Milli Məclisdə Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib

Tədbirlər
03 may 2023 | 17:45   
Paylaşın:        

Mayın 3-də Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli ölkəmizdə səfərdə olan Özbəkistan Ali Məclisi Senatının, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvü Sodikjon Turdiyevin rəhbərlik etdiyi Özbəkistan nümayəndə heyəti ilə görüşüb.

Vitse-spiker Fəzail İbrahimli görüşdən məmnunluğunu ifadə edərək, Milli Məclisin sədri Sahibə Qafarovanın salamlarını Özbəkistan nümayəndə heyətinin üzvlərinə çatdırıb. O, qarşılıqlı səfərlərin və aparılan danışıqların əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini söyləyib, bu səfərin Azərbaycan üçün əlamətdar günlərə - xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi ilə əlaqədar silsilə tədbirlərin keçirildiyi bir zamana təsadüf etdiyini bildirib.

Vitse-spiker dövlətlərimiz və xalqlarımız arasında tarixən səmimi dostluq və qardaşlıq münasibətlərinin olduğunu deyib, Azərbaycanla Özbəkistan arasında ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi üçün yaxşı perspektivlərin olduğunu qeyd edib.

Hər iki ölkə parlamentləri arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyindən danışan vitse-spiker, qanunvericilik orqanlarımızda fəaliyyət göstərən dostluq qrupları çərçivəsində əlaqələrin genişləndirilməsinin təcrübə və informasiya mübadiləsi baxımından önəmli olduğunu deyib. O, deputatlarımızın, həmçinin beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət göstərdiyini söyləyib.

Fəzail İbrahimli Azərbaycanın Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılmış əzəli torpaqlarını azad etdiyini və öz ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb, hazırda işğaldan azad edilmiş ərazilərdə sürətlə həyata keçirilən quruculuq işlərindən danışıb.

Özbəkistan Ali Məclisi Senatının üzvü, Özbəkistanın qəhrəmanı, respublika veteranlarının ictimai fəaliyyətinin dəstəklənməsi üzrə “Nuraniy” Fondunun İdarə heyətinin sədri, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvü Sodikjon Turdiyev səmimi görüşə görə təşəkkürü ifadə edib, ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb. O,  Özbəkistanın Azərbaycanla əməkdaşlığın möhkəmləndirilməsində maraqlı olduğunu deyib, xalqlarımız arasında qədim tarixə malik əlaqələrdən bəhs edib.

Sodikjon Turdiyev Azərbaycanın türk dünyasının güclü dövlətlərindən biri olduğunu bildirərək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb. Bu günlərdə Özbəkistanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirin keçirildiyini deyən qonaq, görkəmli dövlət xadimi Heydər Əliyevin Özbəkistan-Azərbaycan əlaqələrinin möhkəmlənməsində rolundan bəhs edib.

Qonaq parlamentlərarası münasibətlərin genişləndirilməsinin əhəmiyyətindən danışıb, parlament dostluq qrupları çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Söhbətdə Milli Məclisin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Cavanşir Paşazadə, Elman Nəsirov çıxış edərək ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi, parlamentlərarası əlaqələrin inkişafı ilə bağlı fikirlərini açıqlayıblar.

Görüşdə Özbəkistan Ali Məclisi Nümayəndələr Palatasının sədr müavini, Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Alişer Kadırov, Özbəkistan Ali Məclisi Senatının komitə sədri, Azərbaycanla dostluq qrupunun üzvü Odiljon İminov, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov, səfirliyin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU