Milli Məclisdə görüş
Mayın 24-də ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvləri ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfelt ilə görüşüblər.
ATƏT PA-da Azərbaycan nümayəndə heyəti rəhbəri, qurumun İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə baş komitəsinin sədri Azay Quliyev qonağı salamlayaraq, Milli Məclislə ATƏT PA-nın Bakıda keçirilən birgə konfransına verdiyi dəstəyə və tədbirdə şəxsən iştirakına görə Marqareta Sederfeltə təşəkkürünü bildirib. Azay Quliyev “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizliyin və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusuna həsr olunan beynəlxalq konfransın əhəmiyyətini vurğulayıb, tədbirə 30-a yaxın ölkədən və beynəlxalq təşkilatlardan çox sayda parlamentarinin qatıldığını və ATƏT regionu, eləcə də dünya üçün vacib məsələlərin müzakirəsi üçün yaxşı imkan yarandığını bildirib.
Azay Quliyev səfəri çərçivəsində qonağın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Sahibə Qafarova və xarici işlər naziri ilə keçirdiyi görüşlərdən danışıb, onların uğurlu keçdiyini vurğulayıb.
ATƏT PA-nın sədri Marqareta Sederfelt göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, keçirilən konfransın çox aktual mövzuya həsr olunduğunu deyib. O, ölkəmizə səfəri çərçivəsində nümayəndə heyəti ilə birlikdə Zəngilan rayonuna səfər etdiklərini və səfərin çox səmərəli olduğunu bildirib, işğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhər”, “ağıllı kənd", "yaşıl enerji" konsepsiyalarına uyğun həyata keçirilən bərpa və yenidənqurma layihələri ilə yaxından tanış olduqlarını diqqətə çatdırıb, Azərbaycanın bu işə necə böyük vəsaitlər yönəltdiyinin şahidi olduqlarını deyib. ATƏT PA-nın sədri regionda dayanıqlı sülhün yaranmasının əhəmiyyətini vurğulayıb, tezliklə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına ümid etdiklərini qeyd edib, sülhün yaranması prosesində parlament diplomatiyasının roluna toxunub.
Görüşdə ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri - Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputatlar Tural Gəncəliyev, Əminə Ağazadə, Ülviyyə Ağayeva və Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli çıxış edərək Azərbaycanın müharibədən sonra regionda dayanıqlı sülhün və əməkdaşlığın təmin olunması üçün irəli sürdüyü təşəbbüslər və atdığı addımlar barədə məlumat veriblər. Onlar məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıtmasını nəzərdə tutan “Böyük qayıdış” proqramından bəhs ediblər, işğal vaxtı Ermənistan tərəfindən həyata keçirilmiş kütləvi minalamanın yenidənqurma işlərinə əngəl törətməsini diqqətə çatdırıblar. Millət vəkilləri Azərbaycanın yaşıl enerji və yaşıl iqtisadiyyatın dəstəklənməsi və təşviq edilməsi istiqamətində həyata keçirdiyi tədbirləri, ölkəmizin yaşıl enerji istehsalı və ixracında malik olduğu potensialı diqqətə çatdırıblar.
Görüşdə ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Ağalar Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi