SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Fevralın 27-də Milli Məclisin Sosial siyasət komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Hadi Rəcəbli bildirdi ki, bugünkü iclasın gündəliyinə “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi daxil edilib.
Layihə barədə məlumat verən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova bildirdi ki, qanun ilk oxunuşda Milli Məclisdə bütövlükdə bəyənildi. Müzakirələr zamanı millət vəkilləri bir çox maraqlı təkliflərlə çıxış etdilər və bu təkliflərin əksəriyyəti işçi qrupu tərəfindən nəzərə alındı. Qeyd edildi ki, qanunda nəzərdə tutulan müddəaların pozulmasına görə pasiyentin məhkəməyə müraciət etmək hüququ, eyni zamanda qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslərin inzibati məsuliyyətə cəlb olunması öz əksini tapıb. Sənədin qəbulundan sonra İnzibati Xətalar və Cinayət məcəllələrinə müvafiq əlavə və dəyişikliklərin olunacağı qeyd olundu.
Hadi Rəcəbli belə bir fikri vurğuladı ki, sənədin reallaşdırılması böyük maliyyə vəsaiti tələb etsə də, hörmətli Prezidentimiz İlham Əliyev uşaqların sağlamlığını, onlara qayğı və diqqəti hər şeydən üstün tutmuş, qanun layihəsini Milli Məclisə təqdim etmişdir. Komitə sədri qanunun tətbiqi ilə bağlı ciddi maarifləndirmə işlərinin aparılmasını vacib saydı.
Komitə sədrinin müavini Musa Quliyev isə dispanserizasiya xidmətinin əhaliyə daha da yaxınlaşdırılması üçün xüsusi avtomobillərin - lazımı tibbi texnika ilə təchiz olunmuş səyyar tibbi maşınların ayrılmasını təklif etdi. Qeyd olundu ki, bu, kənd yerlərində yaşayan uşaqların müayinələrinin aparılmasına çox kömək edəcək.
Müzakirələr zamanı çıxış edən deputat Əhliman Əmiraslanov bildirdi ki, dispanserizasiyasının düzgün aparılması uşaqlar arasında bir çox patoloji xəstəliklərin vaxtında araşdırılıb aradan qaldırılmasına imkan yaradacaq. Bu, eyni zamanda xərclənən maliyyə vəsaitinin azalmasına, uşaqların sağlam böyüməsinə şərait yaradacaq.
Millət vəkilləri bu sahədə kadr hazırlıqlarına başlanılmasının da vacibliyini qeyd etdilər.
Sənədin ikinci oxunuşda parlamentin plenar iclasının müzakirəsinə çıxarılması qərara alındı.
Milli Məclisin
Mətbuat xidməti