SAHİBKARLIĞA DAİR YENİ QANUN LAYİHƏSİ HAZIRLANIB

Komitə iclasları
15 mart 2013 | 09:03   
Paylaşın:        

Martın 14-də Milli Məclisin İqtisadi siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun layihəsi I oxunuşda müzakirəyə çıxarıldı. 
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi ki, bu qanun Azərbaycan Prezidentinin tapşırığı ilə hazırlanıb və ölkədə sahibkarlığın inkişafına xidmət edəcək. Sonra iclasda İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi qanun layihəsini millət vəkillərinə təqdim etdi. Bildirildi ki, 10 fəsil, 38 maddədən ibarət bu sənəd sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və həyata keçirilməsi qaydalarını, eyni zamanda yoxlayıcı orqanların hüquq, vəzifə və səlahiyyətlərini müəyyənləşdirəcək. Məqsəd sahibkarlara kömək edilməsidir.
Qanun layihəsi komitələrin birgə iclasında geniş müzakirə olundu. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, həmin komitənin sədr müavini Rövşən Rzayev, İqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev, deputatlar Əli Məsimli, Fəzail Ağamalı, Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Rüfət Quliyev, Rafael Cəbrayılov, İlham Əliyev, Ayaz Orucov, Cavid Qurbanov, Əsabil Qasımov fikir plüralizmi şəraitində sənədə dair rəy və təkliflərini diqqətə çatdırdılar. Ölkədə sahibkarlığın vəziyyəti ilə bağlı fikirlərini bölüşdülər. Çıxışlarda konseptual baxımdan məqbul sayılan, çox dəyərli və lazımlı sənəd kimi qiymətləndirilən qanun layihəsinin daha da təkmilləşdirilməsi, qanunun dilinin sadələşdirilməsi vacibliyi önə çəkildi.  Təkliflər irəli sürüldü.
Yekunda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun layihəsi I oxunuşda Milli Məclisin müzakirəsinə tövsiyə olundu.
İclasda “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilməsi məsələsinə də baxıldı və layihənin plenar iclasa təqdim edilməsi qərara alındı. 

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU