Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində aprelin 13-də bu ölkənin Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
MDB Parlamentlərarası Assambleyasının 55-ci plenar iclası çərçivəsində baş tutan görüşdə qeyd olunub ki, bu gün parlamentlərarası əməkdaşlıq MDB-yə üzv olan ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi üçün effektiv mexanizmə çevrilib. Parlament Assambleyası bu prosesdə vacib rol oynayır.
Görüşdə vurğulanıb ki, ötən il Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olub. Azərbaycan və Rusiyanın dövlət başçıları tərəfindən müəyyən olunan və münasibətlərimizin dərinləşdirilməsinə xidmət edən gündəliyə əsasən, ölkələrimiz arasında münasibətlər mehriban qonşuluq və qarşılıqlı anlaşma əsasında inkişaf edir və qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır.
Ölkələrimiz arasında münasibətlərin inkişafında dövlət başçılarının mühüm rolu xüsusi vurğulanaraq, qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin fevralında Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə əlaqələrimizdə yeni mərhələnin əsasını qoyub.
Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında iqtisadiyyat sahəsində, o cümlədən qarşılıqlı investisiya qoyuluşunda qeydə alınan göstəricilər uğurludur. Humanitar sahədə əlaqələr də əməkdaşlıqda mühüm bir istiqaməti təşkil edir.
Bildirilib ki, bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur. Valentina Matviyenko deyib ki, Heydər Əliyevin əziz xatirəsi Rusiyada da hörmətlə anılır. Bu məqsədlə Rusiya Federasiyasında bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Görüşdə tərəflər iki ölkə arasında əlaqələrin inkişafında qanunverici orqanların özünəməxsus rolunu da qeyd ediblər. Bildirilib ki, bu sahədə həm Milli Məclisdə, həm də Federal Məclisdə fəaliyyət göstərən dostluq qruplarının, həmçinin Milli Məclis və Federal Məclis arasında daimi fəaliyyət göstərən ikitərəfli parlamentlərarası komissiyanın işi təqdirəlayiqdir. Milli Məclisin sədri Sahibə Qafarovanın cari ilin fevral ayında Rusiya Federasiyasına rəsmi səfəri və səfər zamanı imzalanan "Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması arasında əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun ikitərəfli münasibətlərimizin parlament ölçüsünün inkişafına töhfə verdiyi diqqətə çatdırılıb.
Spiker Sahibə Qafarova həmçinin, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri, "Böyük Qayıdış" proqramı, keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtması prosesinin başlaması barədə də məlumat verib. Qeyd olunub ki, artıq işğaldan azad olunmuş ərazilərimizdə üçüncü beynəlxalq hava limanı Laçında tikilir.
Azərbaycan parlamentinin spikeri bildirib ki, Ermənistan Üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq, hələ də öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmayıb. Laçın yolundan hərbi məqsədlər və qeyri-qanuni istismar etdiyi təbii sərvətlərimizin daşınması üçün istifadə edir. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda dinc aksiyası Ermənistanın bu qeyri-qanuni əməllərinə etiraz olaraq keçirilir. Lakin Ermənistan, guya Laçın yolunun bağlanmasına dair yalan iddialarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Ermənistan Avropa İttifaqının missiyasının bu ölkədə olmasından istifadə edərək, vəziyyəti gərginləşdirən addımlar atır və hərbi təxribatlara yol verir.
Görüşdə Milli Məclisin sədri, Ermənistanın 11 aprel tarixində törətdiyi hərbi təxribat barədə məlumat verərək, deyib ki, bu kimi təxribatların beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Spikerin sözlərinə görə, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq, Azərbaycana qarşı apardığı təxribatlar nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Ona görə də Ermənistanın bu addımları ciddi şəkildə qınanılmalıdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi