Milli Məclisdə görüş

Tədbirlər
16 may 2023 | 18:57   
Paylaşın:        

Mayın 16-da Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Moldova Parlamentinin sədr müavini Mixail Popşoy ilə görüşüb.

 Qonağı salamlayan Əli Hüseynli bu il ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd edilməsindən danışaraq, onun həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər mühüm istiqamətlərdə görülmüş işlərdən bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin adı həyatını xalqının yolunda fədakar xidmətə həsr etmiş dahi şəxsiyyət kimi Azərbaycan tarixinə əbədi həkk olunub.

Azərbaycan-Moldova münasibətlərindən danışan Milli Məclis sədrinin birinci müavini ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsində dövlət başçılarının və hökumət rəsmilərinin qarşılıqlı səfərləri zamanı imzalanan sənədlərin əhəmiyyətini qeyd edib. O, deyib ki, ölkələrimiz arasına əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Görüş üçün təşəkkürünü bildirən Moldova Parlamentinin sədr müavini Mixail Popşoy Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasına dəvət üçün təşəkkürünü ifadə edib. Qonaq Azərbaycanla Moldova arasındakı əməkdaşlıq əlaqələri və inkişaf perspektivləri barədə fikirlərini bölüşüb, dövlətlərimiz arasında münasibətlərin gələcək inkişafı üçün qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə parlamentlərarası əlaqələrin perspektivləri, həmçinin tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli  Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU