Milli Məclisi sədri Sahibə Qafarova Misir Nümayəndələr Palatasının sədri ilə görüşüb

Sədrin görüşləri
17 may 2023 | 17:58   
Paylaşın:        

Mayın 17-də Milli Məclisin sədri Sahibə Qafarova parlamentin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebali ilə görüşüb.

Spiker Sahibə Qafarova bu əlamətdar hadisə ilə bağlı xüsusi iclasda iştirakına, çıxışında söylədiyi səmimi sözlərə görə qonağa təşəkkürünü ifadə edib. O, qeyd edib ki, Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, onun əməlləri, xalqı qarşısında xidmətləri konkret zaman sərhədlərinə sığmır. Heydər Əliyevin ideyaları daim yaşayır. O, xalqımızın yaddaşında, milli şüurumuzda əbədilik hüququ qazanmışdır. Sahibə Qafarova Ulu Öndər Heydər Əliyevin Misirlə əlaqələrin inkişafına önəm verdiyini, ölkələrimiz arasında dostluq münasibətlərinin bu gün də uğurla davam etdiyini söyləyib. Milli Məclisin sədri Hanaf Ali Əl Gebalinin xüsusi iclasdakı çıxışının dərin təəssürat yaratdığını söyləyib.

Milli Məclisin sədri deyib ki, Azərbaycan və Misir dost ölkələrdir. Bizim xalqlarımızı bir çox amillər, görünməz bağlar birləşdirir. Bunlar ortaq mənəvi dəyərlərimiz, İslam dinimiz, ailə dəyərlərimizdir. Ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini deyən Sahibə Qafarova Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfərinin əlaqələrimizin inkişafına ciddi təkan verdiyini vurğulayıb.

Spiker parlamentlərimiz arasında da əlaqələrin aktiv şəkildə inkişaf etdiyini bildirib. O, cari ildə özünün Misirə səfəri, keçirilən görüşlərlə bağlı xoş təəssüratlarını bölüşərək, qeyd edib ki, bu cür qarşılıqlı təmaslar münasibətlərin daha da dərinləşməsinə xidmət edir.

Görüşdə Azərbaycanın və Misirin Qoşulmama Hərəkatı və təşkilatın Parlament Şəbəkəsi çərçivəsində səmərəli fəaliyyəti barədə söhbət açılıb. Bildirilib ki, Azərbaycan quruma sədrliyi dövründə üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfələr verib.

Misir Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebali görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın tərəqqisi naminə gördüyü işləri yüksək qiymətləndirib. Azərbaycanı dost ölkə hesab etdiklərini və münasibətlərimizin böyük tarixi köklərə malik olduğunu bildirən Hanaf Ali Əl Gebali qeyd edib ki, Azərbaycan üçün çox çətin vaxtlarda məhz Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan bütün sınaqlardan uğurla çıxaraq inkişaf yoluna qədəm qoyub və Prezident İlham Əliyev bu siyasəti müvəffəqiyyətlə davam etdirir.

Nümayəndələr Palatasının sədri ölkəmizdə gördükləri yüksək səviyyəli qonaqpərvərliyin, xalqımızın yüksək mədəniyyətinin onlarda xoş təəssüratlar yaratdığını deyib.

Söhbətdə ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, beynəlxalq səviyyədə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı məsələlərinə toxunulub.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU