Milli Məclisin növbəti plenar iclasında
Aprelin 11-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. İclasın 11 məsələdən ibarət gündəliyi qəbul edildikdən sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb.
Komitə sədri Qənirə Paşayeva, deputatlar Tural Gəncəliyev, Bəhruz Məhərrəmov, Sahib Alıyev, Razi Nurullayev, Kamal Cəfərov, Qüdrət Həsənquliyev, Elman Nəsirov, Sabir Rüstəmxanlı, Aydın Mirzəzadə, Fəzail Ağamalı çıxış edərək, gündəmdə olan bəzi aktual mövzular barədə öz fikirlərini açıqlayıblar.
Deputatlar Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbədən sonra regionda yaratdığı yeni reallıqlar, bu uğurları qəbul etməyənlərin ölkəmizə qarşı həyata keçirdikləri məkrli planlardan bəhs ediblər. Azərbaycanın güclü liderə, qüdrətli orduya və dayanıqlı iqtisadiyyata malik olduğunu, üzv olduğu mötəbər beynəlxalq təşkilatlarla əməkdaşlığının möhkəmləndirildiyini bildiriblər. Deputatlar Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın vacibliyindən, ölkəmizin bu qurumdakı mühüm rolundan danışıblar, Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin strateji əhəmiyyətini qeyd ediblər.
Millət vəkilləri Azərbaycan və türk dövlətləri arasında əməkdaşlığın yeni səviyyəyə yüksəlməsində Prezident İlham Əliyevin xüsusi rolunu vurğulayıblar. Dövlət başçısının Qazaxıstana səfərinin, orada imzalanmış sənədlərin Zəngəzur dəhlizinin açılması baxımından önəmli olduğunu deyiblər. Deputatlar ölkə Prezidentinin təşəbbüsü ilə həyata keçirilən layihələrin, o cümlədən nəqliyyat-logistika sahəsində görülən işlərin Azərbaycanın davamlı inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyiblər.
Sonra gündəlikdəki məsələlərin müzakirəsi keçirilib.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, birinci və ikinci oxunuşlar zamanı sənəd barədə ətraflı məlumat verildiyini, konseptual baxımdan çıxışların edildiyini, təkliflərin səsləndirildiyini bildirib.
Əsasnaməyə uyğun olaraq, yubiley medalı ilə Azərbaycan vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, Azərbaycanın və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri Ümummilli Lider Heydər Əliyev irsinin tədqiqində və təbliğində, dövlət quruculuğunda, o cümlədən milli azadlıq hərəkatında xüsusi xidmətlərə görə, azərbaycançılıq ideyasının həyata keçirilməsində, sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və beynəlxalq əməkdaşlığın inkişafında, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasına və inkişafına, ölkənin tərəqqisinə və şöhrətinin artırılmasına töhfə verən və digər xidmətlərə görə təltif edilirlər.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sonra parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş) məlumat verib. O, bildirib ki, layihə barədə birinci və ikinci oxunuşlarda ətraflı məlumat verilib, səsləndirilən suallar işçi qaydada cavablandırılıb. Habelə, sənədə iki məsələdə texniki dəyişikliyin nəzərdə tutulduğunu qeyd edib.
Qanun elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatı, idxalı, ixracı və istehlakı ilə bağlı elektroenergetika subyektləri, istehlakçılar və elektroenergetika sektorunda fəaliyyət göstərən dövlət orqanları arasında yaranan münasibətləri tənzimləyir, elektroenergetikanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (üçüncü oxunuş) və “Dövlət qulluğu haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi (üçüncü oxunuş) barədə qanun layihələrini diqqətə çatdırıb. O, bu sənədlərdə ehtiva olunan məsələlərlə əlaqədar əlavə təkliflərin daxil olmadığını söyləyib.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, ikinci oxunuş zamanı edilən çıxışlarda bəzi təkliflərin səsləndirildiyini deyib. Azərbaycanda kritik informasiya infrastrukturunun qorunması məsələsinin aktual olduğunu, bununla bağlı təkliflərin gələcəkdə nəzərə alınacağını söyləyib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Sonra parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirib ki, layihədə səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə əlaqədar bəzi dəyişikliklər nəzərdə tutulub. Təklif olunan dəyişikliklər dərman vasitələrinin ekspertizasının şərtlərini, mərhələlərini və mexanizmini konkretləşdirərək, bütövlükdə bu sahənin optimallaşdırılmasına xidmət edir. Dərman vasitələrinin ekspertizasını və qeydiyyatını həyata keçirən orqan olaraq Səhiyyə Nazirliyi nəzərdə tutulur.
Layihədəki digər dəyişikliyə əsasən, müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında (eyni istehsalçının (və ya həmin istehsalçının lisenziyası əsasında istehsal olunmuş) eyni əmtəə nişanı adı altında, lakin təsiredici maddənin dozası, farmasevtik forması, ticarət qablaşdırması və ya qablaşdırma miqdarı fərqli olan dərman vasitələri istisna olmaqla) dövlət qeydiyyatına alınmasına yol verilmir. Təklif olunan dəyişiklik dərman vasitələrinin qeydiyyatının sadələşdirilməsinə xidmət edir.
Məsələ ilə bağlı müzakirələrdə çıxış edən komitə sədrləri Siyavuş Novruzov, Qənirə Paşayeva, deputatlar Vahid Əhmədov, Razi Nurullayev, Fəzail Ağamalı, Vüqar Bayramov, Tahir Kərimli, Etibar Əliyev, Hikmət Məmmədov fikirlərini, qeyd və təkliflərini səsləndiriblər. Komitə sədri Əhliman Əmiraslanov qaldırılan bəzi məsələlərə aydınlıq gətirib.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin son 5 məsələsi ikinci oxunuşda olan qanun layihələridir. O, növbəti 3 məsələnin Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu deyib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. Qeyd olunub ki, qanun layihəsində nəzərdə tutulan dəyişikliklər sənədlərin təqdim edilməsi ilə bağlı problemlərin aradan qaldırlılmasına və vaxt itkisinin azaldılmasına, vətəndaş məmnunluğunun artırılmasına, ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcək.
Deputatlar Fəzail Ağamalı, Müşfiq Məmmədli, Ceyhun Məmmədov, Tahir Kərimli öz fikirlərini və bəzi qeydlərini səsləndiriblər.
Komitə sədri Hicran Hüseynova millət vəkillərinin fikirlərinə münasibət bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. O, sənəd barədə birinci oxunuşda geniş məlumat verildiyini söyləyərək, səsə qoyulmasını xahiş edib.
Layihə "Notariat haqqında" Qanuna təklif edilən dəyişikliklərlə əlaqədardır, sənəddə uyğunlaşdırma xarakterli müvafiq dəyişikliklər nəzərdə tutulub.
Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul olunub.
Sonra deputat Nurlan Həsənov “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) haqqında məlumat verib. Əvvəlki oxunuşda layihə barədə məlumat verildiyini deyən millət vəkili, sənədin səsə qoyulmasını xahiş edib.
Layihəyə əsasən, notarius tərəfindən kommersiya hüquqi şəxslərinin nizamnamə kapitalı, təsisçilərin təsisçi səlahiyyətlərinin həyata keçirilməsi və onların nizamnamə kapitalındakı payları ilə əlaqədar notariat hərəkətlərinin aparılması zamanı lazım olan məlumat və sənədlərin tələb edilməsinin hüquqi əsasları təkmilləşdirilir.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Nurlan Həsənov Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, “Notariat haqqında”, “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini də təqdim edib. O, sənəd barədə birinci oxunuşda geniş məlumat verildiyini deyib və olduğu kimi səsə qoyulmasını xahiş edib.
Sonra Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu komitələrin məsələyə dair müsbət rəy verdiklərini bildiriblər.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
İclasda birinci vitse-spiker, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edərək, birinci oxunuşda sənədlə bağlı hər hansı təklifin səsləndirilmədiyini bildirib.
Layihə adı çəkilən qanunların "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun tələbləri nəzər alınmaqla, təkmilləşdirilməsi, onların müddəalarının qanunvericilik texnikasının parametrlərinə uyğunluğunun təmin edilməsi məqsədi ilə hazırlanıb.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev sənəd barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini səsləndirdikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi