Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri ilə görüşüb

Sədrin görüşləri
17 may 2023 | 18:44   
Paylaşın:        

Mayın 17-də Milli Məclisin sədri Sahibə Qafarova Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasda iştirak üçün Azərbaycanda səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar ilə görüşüb. Qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətləri barədə danışıb.

Görüşdə bildirilib ki, Azərbaycanla Slovakiya arasında fəal dialoq mövcuddur. Ölkələrimiz arasında həm ikitərəfli formatda, həm də beynəlxalq qurumlarda səmərəli əlaqələr mövcuddur.

Görüşdə həmçinin, Azərbaycanın enerji siyasəti haqqında da danışılaraq, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol vurğulanıb. Qeyd edilib ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan layihələr iştirakçı dövlətlərin inkişafına töhfə verməklə yanaşı, Avropaya enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi baxımından önəmlidir.

Görüşdə Milli Məclisin sədri Slovakiyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü tam və qəti şəkildə dəstəklədiyini bildirərək, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib. Qeyd olunub ki, Slovakiya şirkətləri də bu işlərdə iştirak etməkdə maraqlıdırlar.

Slovakiya Milli Şurasının sədri Boris Kollar Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı Milli Məclisdə təşkil olunmuş yubiley tədbirində iştirakından məmnunluğunu ifadə edib. O, Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərini, Azərbaycanın hərtərəfli inkişafı üçün gördüyü işləri, ölkənin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi istiqamətində səylərini yüksək qiymətləndirib.

Söhbətdə ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərin rolu vurğulanıb, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin qanunverici orqanlar arasında əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətindən danışılıb.  

Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyaya rəsmi səfərini, orada keçirdiyi görüşləri xatırlayıb. Slovakiya Milli Şurasının sədri Boris Kollar ötən il Azərbaycana səfərindən, Sahibə Qafarova ilə görüşündən xoş təəssüratlarını bildirib, həmin səfər çərçivəsində işğaldan azad edilmiş Füzuli və Şuşaya səfərindən bəhs edib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərlə də bağlı fikirlərini bölüşüblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU