Milli Məclisdə qadın müharibə veteranları ilə görüş keçirilib

Tədbirlər
13 aprel 2023 | 17:36   
Paylaşın:        

Aprelin 13-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin nümayəndələri ilə görüşüblər.

Görüş iştirakçıları, əvvəlcə ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova veteran qadınları salamlayaraq, bildirib ki,  ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına hər zaman böyük hörmət və ehtiram göstərilib. O, veteranların hər birinin vətənpərvərliyinin gələcək nəsillər üçün örnək olduğunu deyib, Vətənimizin müdafiəsində göstərdikləri şücaətlərə görə onları təqdir edib.

Komitə sədri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun erməni işğalçıları üzərində qazandığı möhtəşəm  Zəfərin xalqımıza böyük qürur hissi bəxş etdiyini bildirib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına daim diqqət və qayğı göstərdiklərini vurğulayıb. Hicran Hüseynova dövlətimiz tərəfindən bu kateqoriyadan olan insanların həyat şəraitinin, sosial təminatlarının yaxşılaşdırılması istiqamətində bütün zəruri tədbirlərin həyata keçirildiyini qeyd edib.

“Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas səmimi görüşə görə təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi Birlik haqqında məlumat verib, qurum tərəfindən görülən işlər barədə danışıb.

Tədbirdə çıxış edən müharibə veteranları Gülnarə Cabbarova, Ceyran Əzizova, Səriyyə Cabbarova, Gülpəri Əhmədova, Əntiqə Qonaqova şəhid ailələrinə, müharibə əlillərinə və  veteranlara dövlət səviyyəsində göstərilən dəstəkdən danışaraq, ölkə rəhbərliyinə öz minnətdarlıqlarını ifadə ediblər. Xanım veteranlar keçdikləri döyüş yolu, müharibədən sonrakı fəaliyyətləri barədə söhbət açıblar, həyata keçirdikləri layihələrdən bəhs ediblər, bəzi arzu və istəklərini səsləndiriblər.

Görüşdə müharibə veteranlarını narahat edən məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Müzakirələrdə qaldırılan məsələlərin hərtərəfli araşdırılacağı və onların həlli istiqamətində müvafiq addımların atılacağı qeyd olunub.

Tədbirdə deputatlardan Jalə Əhmədova, Sevinc Fətəliyeva, Sevinc Hüseynova, Səbinə Xasayeva, Aqiyə Naxçıvanlı, müharibə veteranları Sevil Hüseynova, Mətanət Məhərrəmova, Nailə Ələkbərova, Roza Hacıyeva, Səkinə Həmidova və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU