Milli Məclisdə görüş
Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli mayın 16-da Rumıniya Deputatlar Palatasının sədr müavini Vasile-Daniel Suçun ilə görüşüb.
Fəzail İbrahimli qonağı salamlayaraq, onun Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında iştirakını yüksək qiymətləndirib. Vitse-spiker bu il ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd edilməsindən danışaraq, onun Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi yolunda böyük əməyindən bəhs edib.
Ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən vitse-spiker bildirib ki, Rumıniya Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdəndir. Vitse-spiker Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq əlaqələrindən, xalqlarımızın mehriban dostluq münasibətlərindən bəhs edib.
Azərbaycana ilk dəfə səfər etdiyini söyləyən Rumıniya Deputatlar Palatasının sədr müavini Vasile-Daniel Suçun ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiyini vurğulayıb. Xalqlarımız arasındakı möhkəm dostluq münasibətlərindən məmnunluğunu ifadə edən qonaq Rumıniyanın Azərbaycanla dost münasibətindən, strateji tərəfdaşlığından, ölkələrimiz arasındakı əlaqələrin inkişaf perspektivlərindən danışıb, münasibətlərimizin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanlar olduğunu deyib.
Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafı və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi