleksey Buzu azərbaycanlı həmkarlarından öyrənməli çox şeyin olduğunu bildirib. Rəqəmsallaşmanın önəmini qeyd edən nazir ölkəsində son iki ildə həyata keçirilən gənc ailələrə dəstək proqramı barədə məlumat verib.
Söhbət zamanı regional əməkdaşlığın, iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Sonra Mili Məclisin Əmək və sosial siyasət komitəsinin üzvləri Ziyad Səmədzadə, Arzu Nağıyev, Sevinc Hüseynova, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev ölkələrimiz arasındakı yaxın münasibətlər, iki ölkə arasında əlaqələrin dinamik inkişafı, ölkəmizin Vətən müharibəsindəki şanlı qələbəsi barədə danışıblar.
Görüşdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov və digər rəsmi şəxslər də iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi