Spiker Sahibə Qafarova Londonda Birləşmiş Krallığın dövlət naziri ilə görüşüb

XƏBƏRLƏR
05 may 2023 | 23:37   
Paylaşın:        

 

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Kralı III Çarlzın tacqoyma mərasimində iştirak etmək məqsədilə bu ölkədə işgüzar səfərdədir.

Mayın 5-də Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə görüşüb.

Dövlət naziri Leo Dokerti spiker Sahibə Qafarovanı salamlayaraq, tacqoyma mərasimində iştiraka görə təşəkkürünü bildirib. O, Birləşmiş Krallıqla Azərbaycanın münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, ölkəmizin Avropanın enerji təchizahçısı kimi rolunun günbəgün artdığını, onun mühüm ticarət və enerji tərəfdaşı olduğunu qeyd edib. Dövlət naziri Azərbaycanın regionda sabitləşdirici rol oynadığını diqqətə çatdırıb və cari ilin fevral ayında Bakıya səfərini məmnunluqla xatırlayıb. Nazir səfər zamanı Azərbaycan rəsmiləri ilə keçirdiyi görüşlərin əhəmiyyətini qeyd edib və Azərbaycan Milli Məclisinin fəaliyyəti ilə maraqlanıb.

Spiker Sahibə Qafarova göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Spiker, Azərbaycan və  Birləşmiş Krallıq arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərdən söz açaraq siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın dinamik inkişafını qeyd edib.

Sahibə Qafarova Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyəti barədə ətraflı məlumat verib. O, parlamentlərimiz arasında əlaqələrin hazırkı inkişaf səviyyəsinin razılıq doğurduğunu qeyd edib. Milli Məclisin sədri ötən ilin iyul ayında Londona səfərini və səfər çərçivəsində parlament rəhbərliyi ilə keçirdiyi görüşləri  məmnunluqla xatırlayıb.

Spiker Sahibə Qafarova görüşdə hazırda regionda mövcud olan vəziyyət barədə də məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da fikir mübadiləsi aparılıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU