Milli Məclisin deputatları MDB PA-nın komissiya iclaslarında və beynəlxalq forumda iştirak edəcəklər

Tədbirlər
17 may 2023 | 16:20   
Paylaşın:        

Milli Məclisin bir qrup deputatı MDB Parlamentlərarası Assambleyasının komissiya iclaslarında iştirak etmək üçün mayın 17-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.

Deputatlar Anar Məmmədov İqtisadiyyat və maliyyə məsələləri, Rauf Əliyev Mədəniyyət, informasiya, turizm və idman məsələləri, Əminə Ağazadə Hüquqi məsələlər daimi komissiyalarının iclaslarına qatılacaqlar.

İclaslarda iqtisadi sahəyə dair bir sıra model qanun layihələrinə, həmçinin “Rəqəmsal media mühitində elektron kommunikasiyalar haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Xeyriyyəçilik haqqında”, “Dövlət kadastr qiymətləndirilməsi”, “Əmlakın mülkiyyətə keçirilməsi üçün müqavilələr haqqında” və digər model qanun layihələrinə, o cümlədən bir sıra digər məsələlərə baxılacaq.

Səfər çərçivəsində deputatlar Anar Məmmədov, Rauf Əliyev və Əminə Ağazadə deputat Azər Badamovla birlikdə Sankt-Peterburqun 320 illiyinə həsr olunmuş “Sankt-Peterburq – Birliyin parlament paytaxtı” mövzusunda beynəlxalq forumda da iştirak edəcəklər. Millət vəkili Emin Hacıyev isə tədbirə videokonfrans formatında qatılacaq.

Forumda “Gənclər parlamentarizmi – gənclərin hüquqi və siyasi mədəniyyətinin formalaşması məktəbi”, “MDB məkanında əməkdaşlığın inkişafı: Peterburq təcrübəsinin xüsusiyyətləri”, “Sankt-Peterburq Qanunvericilik Məclisi: beynəlxalq parlament əməkdaşlığının təcrübəsi” və “Qlobal dəyişikliklər şəraitində parlamentarizm institutu” mövzularında dəyirmi masalar da keçiriləcək.

Səfər mayın 20-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU