Milli Məclisin sədri Sahibə Qafarova Varşava Universitetində məruzə ilə çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasına rəsmi səfəri çərçivəsində Varşava Universitetində "Dialoq və həmrəylik: Azərbaycanın əməkdaşlıq və inkişafa baxışı" mövzusunda məruzə ilə çıxış edib.
Sahibə Qafarova Universitetin tələbə və müəllim heyətini salamlayaraq, belə bir mötəbər təhsil ocağında çıxış etməkdən məmnunluğunu ifadə edib.
O, çıxışında əvvəlcə Azərbaycan xalqının qədim dövlətçilik tarixi və ənənələri haqqında geniş məlumat verib. Azərbaycan dövlətçiliyinin 5 min illik tarixi olduğunu bildirən spiker, Azərbaycan ərazisində mövcud olan və xalqımızın qurub yaratdığı dövlətlər, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik parlament respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, Xalq Cümhuriyyəti tərəfindən müstəqil, demokratik dövlət quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirlər barədə danışıb. 1991-ci ildə müstəqilliyin bərpası ilə Azərbaycan dövlətçiliyi tarixində yeni bir dövrün başlandığını vurğulayan Milli Məclisin sədri müstəqillik dövründə ölkəmizin əldə etdiyi tarixi nailiyyətləri auditoriyanın diqqətinə çatdırıb.
Spiker Sahibə Qafarova deyib ki, bu gün Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini beynəlxalq arenada yeganə davranış qaydaları kimi qəbul edərək, qarşılıqlı etimad və maraqlar əsasında çoxvektorlu əməkdaşlığa və bərabərhüquqlu tərəfdaşlığa önəm verir, hər zaman dialoq və həmrəyliyə səylər göstərir. O, çıxışında nəzərə çatdırıb ki, ötən il biz Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30-cu ildönümünü qeyd etdik. Azərbaycan bütün bu illər ərzində Birləşmiş Millətlər Təşkilatının məsuliyyətli üzvü olub, beynəlxalq hüquq və ədalət prinsiplərinin qorunması üçün əlindən gələni edib. Azərbaycan 155 üzv dövlətin dəstəyi ilə 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib ki, bu da beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan etimadın yüksək səviyyəsini göstərir. Azərbaycan Təhlükəsizlik Şurasına iki dəfə sədrlik edib.
O, bildirib ki, Azərbaycan BMT ilə yanaşı, Qoşulmama Hərəkatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional qurumların üzvüdür. Azərbaycan beynəlxalq birliyin fəal üzvü olmaqla beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olmasına önəm verir. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının mandatı ilə həyata keçirilən bir çox beynəlxalq sülhməramlı əməliyyatlara öz töhfəsini verib. NATO-nun Əfqanıstandakı "Qətiyyətli Dəstək" missiyasında da iştirak edib.
Spiker qeyd edib ki, enerji təhlükəsizliyi ilə bağlı narahatlığın artdığı dövrdə Azərbaycan Avropanın və beynəlxalq bazarların ardıcıl və etibarlı neft və qaz təchizatçısı kimi tərəfdaşlarının enerji təhlükəsizliyinə öz töhfəsini verir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi meqalayihələrin reallaşdırılması Avropanın enerji xəritəsini tamamilə dəyişib və enerji daşıyıcılarının tədarükünün şaxələndirilməsində mühüm rol oynayır. Bundan başqa, Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi orta dəhlizin əsas beynəlxalq nəqliyyat-logistika qovşaqlarından birinə çevirib.
Milli Məclisin sədri Sahibə Qafarovanın sözlərinə görə, bu gün Azərbaycan dünyanın mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur. Cənubi Qafqaz regionunda Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan ləyaqət, sülh və dostluq şəraitində birlikdə yaşayan müxtəlif etnik və dini qruplara ev sahibliyi edir. Müxtəlif dini və mədəni abidələr, məscidlər, kilsələr və sinaqoqlar bir-birinin yanında yerləşir. Multikulturalizm xalqımızın həyat tərzidir. Nəticə etibarilə, müxtəlif mədəniyyətlərə, dinlərə və irqlərə hörmət Azərbaycan xalqının mənəvi dəyərlərinin və dövlət siyasətinin ayrılmaz hissəsidir.
Sahibə Qafarova Azərbaycanın multikulturalizm və tolerantlıq məsələlərinə hər zaman xüsusi önəm və diqqət göstərdiyini bildirərək, qeyd edib ki, BMT-nin Sivilizasiyalar Alyansı Forumu, Qlobal Bakı Forumu, Dünya Dini Liderləri Forumu və Mədəniyyətlərarası Dialoq Forumu kimi çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan, mədəniyyətlərarası və dinlərarası dialoqu qlobal sülhə, harmoniyaya və əməkdaşlığa gətirib çıxara biləcək əsas amil hesab edir.
Spiker, Azərbaycanın 2019-cu ildən Birləşmiş Millətlər Təşkilatından sonra ən böyük beynəlxalq institut olan Qoşulmama Hərəkatının sədri olduğunu, bu sədrlik çərçivəsində ölkəmizin hərəkatın institusional inkişafında mühüm addımlar atdığını deyib. Bildirib ki, parlamentlərarası əməkdaşlığın qlobal miqyasda əhəmiyyətini dərk edən Azərbaycan Hərəkatın parlament ölçülərinin inkişaf etdirilməsi təşəbbüsünü irəli sürdü və 2021-ci ilin noyabr ayında Madriddə təntənəli şəkildə açılışı olan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilk Bakı konfransını 2022-ci ilin iyun ayında Azərbaycanda, ikinci Manama konfransını isə bu il Bəhreyndə keçirdi. Digər mühüm təşəbbüs isə Daimi Katibliyi Bakıda yerləşəcək Qoşulmama Hərəkatının Gənclər Təşkilatının yaradılması idi. Beləliklə, bu təşəbbüslər dünyanın müxtəlif bölgələrini təmsil edən Qoşulmama Hərəkatının 120 üzvü arasında həmrəyliyin və əməkdaşlığın daha da möhkəmləndirilməsinin elementləri kimi qəbul edilir.
O, qeyd edib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi COVID-19 pandemiyasının ən ağır dövrünə təsadüf edib. Ölkəmiz bu sədrlikdən pandemiyaya qarşı mübarizədə beynəlxalq birliyin kollektiv səylərini və birgə fəaliyyətini gücləndirmək üçün bir vasitə kimi istifadə etmişdir. Bu məqsədlə Azərbaycan bir sıra uğurlu qlobal təşəbbüslər irəli sürüb. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçirilib. 2021-ci ilin mart və dekabr aylarında isə BMT İnsan Hüquqları Şurası və Baş Assambleyası "COVID-19 pandemiyasına cavab olaraq bütün ölkələrin peyvəndlərə ədalətli, əlçatan, vaxtında və universal çıxışının təmin edilməsi" adlı qətnamələr qəbul etdilər. Bundan başqa, Azərbaycan 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar dəstək verib. Ölkə Prezidenti İlham Əliyev, həmçinin COVİD-19-dan sonra qlobal bərpa üzrə BMT-nin yüksək səviyyəli qrupunun yaradılmasını təklif edib.
Sahibə Qafarova bildirib ki, COVID-19-a cavab olaraq Qoşulmama Hərəkatı Əlaqə Qrupunun cari ilin mart ayında Azərbaycanda ən yüksək səviyyədə keçirilən iclasında Prezident İlham Əliyev Afrika və inkişafda olan kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasına dəstək üçün iki qlobal çağırış etdi və Azərbaycanın hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları ayırdığını elan etdi. Bütün bu təşəbbüslər pandemiya ilə mübarizədə, eləcə də pandemiyadan sonrakı bərpa işlərində beynəlxalq həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə yönəldilib.
Milli Məclisin sədri, çıxışında Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə də geniş məlumat verərək, diqqətə çatdırıb ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini 30 ilə yaxın müddət ərzində işğal altında saxlayıb. İşğal illərində Ermənistan tərəfindən şəhər və kəndlərimiz viran edilib, Azərbaycanın tarixi, mədəniyyət və dini abidələri erməni vandalizmi nəticəsində dağıdılıb, həmin rayonların təbiətinə qarşı ekoloji terror törədilib. İşğal olunmuş torpaqlarda Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı məcburi köçkün və qaçqın vəziyyətinə salınıb.
Spiker bildirib ki, Azərbaycan uzun illər ərzində bu münaqişənin sülh yolu ilə həllini gözlədikdən sonra, nəhayət 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiə hüququndan istifadə edərək, öz gücü ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və beynəlxalq hüququn prinsip və normalarının icrasını təmin etdi, bununla da öz ərazi bütövlüyünü, həmçinin tarixi ədaləti bərpa etdi.
O, qeyd edib ki, indi biz "ağıllı şəhərlər və kəndlər" konsepsiyası əsasında bu ərazilərin bərpası və yenidən qurulması üzrə genişmiqyaslı işlərə başlamışıq. Keçmiş məcburi köçkünlərin ilk ailələri artıq evlərinə qayıtmağa başlayıb.
Parlamentin sədri işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən quruculuq işlərində ən mühüm problemlərdən birinin Ermənistanın həmin ərazilərdə bir milyondan çox mina quraşdırmasının olduğunu söyləyib. O, son iki il ərzində təxminən 300 mülki vətəndaşın və hərbi qulluqçunun bu minalara düşərək həlak olduğunu və yaralandığını deyib.
Sahibə Qafarova bildirib ki, Azərbaycan regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün səylər göstərir və Ermənistana beynəlxalq hüququn beş prinsipi əsasında sülh müqaviləsinin imzalanmasını təklif edib. Lakin Ermənistan hələ də öz üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozur, silahlı birləşmələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində saxlayır və regionda bütün kommunikasiya və nəqliyyat marşrutlarının açılmasına mane olur. Bu ölkə birtərəfli qaydada sülh danışıqlarından çıxaraq, vəziyyəti gərginləşdirmək məqsədilə Azərbaycanın sərhədində və suveren ərazisində hərbi təxribatlar törətməkdə davam edir. Ermənistanın gələcəyə baxışının nə vəd etdiyi hələ məlum deyil.
O, deyib ki, Azərbaycan işğala məruz qalmış dövlət olmasına baxmayaraq, gələcəyə baxır və sülh uğrunda səylər göstərir. Çünki sülh sabitliyə, inkişafa və əməkdaşlığa aparan yeganə yoldur.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova dost və tərəfdaş ölkələr olan Azərbaycan və Polşa arasındakı münasibətlər barədə də məlumat verərək, bildirib ki, ölkələrimiz arasında müasir münasibətlərin tarixi 31 il olsa da, xalqlarımız arasında dostluq və əməkdaşlıq ənənələri əsrlər boyu mövcuddur. Spiker tarixə ekskurs edərək, vaxtilə Azərbaycanda yaşamış və çalışmış polyak əsilli tanınmış xadimlər barədə məlumat verib.
Hazırda Azərbaycanla Polşa arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Sahibə Qafarova, hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin münasibətlərimizin dərinləşməsində mühüm rolunu qeyd edib, müxtəlif sahələrdə əməkdaşlıq üçün böyük potensial imkanların olduğunu, hər iki tərəfdə də bu potensialdan istifadə etmək və iqtisadiyyat, ticarət, nəqliyyat, digər sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün güclü iradə olduğunu deyib.
Sahibə Qafarova qeyd edib ki, xalqlarımız arasında çoxillik dostluq ənənələri təhsil, elm, mədəniyyət və turizm sahəsində əməkdaşlığa çox müsbət təsir göstərir. Çoxsaylı mədəni tədbirlər, humanitar sahədə qarşılıqlı faydalı fəaliyyət xalqlarımızı daha da yaxınlaşdırır.
Şübhəsiz ki, ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərin qarşılıqlı fəaliyyətidir. Biz parlamentarilər öz xalqımızı təmsil edirik və işimiz onun iradəsini əks etdirir. Azərbaycan və Polşa parlamentləri arasındakı münasibətlərdən danışan Milli Məclisin sədri bildirib ki, bu gün qanunverici orqanlarımız arasında həm ikitərəfli səviyyədə, həm də parlamentlərarası təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq qurulub. Parlament spikerlərinin, dostluq qruplarının qarşılıqlı səfərləri bu əməkdaşlığın daha da inkişafına təkan verir.
Spiker son 3 gündə həmkarları ilə bir neçə görüş keçirdiyini, bu səfərin nəticələrindən məmnun qaldığını söyləyib. Bildirib ki, aparılan müzakirələr və əldə edilən nəticələr onu göstərir ki, ölkələrimiz və parlamentlərimiz arasında dostluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq uğurla inkişaf edəcək və möhkəmlənəcəkdir.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi