Monteneqro parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda səfərdə olan Monteneqro parlamentinin sədri Daniyela Curoviçin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 22-də Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb.
Nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı, Azərbaycan-Monteneqro parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İqbal Məmmədov və digər rəsmi şəxslər müşayiət ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi