Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri ilə görüşüb
Mayın 17-də Milli Məclisin sədri Sahibə Qafarova Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş parlamentin xüsusi iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri Nosivive Mapisa-Nqakula ilə görüşüb.
Sahibə Qafarova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi ilə bağlı Milli Məclisin xüsusi iclasında iştirakına, iclasda söylədiyi səmimi sözlərə görə Nosivive Mapisa-Nqakulaya təşəkkürünü bildirib. CAR Milli Assambleyasının sədri bu əlamətdar hadisə ilə bağlı dəvətdən və tədbirin gözəl təşkilindən məmnunluğunu ifadə edib.
Görüşdə Ulu Öndər Heydər Əliyevin mənalı və şərəfli həyat yolundan, misilsiz fəaliyyətindən danışılıb, Ümummilli liderin müasir Azərbaycan dövlətinin və xalqının tarixində müstəsna xidmətləri qeyd edilib. Bildirilib ki, bu gün Heydər Əliyevin ideya və tövsiyələri ölkə Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, ərazi bütövlüyünün bərpası, iqtisadi qüdrətinin gücləndirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində əməli addımlar atılır.
Söhbətdə ölkələrimizin parlamentlərarası əməkdaşlığının genişləndirilməsi barədə də danışılıb, bu sahədə informasiya və təcrübə mübadiləsi baxımından qarşılıqlı səfərlərin, parlament dostluq qrupları çərçivəsində görüşlərin vacibliyi qeyd olunub.
Milli Məclisin sədri Milli Assambleyanın sədri ilə əvvəllər keçirdiyi görüşləri məmnunluqla xatırladaraq, bu cür görüşlərin və qarşılıqlı dialoqun parlamentlərimiz arsaında əlaqələrin daha da dərinləşməsinə təkan verdiyini bildirib.
Bildirilib ki, Azərbaycan və Cənubi Afrika Respublikası beynəlxalq təşkilatlar çərçivəsində səmərəli fəaliyyət göstərir, o cümlədən Qoşulmama Hərəkatında aktiv iştirak edirlər. Hazırda Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın mühüm təşəbbüsləri xüsusi vurğulanıb. Ölkəmizin təşəbbüsü ilə yaradılan Hərəkatın Parlament Şəbəkəsinin quruma üzv dövlətlər arasında əlaqələrin inkişafına verdiyi töhfələrdən bəhs edilib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi