Azərbaycan-Pakistan əlaqələri inkişaf edir

Tədbirlər
10 may 2023 | 18:33   
Paylaşın:        

Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Pakistan İslam Respublikasında səfərdədir. Səfər çərçivəsində vitse-spiker Adil Əliyev Pakistan Milli Assambleyasının sədri Raca Pərviz Əşrəflə görüşüb.

Görüşdə Azərbaycanla Pakistan arasında münasibətlərin inkişafından bəhs edilib, iki dövlət arasında dostluq əlaqələrinin daha da gücləndirilməsinin vacibliyi qeyd olunub.

Parlamentin sədr müavini Adil Əliyev bildirib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. 2022-ci ildə ölkələrimiz arasında münasibətlərin qurulmasının 30 ili tamam olub. O, qeyd edib ki, xalqlarımız arasında möhkəm dostluq əlaqələri mövcuddur. Bu gün hər iki ölkənin dövlət başçılarının, parlament sədrlərinin qarşılıqlı səfərləri, imzalanan sənədlər münasibətlərimizin dərinləşməsinə xidmət edir.

 Vitse-spiker Vətən müharibəsindən sonra bölgədəki vəziyyət barədə də məlumat verib. O, bildirib ki, müharibənin bitməsindən 3 il keçməsinə baxmayaraq, Ermənistan tərəfi sülh müqaviləsini imzalamaqdan yayınır. Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında yekun sənəd hələ də imzalanmayıb. O, bu gün üzləşdiyimiz digər bir problemin vaxtilə işğal altında qalmış Azərbaycan ərazilərində Ermənistan tərəfindən basdırılmış minalarla bağlı olduğunu deyib. Minaların qurbanı olan vətəndaşlarımızın sayının 300 nəfərdən çox olduğunu, qurbanların böyük əksəriyyətinin mülki şəxslər olduğunu söyləyib. Vitse-spiker aşkar edilən minaların  çoxunun 2021-ci ildə Ermənistanda istehsal olunduğunu bildirib.

Adil Əliyev diqqətə çatdırıb ki, 2020-ci ildə əldə edilmiş qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı  quruculuq işləri həyata keçirilir. İndiyədək 2 beynəlxalq hava limanı açılıb, daha birinin isə tikintisi davam etdirilir, digər infrastruktur layihələr sürətlə aparılır. O, işğaldan azad olunmuş torpaqlarda yenidənqurma işlərinə  2020-2022-ci illərdə dövlət büdcəsindən 4 milyard dollar, cari ildə 1,7 milyard dollar vəsait ayrıldığını bildirib. Vitse-spiker bu ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi irimiqyaslı layihələrin həyata keçirildiyini, məcburi köçkün olmuş Azərbaycan vətəndaşlarının uzun illərdən sonra öz dogma yurd-yuvalarına qayıtmağa başladığını söyləyib.

Söhbət zamanı Azərbaycan və Pakistan parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU