Milli Məclisin iclasında

Plenar iclaslar
12 may 2023 | 18:50   
Paylaşın:        

Mayın 12-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

İclası açan Milli Məclisin sədri xatırladıb ki, mayın 10-da axşam saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutaraq qəsdən təxribat törədiblər. Qarşı tərəfin hədəfli atəşi nəticəsində bir hərbi qulluqçumuz şəhid olub, digəri isə ağır yaralanıb.

Təxribatın qarşısını almaq üçün Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb.

Spiker şəhid olmuş hərbi qulluqçumuza Allahdan rəhmət, yaralı hərbçimizin isə tezliklə sağalması arzularını ifadə edib.

Milli Məclisin sədri qeyd edib ki, törədilən təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Aydındır ki, Ermənistanın bu təxribatda əsas məqsədi hazırda aparılan sülh danışıqlarını pozmaqdır.

Sonra iclasda cari məsələlərin müzakirəsi keçirilib. Komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlar Elnur Allahverdiyev, Elşad Mirbəşir oğlu, Qüdrət Həsənquliyev, Bəhruz Məhərrəmov, Etibar Əliyev, Ceyhun Məmmədov, Naqif Həmzəyev, Sahib Alıyev çıxış ediblər.

Millət vəkilləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər, ölkə Prezidenti İlham Əliyevin Şuşadan səsləndirdiyi müraciəti ilə bağlı fikirlərini bildiriblər. Deputatlar dövlət başçısının Qarabağa və Şərqi Zəngəzura səfərinin, bir çox rayon və şəhərlərdə, habelə Şuşada sosial obyektlərin təməlini qoymasının, bir sıra obyektlərin açılışlarında iştirak etməsinin onun bu bölgədə həyata keçirilən quruculuq işlərinə böyük diqqətlə yanaşdığının göstəricisi olduğunu vurğulayıblar.

Çıxışlarda Türkiyədə keçiriləcək seçkilər, Azərbaycanla Türkiyə arasında qardaşlıq, strateji tərəfdaşlıq münasibətləri ilə bağlı fikirlər səsləndirilib. Bəzi qüvvələrin ölkələrimiz arasında olan əlaqələrə kölgə salmaq niyyətində olduğu, qeyri-obyektiv və yanlış açıqlamalar verdiyi qeyd edilib.

Deputatlar son günlərdə Ermənistan tərəfindən baş verən təxribatlardan, Fransa kimi dövlətlərin onlara dəstəyindən danışıblar. Müzakirələr zamanı bir müddət öncə Fransa xarici işlər nazirinin Dağlıq Qarabağ ərazisini anklav adlandırması məsələsinə də münasibət bildirilib. Qeyd olunub ki, indiki şərtlər daxilində, yəni Azərbaycanın iradəsi ilə sülh gündəliyinin aktual olduğu bir dövrdə proseslərin içərisində yer almaq üçün bütün vasitələrdən istifadə edən Fransanın belə mövqedən çıxış etməsi gələcəkdə tək Azərbaycana qarşı deyil, bütövlükdə Cənubi Qafqaz regionunun təhlükəsizliyi və sülh prosesi üçün ciddi təhdid yaradır. Fransanın bu yanaşması habelə  Avropanın maraqları, enerji təhlükəsizliyi istiqamətindəki prioritetləri ilə ciddi ziddiyyət təşkil edir.

Milli Məclisin sədri Sahibə Qafarova dünən Fransanın Azərbaycandakı səfiri ilə görüşdüyünü və bu məsələləri parlament adından səsləndirdiyini diqqətə çatdırıb. Spiker bildirib ki, eyni zamanda, beynəlxalq təşkilatlarda iştirak edən nümayəndə heyətlərinin üzvləri olan deputatlar bu məqamlara mütləq diqqət yetirməli və bu məsələləri qaldırmalıdırlar.

Müzakirələrdə gündəmdə olan digər aktual mövzular, habelə seçiciləri narahat edən bəzi məsələlər barədə də danışılıb.

Sonra spiker Sahibə Qafarova bildirib ki, iclasda 22 məsələ müzakirə olunacaq və gündəliyin birinci məsələsi İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatıdır.

Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov təqdim edib. O, bildirib ki, ölkəmizdə insan alverinin qarşısının alınması, şəxsiyyətin və cəmiyyətin qanuni mənafelərinin həmin hüquqazidd əməllərdən müdafiəsi ilə bağlı tədbirlər “İnsan alverinə qarşı mübarizə üzrə 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində hesabat ilində məqsədyönlü şəkildə davam etdirilib.

Seyfulla Əzimov qeyd edib ki, Milli Fəaliyyət Planında təsbit edilmiş maarifləndirmə, ölkəyə turist kimi gələn şəxslərin mənafelərinin qorunması, medianın monitorinqi, erkən nikahların qarşısının alınması, baxımsız qalan, təhsildən yayınan, övladlığa götürülmüş, qəyyumluğa, yaxud himayəyə verilmiş uşaqların ailələrinə nəzarət, dövlət uşaq müəssisələrinin məzunlarına sosial-hüquqi və sosial-psixoloji xidmətlərin göstərilməsi, treninqlərin və təlimlərin keçirilməsi və digər zəruri tədbirlərin yerinə yetirilməsi təmin edilib.

Bildirilib ki, insan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallarla bağlı şəhər və rayonlarda fəаliyyət göstərən orta-ixtisas təhsil müəssisəsində mааrifləndirici sеminаrlаr kеçirilib, “ASAN” və “DOST” xidmət mərkəzlərində insan alverinin qarşısının alınması mövzusunda maarifləndirici görüşlər və tədbirlər təşkil olunub.

Eyni zamanda, Azərbaycan vətəndaşları tərəfindən övladlığa götürülmüş uşaqların həyat şəraiti ilə bağlı 1.215, əcnəbilərin övladlığa götürdüyü azərbaycanlı uşaqların həyat şəraitinin öyrənilməsi üçün 21 monitorinqin aparıldığı və həmin ailələrdə hər hansı neqativ halların aşkarlanmadığı qeyd olunub. Habelə, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət uşaq müəssisələrinin məzunları olan 21 gəncin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin edildiyi, internat məktəblərinin məzunları üçün biznesin başlanğıcı, müstəqil yaşamaq bacarıqlarının aşılanması mövzuları üzrə təlimlər keçirildiyi, habelə sosial müdafiəyə ehtiyacı olan sağlamlıq imkanları məhdud uşaqların peşə kurslarına cəlb edildiyi söylənilib.

Qeyd olunub ki, insan alverinə qarşı mübarizədə fəaliyyət göstərən məsul şəxslərə təlimlər keçirilib və bu məqsədlə şəhər və rayon polis orqanlarının rəhbər vəzifəli əməkdaşları ixtisaslaşmış peşə hazırlığı təlimlərinə, polis orqanlarının məsul əməkdaşları isə müxtəlif  mövzularda təlimlərə cəlb olunublar. Həmçinin vəkillərin, hüquqşünasların, QHT nümayəndələrinin iştirakı ilə insan alverinə qarşı mübarizəyə dair təlimlər, erkən nikahların qarşısının alınması və bu sahədə məlumatlılığın artırılması məqsədilə tədbirlər təşkil edilib.

Nazir müavini diqqətə çatdırıb ki, hesabat ilində məcburi əməyin qarşısının alınması, onun qurbanlarının müəyyən edilməsi, bu növ cinayətlərə şərait yaradan halların aradan qaldırılması ilə bağlı Milli Fəaliyyət Planında təsbit olunmuş vəzifələr yerinə yetirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi və yerli icra hakimiyyəti orqanları tərəfindən 2.357 nəfər işlə təmin olunub, işsiz kimi qeydiyyata alınmış 502 şəxsə sığorta ödənişi təyin edilib, 36 nəfər sosial iş yerlərinə, 327 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib, 1.066 yeni iş yeri açılıb, 4.019 nəfər əmək bazarının tələblərinə cavab verən peşə və ixtisaslar üzrə hazırlıq kurslarına cəlb olunub.

Qeyd edilib ki, müvafiq sahədə hüquq pozuntularının qarşısının alınması məqsədilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən keçirilmiş yoxlamalarla 55 tikinti obyektində 75 nəfərin əmək və ya xidməti müqavilə olmadan işlədiyi aşkarlanıb. Nəticədə bir işəgötürən fiziki şəxs barəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilib, daha 14-ü haqqında ümumilikdə 186.500 manat məbləğdə inzibati cərimə tətbiq edilib. Dövlət Əmək Müfəttişliyi Xidmətinin apardığı yoxlamalar zamanı isə 369 şəxsin əmək müqaviləsi olmadan işləməsi və işəgötürənlər tərəfindən üç halda işçini əmək funksiyasına aid olmayan işi yerinə yetirməyə məcbur etmə faktı müəyyən edilərək aidiyyəti vəzifəli şəxslər barəsində bütövlükdə 1.800.000 manata yaxın inzibati cərimə tətbiq edilib.

Sənədə əsasən, hesabat ilində uşaq əməyinin istismarının qarşısının alınması üzrə həyata keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 685 uşaq, buna şərait yaradan 232 valideyn aşkarlanıb. Nəticədə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 619 material göndərilib, övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 48 valideyn inzibati məsuliyyətə cəlb edilməklə polis nəzarətinə götürülüb. Bundan başqa, ictimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı 96 fakt aşkarlanaraq aidiyyəti şəxslər cinayət məsuliyyətinə cəlb edilib, daha 966 nəfər haqqında inzibati tənbeh tədbirləri görülüb.

Seyfulla Əzimov bildirib ki, insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bütövlükdə 204, o cümlədən 157 insan alveri, 3 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə görə 44 cinayət qeydə alınıb. Həmin hüquqazidd əməllərlə əlaqədar başlanılmış 14 cinayət işi üzrə təqsirləndirilən qismində cəlb olunmuş 15 şəxs məhkəmə məsuliyyətinə verilib. Hesabat ilində müəyyən edilmiş 94 insan alveri qurbanından 93-ü Azərbaycan Respublikasının vətəndaşı, biri isə əcnəbi olub. Zərərçəkmişlərin reabilitasiyası və reinteqrasiyası, o cümlədən  onların  tibbi, sosial, psixoloji, hüquqi yardımlarla təmin olunması üçün bütün zəruri tədbirlər həyata keçirilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova Milli Koordinatorun illik məlumatının parlamentin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında geniş müzakirə edildiyini deyib və rəylərin səsləndirilməsi üçün bu komitələrin sədrlərinə söz verib.

Əvvəlcə, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumatı haqqında bu komitənin rəyini bildirib. O, beynəlxalq reytinqlərlə əlaqədar məsələyə dair fikirlərini açıqlayaraq, Azərbaycanın bir çox indekslərlə bağlı dəyərləndirilməsinin müsbət olduğunu deyib. Komitə sədri qlobal mütəşəkkil cinayətkarlıqla bağlı beynəlxalq indeksdə MDB ölkələrinin əksəriyyətinin arzuolunmaz sıralarda dayandığını, Azərbaycanın adının bu sıyahıda olmadığını bildirib. O, uşaq alveri ilə bağlı, bir sıra digər indekslərdə də ölkəmizin mövqeyinin müsbət olduğunu qeyd edib. Komitə sədri sənəddə insan alveri ilə mübarizə sahəsindəki vəziyyətin əhatəli və sistemli şəkildə təqdim edildiyini, infoqrafiklərdən geniş istifadə olunduğunu söyləyib. O, İdarələrarası komissiyanın yaradılması ilə bağlı parlamentdə müvafiq addımların atıldığını bildirib, Milli Koordinatorun bütün hakimiyyət orqanları, o cümlədən parlamentlə, habelə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığının əhəmiyyətindən danışıb.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək rəhbərlik etdiyi komitənin Milli Koordinatorun illik məlumatını müsbət dəyərləndirdiyini deyib. O, Milli Koordinatorun parlament, media, vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı səmərəli əməkdaşlığının təqdirəlayiq olduğunu söyləyib.

Məsələ ətrafında aparılan müzakirələrdə deputatlar Razi Nurullayev və Etibar Əliyev  fikirlərini səsləndiriblər.

Müzakirələrin sonunda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı səsə qoyularaq nəzərə alınıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti 3 məsələsi beynəlxalq sənədlərin təsdiq edilməsi ilə bağlı qanun layihələridir. O, qeyd edib ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən, bu qanun layihələri bir oxunuşda baxılıb, qəbul ediləcək.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun  layihəsini təqdim edib.

O, bildirib ki, Saziş iki dövlət arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə 2023-cü il fevralın 24-də Daşkənd şəhərində imzalanıb. Sazişə əsasən, iqtisadi əlaqələrin inkişafı üçün əlverişli şəraitin yaradılmasına yönəlmiş investisiya fəaliyyətini həyata keçirmək niyyəti ilə həm Azərbaycan və Özbəkistanda, həm də üçüncü ölkələrin ərazisində qarşılıqlı maraq doğuran istiqamətlərdə ixracyönümlü müəssisələrin yaradılması üzrə birgə layihələrin maliyyələşdirilməsi məqsədilə Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması barədə tərəflər arasında razılıq əldə edilib. Fond tərəflərin iqtisadiyyatlarını müasirləşdirmək və inkişaf etdirmək, ikitərəfli əməkdaşlıq imkanlarından səmərəli istifadə etmək məqsədilə yaradılır. Fondun baş ofisi Daşkənd şəhərində, nümayəndəliyi isə Bakı şəhərində yerləşəcək.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva da sənəd barədə bu komitənin müsbət rəy verdiyini bildirib.

Deputatlar Fəzail Ağamalı və Aydın Mirzəzadə sənədlə bağlı fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov “Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.

Diqqətə çatdırılıb ki, Saziş iki dövlət arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı məqsədilə 2023-cü il fevralın 23-də Bakı şəhərində imzalanıb. Sazişdə Tərəf dövlətlərin əraziləri arasında və ya dövlətlərin ərazilərindən tranzit keçməklə, həmçinin üçüncü ölkələrə və ya ölkələrdən yerinə yetirilən beynəlxalq avtomobil daşımalarının tənzimlənməsi qaydaları təsbit olunur. Sazişə əsasən daşıma fəaliyyətini həyata keçirən nəqliyyat vasitələri nəqliyyat vasitələrinin dövriyyəsi və ya sahibliyi ilə bağlı tutulan bütün vergi və rüsumlardan qarşılıqlı olaraq azad olunurlar.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva sənəd barədə bu komitənin rəyini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Sevinc Fətəliyeva “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik və xüsusi/xidməti pasportlara malik şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar notalar mübadiləsinin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında qanun layihəsini nəzərə çatdırıb.

O, bildirib ki, "Azərbaycan Respublikası hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında" Anlaşma Memorandumu iki ölkə arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafını təşviq etmək məqsədilə ilkin olaraq 9 iyun 2010-cu il tarixində Bakı şəhərində imzalanıb. Memorandumun 9-cu maddəsinin müddəalarına uyğun olaraq iki ölkə arasında qarşılıqlı razılaşma əsasında və diplomatik kanallarla rəsmi notalar mübadiləsi ilə düzəlişlər edilə bilər.

Təqdim edilmiş layihəyə əsasən, BƏƏ-nin 4 oktyabr 2022-ci il tarixli Notası ilə təklif edilmiş dəyişikliklər, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin 28 dekabr 2022-ci il tarixli notası ilə qəbul edilərək, Anlaşma Memorandumuna başlıqda və mətn boyu "diplomatik və xüsusi/xidməti pasportlar" ifadəsinin "ümumvətəndaş, diplomatik və xüsusi/xidməti pasportlar" ifadəsi ilə əvəz olunması məqsədilə göndərilib. Bu dəyişiklik hər iki ölkənin ümumvətəndaş, diplomatik və xüsusi/xidməti pasportlarına malik olan vətəndaşlarını bir-birinin dövləti ərazisinə daxil olmaq üçün ilkin giriş vizasından azad edəcəklərini nəzərdə tutur.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin spikeri Sahibə Qafarova növbəti 11 məsələnin ikinci oxunuşda qanun layihələri olduğunu söyləyib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı  məlumat verib. O, layihənin birinci oxunuşundan sonra sənədlə bağlı sual doğuran məsələlərin və hər hansı əlavə təklifin olmadığını söyləyib.

Sənədə əsasən, minatəmizləmə sahəsində fəal iştirak edən, səmərəli əməkdaşlığa əhəmiyyətli töhfə verən, dövlətin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində xidməti olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif oluna bilərlər.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra parlamentin birinci vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli  “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, bildirib ki, layihənin məqsədi "İctimai iştirakçılıq haqqında" Qanunda istifadə edilən termin və anlayışların "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələblərinə uyğunlaşdırılmasıdır.

Deputatlar Qüdrət Həsənquliyev, Etibar Əliyev, Kamran Bayramov, Nigar Arpadarai sənəd barədə fikirlərini, qeyd və təkliflərini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini diqqətə çatdırıb. Bildirilib ki, sənəddə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəlik institutunun fəaliyyətinin təmin edilməsi ilə əlaqədar təsis edilən yeni vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusuna uyğun olaraq təsnifləşdirilməsi ilə bağlı müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Energetika haqqında”, “Torpaq icarəsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, layihənin birinci oxunuşu zamanı heç bir təklifin irəli sürülmədiyini bildirib və sənədin səsə qoyulmasını xahiş edib.

Layihədə adları göstərilən qanunlara uyğunlaşdırma və dəqiqləşdirmə xarakterli dəyişikliklər təklif edilir. Sənəddə, habelə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi məqsədləri üçün torpaq sahələrinin əldə edilməsinin xüsusiyyətləri, müqavilələrin bağlanması şərtləri və müvafiq icra orqanlarının səlahiyyətləri ilə bağlı dəyişikliklər nəzərdə tutulub.

Əli Hüseynli Hüquq siyasəti və dövlət quruculuğu, Əli Məsimli İqtisadi siyasət, sənaye və sahibkarlıq, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya, Siyavuş Novruzov Regional məsələlər komitələrinin məsələ ilə bağlı müsbət rəylərini diqqətə çatdırdıqdan sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra birinci vitse-spiker, komitə sədri Əli Hüseynli “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. O, layihənin məqsədinin yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının daha səmərəli və effektiv qorunmasını təmin etməkdən ibarət olduğunu bildirib.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti 6 məsələsinin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu bildirib. Spiker diqqətə çatdırıb ki, gündəliyin 10-cu məsələsi Azərbaycan Respublikasının Ailə Məcəlləsində, 11-ci məsələsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, 12-ci məsələsi “Sosial müavinətlər haqqında” Qanunda, 13-cü məsələsi “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda, 14-cü məsələsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda, 15-ci məsələsi “Sosial xidmət haqqında” Qanunda dəyişikliklər edilməsi barədə ikinci oxunuşda olan qanun layihələridir. O, bu qanun layihələrinə 3 komitədə baxıldığını qeyd edib.

Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Tamam Cəfərova 10-cu və 13-cü məsələlər – Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələri ilə bağlı məlumat verib.

O, bildirib ki, Ailə Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi  himayədar ailə institutunun inkişaf etdirilməsi və təşviqi, habelə valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrə yerləşdirilməsi, uşaqların müəssisələrdən ailələrinə qaytarılması, müəssisələrdə olan uşaqların fərdi inkişaf planlarının hazırlanması məsələləri ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb. Qeyd edilib ki, təklif olunan dəyişikliklər  himayədar ailə institutunun uğurlu tətbiqinə, valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrə düşməsinin qarşısının alınmasına, bununla da həmin uşaqların ailə mühitində tərbiyə almaq imkanlarının genişləndirilməsinə xidmət edəcək.

Millət vəkili diqqətə çatdırıb ki, komitə iclasında qanun layihəsi bir daha müzakirə edilib və bəzi kiçik texniki düzəlişlər təklif olunub. İrəli sürülən təkliflər layihənin təşəbbüskarı olan qanunvericilik subyekti ilə razılaşdırılıb.

Qeyd olunub ki, "Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişiklik edilməsi haqqında" qanun layihəsinin qəbulu ilə əlaqədar "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunda dəyişiklik edilməsi nəzərdə tutulub. Layihədə himayədar valideyn (himayədar ailə) anlayışının, habelə himayədar ailəyə verilmiş uşaqların sosial müdafiəsi ilə əlaqədar müddəaların əlavə edilməsi təklif olunur.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli 11-ci və 14-cü məsələləri – Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələrini diqqətə çatdırıb. O, bildirib ki, hər iki layihə "Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinə uyğun olaraq hazırlanıb.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev 12-ci və 15-ci məsələləri – “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələrini təqdim edib.

O, bildirib ki, “Sosial müavinətlər haqqında” qanuna edilən dəyişikliklər mahiyyət etibarı ilə himayədar ailə institutunun yaradılması ilə əlaqədar Ailə Məcəlləsinə edilən dəyişikliklərə uyğunlaşma xarakteri daşıyır. Düzəlişlərə əsasən, himayədar ailəyə verilmiş uşaqların tərbiyəsi və onlara mövsümi geyimlərin alınması məqsədi ilə 2 yeni sosial müavinət növü təsis edilir. Onlardan biri uşağın tərbiyəsi ilə bağlı xidmətlərin qarşılanması üçün nəzərdə tutulmuş aylıq müavinətdir, digəri isə mövsümi geyimlərin alınması üçün birdəfəlik müavinətdir. Digər dəyişikliklərdə həmin müavinətlərin verilməsi qaydaları, şərtləri, müddətləri və dayandırılması ilə bağlı hüquqi əsaslar ehtiva olunur.

Komitə sədri deyib ki, “Sosial xidmət haqqında” qanuna təklif olunan dəyişikliklər də Ailə Məcəlləsinə təklif edilən dəyişikliklərə uyğunlaşdırma ilə bağlıdır.

Sonra təqdim olunan bu 6 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, gündəliyin son 7 məsələsi birinci oxunuşda olan qanun layihələridir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini  (birinci oxunuş) təqdim edib. Diqqətə çatdırılıb ki, layihədə ölkə Prezidenti tərəfindən həyata keçirilən  məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi istiqamətində növbəti tədbirlərin hüquqi əsasları müəyyən edilir. Sənəd ədalət mühakiməsi prosesini sürətləndirmək məqsədilə dövlət tərəfindən əhalinin az təminatlı, sosial müdafiəyə xüsusi ehtiyacı olan və digər həssas təbəqələrinin məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi üçün hazırlanıb.

Layihəyə əsasən, vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallardan başqa, həmçinin mülki işlər üzrə birinci və apellyasiya instansiyalarında da peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxslərin dövlət hesabına vəkillə təmin olunmasının hüquqi əsasları müəyyən edilir. Bu şəxslərin dairəsi layihədə müvafiq  maddələrdə qeyd olunur. Eyni zamanda, bu kateqoriya şəxslər vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda da pulsuz (dövlət hesabına) hüquqi yardım almaq hüququna malik olacaqlar.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli  “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinin mahiyyətini nəzərə çatdırıb.

O, bildirib ki, sənədin əsas məqsədi sahibkarların maraqlarının gücləndirilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsidir. Təklif olunan dəyişikliklər yoxlayıcı orqanlar üçün əlavə tədbirlər müəyyən edir ki, bu da sahibkarlıq subyektlərinin yoxlamalarla bağlı qanunla qorunan hüquqlarını daha da möhkəmləndirir. Layihədə “yoxlama obyekti”nin anlayışı və onun əhatə dairəsi müəyyən olunur. Bu yanaşma imkan verəcək ki, yoxlama obyektinin hər hansı biri üzrə yoxlama aparıldıqda, sahibkarın fəaliyyəti bütövlükdə dayandırılmasın. Sənəddə, habelə “Risklərin idarə olunması” anlayışı, onun strukturu, struktura daxil olan komponentlərin anlayışları verilir. Bu cür yanaşma risklərin idarə olunmasına aydınlıq, ardıcıllıq və şəffaflıq gətirəcək.

Qeyd olunub ki, qanuna yoxlayıcının və sahibkarın hüquq və vəzifələrini özündə ehtiva edən yeni 1-1-ci fəsil əlavə olunur. Həmçinin, 6-1 və 6-2-ci maddələrin əlavə edilməsi təklif olunur ki, burada etik davranış qaydaları və maraqların toqquşmasının qarşısının alınması və yoxlayıcı orqanın fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.

Layihənin bir sıra maddələrində nəzərdə tutulan düzəlişlər yoxlamaların vahid məlumat reyestrinin aparılmasının təkmilləşdirilməsinə, bu prosesdə müəyyənliyin  və şəffaflığın artmasına xidmət edir.

Nəzərə çatdırılıb ki, qanun layihəsində nümunələrin dəyərinin ödənilməsi ilə bağlı təkliflər də əks olunub. Təkliflərə əsasən, götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanılması, tədqiq edilən parametrlərin dəyişməz saxlanılması, daşınması, tədqiqi, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər yoxlayıcı orqan tərəfindən ödənilir.

Bildirilib ki, sənəddə nəzərdə tutulan dəyişikliklər sahibkarların fəaliyyətinə edilən lüzumsuz müdaxilələrin və onların inzibati yükünün artmasının qarşısının alınmasına, ümumilikdə isə sahibkarlığın inkişafına, biznes mühitinin daha da yaxşılaşdırılmasına xidmət edəcək.

Deputatlar Vahid Əhmədov və Elnur Allahverdiyev məsələ ilə bağlı fikirlərini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin son 5 məsələsi ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə bağlıdır.

O, qeyd edib ki, gündəliyin 18-ci məsələsi - “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (birinci oxunuş), 19-cu məsələsi - “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda (birinci oxunuş), 20-ci məsələsi - “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda (birinci oxunuş), 21-ci məsələsi - Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında (birinci oxunuş) və 22-ci məsələsi - “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Milli arxiv fondu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında (birinci oxunuş) dəyişikliklər edilməsi barədə qanun layihələridir.

Spiker bildirib ki, 18-ci, 19-cu və 20-ci məsələlərə Elm və təhsil komitəsində baxılıb.

Sonra Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev qeyd olunan qanun layihələrini təqdim edib. Bildirilib ki, "Təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə layihə  "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2022-ci il 28 iyul tarixli Fərmanının icrası məqsədilə hazırlanıb.

Qeyd olunub ki, bununla yanaşı, Prezidentin 22 iyul 2022-ci il tarixli  Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda qabaqcıl təcrübə əsasında məktəbəqədər təhsil üzrə pedaqoji və idarəetmə heyətinin sertifikatlaşdırılması sisteminin yaradılması və tətbiqi, sertifikatlaşdırılma mexanizminin layihəsinin hazırlanması nəzərdə tutulub. Strategiyanın tələblərindən irəli gələrək, təklif olunan dəyişikliklər sosial müdafiəsi gücləndirilən müəllimlərin əhatə dairəsinin artırılması məqsədi ilə ilk dəfə işə qəbul olunan təhsilverənlərin  5 il müddətinə deyil, 3 il müddətinə  sertifikatlaşdırmadan keçməməsini müəyyən edir. Həmçinin, yaşı 60 və daha çox olan şəxslərin sertifikatlaşdırmaya könüllü əsaslarla cəlb edilməsi təklif edilir.

Qeyd olunanlarla bağlı “Elm haqqında” Qanuna da müvafiq düzəlişlərin edilməsi nəzərdə tutulub.

Komitə sədri bildirib ki, "Peşə təhsili haqqında" Qanuna təklif olunan dəyişiklik peşə təhsili müəssisələrində müasir standartlara uyğun effektiv kadr siyasətinin həyata keçirilməsi və həmin müəssisələr üçün yüksək keyfiyyətli və innovativ təlim metodlarına cavab verən ixtisas dərsliklərinin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə əlaqədar hazırlanıb.

Qanuna təklif olunan 4.0.19-1-ci yeni müddəada peşə təhsilinin müasir standartlara uyğun olaraq təşkil edilməsi üçün təhsilverənlərin işə qəbulu və yerdəyişməsi qaydalarının təsdiq olunması öz əksini tapıb. Əlavə edilmiş digər 4.0.19-2-ci maddədə peşə təhsili müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması qaydalarının müəyyənləşdirilməsi nəzərdə tutulub.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev gündəliyin 21-ci məsələsi - Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, adı çəkilən qanunlara təklif olunan dəyişikliklərin əsas məqsədi ölkə Prezidentinin rəhbərliyi ilə təhsil sahəsində, xüsusilə təhsilin ilkin pillələrində islahatların dərinləşdirilməsi, təhsilverənlərin sertifikatlaşdırılmasının hüquqi əsaslarının genişləndirilməsi və onların sosial müdafiəsinin daha da yaxşılaşdırılmasından ibarətdir.

Bu məsələ ilə əlaqədar Bəxtiyar Əliyev rəhbərlik etdiyi Elm və təhsil komitəsinin müsbət rəyini diqqətə çatdırıb.

Sonra Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov 22-ci məsələ - “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Milli arxiv fondu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O, bildirib ki, bundan əvvəl təqdim edilən sənədlərdə qeyd olunanlarla əlaqədar bu layihədə də təklif olunan dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.

Bu layihə barədə Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Nizami Səfərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Əziz Ələkbərov Mədəniyyət komitəsinin, Tamam Cəfərova Ailə, qadın və uşaq məsələləri komitəsinin rəylərini səsləndiriblər.

Sonra təqdim olunan son 5 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU