MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
06 mart 2013 | 06:03   
Paylaşın:        

 Martın 5-də Milli Məclisin növbəti iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov açaraq bildirdi ki, Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar dünyanın bir çox dövlətlərində anım mərasimləri və toplantılar keçirilib. Bir neçə ölkədə Ermənistanın təcavüzkar ölkə olduğu barədə qətnamələr qəbul olunub. Spiker  dedi: “Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasətinin nəticəsində baş tutur. Eyni zamanda baş verən hadisələr göstərir ki, bir çox ölkələrin 30-40 ilə keçdikləri yolu biz cox az bir zamanda böyük sürətlə keçirik.  Xocalı soyqırımı ilə bağlı qətnamələr əvvəlcə Pakistan, Meksika və Kolumbiya parlamentlərində qəbul edilmişdi. Artıq ABŞ-ın 7 ştatında və Avropanın bir çox ölkələrində Azərbaycanın haqq səsi eşidilməyə başlayıb. Son olaraq isə Bosniya və Hersoqovina parlamentində səs çoxluğu ilə qətnamə qəbul edildi. Eyni ilə Çexiya və Rumıniyada da Ermənistan təcavüzkar ölkə adlandırılmışdır. Hesab edirəm ki, bu, Azərbaycan diplomatiyasının növbəti təntənəsidir və bir daha sübut edir ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılan işlər yüksək səviyyədədir”. Milli Məclisin Sədri bu istiqamətdə zəhməti olan bütün şəxslərə, təşkilatlara minnətdarlığını bildirdi və təklif etdi ki, Azərbaycan Milli Məclisinin adından yuxarıda adları çəkilən dövlətlərin parlamentlərinin rəhbərliyinə təşəkkür məktubları göndərilsin.
İclasda cari  məsələlərin  müzakirəsi bütövlükdə Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərə həsr olundu. Çıxış edən deputatlar Məlahət İbrahimqızı, Musa Qasımlı, Fazil Mustafa, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Qənirə Paşayeva, Bəxtiyar Əliyev, Asəf Hacıyev qeyd etdilər ki, Xocalı soyqırımı ilə bağlı aparılan kampaniya artıq dünyada ermənilərin uydurma “soyqırım” iddialarını arxa plana keçirib. Dünya əsl Azərbaycan həqiqətləri ilə tanış olur və Ermənistan təcavüzkar ölkə kimi ifşa edilir. Bütün bunlar Azərbaycan həqiqətlərinə dünya dövlətlərinin verdiyi qiymətdir. Qeyd olundu ki, Azərbaycan diplomatiyasının qələbəsi get-gedə geniş vüsət alır və faciənin 20-ci ildönümü zamanı Bakıda təşkil olunan ümumxalq yürüşü zamanı Azərbaycan Prezidentinin xalqın önündə getməsi bir çox dövlətlər və antiazərbaycançı qüvvələr üçün xəbərdarlıq olub. Bütün dünyaya bəyan oldu ki, xalq hər zaman İlham Əliyevin arxasındadır. 
Müzakirələr zamanı deputatlar Fransa parlamentində baş vermiş xoşagəlməz hadisəyə də toxundular. Qeyd olundu ki, özünü demokratiyanın beşiyi adlandıran Fransa kimi bir dövlətin parlamentində 2 nəfər soydaşımıza 150 nəfərə yaxın ermənin hücum etməsi faktı utancverici haldır. Deputatlar Milli Məclisin bu məsələyə münasibət bildirməsi təklifi ilə cıxış etdilər. Millət  vəkillərinin fikrinə  münasibət  bildirən spiker Oqtay Əsədov dedi  ki, belə bir  qanunsuzluq Fransa parlamentinin bir zalında baş verib və Azərbaycan Xarici İşlər Nazirliyi dərhal məsələ ilə bağlı Fransa tərəfinə öz etirazını bəyan edib. Bununla bağlı artıq ciyanət işi açılıb. Ona görə də bir qədər gözləmək gərəkdir. Nəticə bəlli olduqdan  sonra Milli Məclis öz mövqeyini açıqlaya bilər.   
Müzakirələrdən sonra iclasda Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında “İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2012-ci il üzrə illik məruzəsi” dinlənildi. Ombudsman Elmira Süleymanova bildirdi ki, Ombudsman təsisatının ötən 10 ili ərzindəki fəaliyyəti insan, vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, insan hüquqlarının pozulmasının qarşısının alınmasına, pozulmuş hüquqların bərpasına, bütövlükdə insan hüquqlarının inkişaf etdirilməsinə, vətəndaş cəmiyyəti və demokratiya meyarlarına cavab verən dövlətçiliyin daha da möhkəmləndirilməsinə yönəlib.  Azərbaycanın tərəqqisinin tərkib hissəsi kimi daim təşəkkül edən və inkişafda olan təsisatın qazandığı uğurlar dövlətin və onun səlahiyyətli qurumlarının dəstəyi ilə başa gəlib.
2012-ci ildə bütün sahələrdə davam etdirilmiş ardıcıl islahatlar, o cümlədən, irimiqyaslı sosial-iqtisadi tədbirlər  nəticəsində  dövlət  büdcəsi  sosial yönümlü olmaqla davamlı şəkildə  artmış,  vergi  və sosial  təminat  sistemləri  təkmilləşdirilmiş,  bir  sıra   sahələrdə “bir pəncərə”  sistemi, habelə “elektron hökumət” uğurla tətbiq edilmiş,  “ASAN”  xidmət fəaliyyətə başlamış, bürokratik əngəllərin aradan qaldırılması  və şəffaflığın  təmin olunması üzrə  işlər  genişləndirilmişdir.
İl ərzində müvəkkil  həm paytaxtda, həm də regionlarda əhali ilə geniş  ünsiyyət  yaratmış,  görüşlər  və qəbullar  keçirmiş,  müxtəlif  vaxtlarda insan  hüquqlarının təminatı üzrə monitorinq aparmış,  həmçinin öz  izahat  və  məsləhətləri,  məsələlərə bilavasitə  müdaxiləsi, habelə  yerli icra  hakimiyyətlərinin, mərkəzi icra orqanları bölmələrinin,  bələdiyyələrin rəhbərlərini  pozulmuş insan  hüqüqlarının bərpası işinə  cəlb  etməklə insan hüquqlarının  səmərəli  müdafiəsinə çalışmışdır. Bu  da  dövlətin nüfuzunun artmasına, dövlətçiliyin inkişafına  xidmət  edir. 
İnsan hüquqları  üzrə Müvəkkilin (Ombudsmanın) fəaliyyəti  dövründə onun  ünvanına  ümumilikdə,  87.870, o cümlədən, 2012-ci ildə 12.470  müraciət  daxil olmuşdur. Ötən il müvəkkil tərəfindən  aparatda, regionda, istintaq  təcridxanalarında,  hərbi  hissələrdə, uşaq, əlil  və ahıl evlərində  görüşlər zamanı  470 şəxs  qəbul  edilib.  Şəxsiyyət  vəsiqəsi, habelə qeydiyyatla bağlı respublikanın şəhər və rayonlarından 89  müraciət  daxil olub və hər bir  müraciət əsasında  görülmüş  tədbirlər  nəticəsində  pozulmuş  hüquqlar  bərpa  edilib.
Elmira  Süleymanova  öz  çıxışında  bildirdi ki, Ombudsman  Aparatına daxil olan şikayətlərdə həmçinin,  qeydiyyat və notariat orqanlarında, bələdiyyələrdə, mənzil-istismar sahələrində və yerli icra hakimiyyəti nümayəndəliklərində, səhiyyə müəssisələrində, doğum evlərində, cərrahi müdaxilə ilə müşayiət olunan müalicə prosesində, orta məktəblərdə, uşaq bağçalarında, ali və orta ixtisas müəssisələrində, daşınmaz əmlakın dövlət reyestri xidmətində, tibbi-sosial ekspert komissiyalarında, ünvanlı sosial yardımların təyin olunması, şəxsiyyət vəsiqələrinin və digər zəruri sənədlərin verilməsi, özbaşına tikililərin aparılması zamanı korrupsiya hallarına yol verilməsi barədə  məsələlər öz əksini tapıb.  Ombudsmana daxil olan şikayətlərin 43,7 faizi icraata qəbul edilib, onlardan 65,2 faizi demək olar ki, tam təmin olunub.
KİV  nümayəndələrinin, xüsusilə  də insan  hüquqları  sahəsində yazan  jurnalistlərin peşə hazırlığının yüksəldilməsi,  onların  hüquqi  biliklərinin artırılması məqsədi ilə müvəkkilin təşəbbüsü və təklifi  əsasında   treninqlər  və  seminarlar  keçirilmiş, maarifləndirmə ilə bağlı  iş  aparılmışdır. Müvəkkil hər bir  kəsin informasiya almaq hüququ olduğunu, bu hüququn səmərəli təmin edilməsinin zəruriliyini, vətəndaşlara, o cümlədən, jurnalistlərə onları maraqlandıran məlumatları sərbəst  şəkildə əldə etmək, yaymaq  üçün zəriru  şərait  yaradılmasının vacibliyini bildirmişdir.
Millət  vəkilləri Zahid  Oruc, Qüdrət  Həsənquliyev,  Fərəc  Quliyev, Elmira Axundova, Astan Şahverdiyev, Qənirə Paşayeva, Aqiyə  Naxçıvanlı, Aydın Mirzəzadə, Siyavuş Novruzov çıxış edərək  Ombudsmanın məruzəsinə münasibətlərini bildirdilər. Qeyd olundu ki,  bu yubiley məruzəsində  göstərilən işlər  Azərbaycan  hökumətinin  il ərzində  apardığı  siyasətin  əsasında  həyata  keçirilib.
Sonda  İnsan hüquqları  üzrə Müvəkkilin (Ombudsman) illik hesabatı  deputatlar  tərəfindən  müsbət  qiymətləndirilərək qəbul edildi.
Fasilədən sonra  gündəlikdəki  digər  məsələlərə baxıldı. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi ilə bağlı sənəd haqqında Hüquq   siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Gündəlikdəki  digər  3  məsələ - "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanuna  dəyişiklik edilməsi, qanunun tətbiqi haqqında Əsasnaməyə dəyişiklik edilməsi  və "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə sənədlər  haqqında məlumat verən  Əli Hüseynli bildirdi ki, bununla əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı asanlaşdırılmış olacaq. Əgər indiyədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı gələn şəxsin üzərinə düşürdüsə,  dəyişikliyə əsasən  qeydiyyat  məsələsi qəbul  edən tərəfin üzərinə qoyulur. Ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal əcnəbini olduğu yer üzrə qeydiyyata alır  və bu barədə 48 saat ərzində qəbul edən tərəfə məlumat verir. Müzakirələrdən sonra   qanun layihələri səsə  qoyularaq  qəbul edildi.
Əli Hüseynli "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" qanunda dəyişiklik edilməsi barədə  və Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişikliklər edilməsi barədə  sənədlər  haqqında da  məlumatları  səsləndirdikdən sonra  hər iki sənəd  səsvermə  yolu ilə qəbul  edildi.   
Sonra İnsan  hüquqları  komitəsinin sədri Rəbiyyət  Aslanova "Məlumat azadlığı haqqında" qanunda dəyişiklik edilməsi barədə   qanun layihəsini  təqdim  etdi.  Sənəddəki  dəyişikliklər millət  vəkilləri  tərəfindən razılıqla  qarşılandı  və sənəd  qəbul edildi. 
"Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında",  "Pirallahı rayonu ərazisində Pirallahı bələdiyyəsinin yaradılması haqqında" qanun layihələri  ilə bağlı Regional  məsələlər komitəsinin sədri  Arif Rəhimzadə məlumat  verdi. Bildirildi ki, yeni yaranan müstəqil Pirallahı bələdiyyəsi yeni yaradılan rayonun həyatında mühüm rol oynayacaq.  Hər iki qanun layihəsi səs  çoxluğu ilə qəbul  edildi.
İclasda "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə sənəd də səsvermə  yolu ilə  qəbul olundu. 
İclasın  sonunda "Uşaqların icbari dispanserizasiyası" haqqında qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Layihə barədə  məlumat verən Milli Məclis Sosial  siyasət  komitəsininn sədri Hadi Rəcəbli  bildirdi ki,  qanun ilk oxunuşda  Milli Məclisdə  bütövlükdə bəyənilib. Müzakirələr  zamanı millət  vəkilləri bir çox  maraqlı təkliflərlə çıxış etdilər və bu təkliflərin əksəriyyəti işçi qrupu  tərəfindən nəzərə alınıb.  Bildirildi ki, sənədin qəbulundan sonra İnzibati Xətalar və Cinayət məcəllələrinə müvafiq əlavə və dəyişikliklər olunacaq. Komitə sədri qanunun tətbiqi ilə bağlı ciddi maarifləndirmə işlərinin aparılmasını vacib  saydı. Müzakirələrdən  sonra  sənəd  fəsil-fəsil səsə  qoyularaq  qəbul  edildi.
Bununla  da Milli Məclis   öz  işini başa  çatdırdı.

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU