Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Prezidenti Aleksandar Vuçiç ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində mayın 25-də bu ölkənin Prezidenti Aleksandar Vuçiç ilə görüşüb.
Azərbaycan parlament nümayəndə heyətini səmimiyyətlə salamlayan Aleksandar Vuçiç, dost və strateji tərəfdaş olan ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. O, deyib ki, Azərbaycanla Serbiya arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq uğurla inkişaf edir.
O, Azərbaycan və Serbiya xalqları arasında da dost münasibətlərin olduğunu qeyd edib və bildirib ki, Serbiyada Azərbaycanı yaxşı tanıyırlar. O, ölkəmizdə baş verən prosesləri çox yaxından izlədiyini vurğulayıb, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı nailiyyətləri yüksək qiymətləndirib. Serbiya Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərini məmnunluqla xatırladaraq, bu görüşlər zamanı əldə olunmuş razılaşmaların və imzalanmış sənədlərin ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb.
İkitərəfli münasibətlərin inkişafında parlamentlərin rolunu qeyd edən Serbiya Prezidenti Milli Məclis sədrinin bu səfərinin qanunverici orqanlar arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcəyinə inamını ifadə edib.
Milli Məclisin sədri Sahibə Qafarova göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Serbiya Prezidentinə çatdırıb.
Milli Məclisin sədri xatırladıb ki, keçən il diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd edilib. Bu illər ərzində ölkələrimiz arasında əlaqələr davamlı şəkildə inkişaf edib. Spiker Sahibə Qafarova vurğulayıb ki, ali və yüksək səviyyəli səfərlər münasibətlərin dərinləşməsinə vacib töhfə verib. Xüsusilə, Prezident İlham Əliyevin 2022-ci ilin noyabrında Serbiyaya rəsmi, həmçinin Prezident Aleksandar Vuçiçin 2018-ci ilin mayında Azərbaycana rəsmi və 2022-ci ilin dekabrında işgüzar səfərləri zamanı aparılan müzakirələr, imzalanmış sənədlər ölkələrimiz arasında müxtəlif sahələrdə geniş əməkdaşlığın inkişafı baxımından çox mühüm olub.
Görüşdə qeyd olunub ki, beynəlxalq təşkilatlarda, xüsusən də suverenlik və ərazi bütövlüyü məsələlərində ölkələrimiz arasında güclü tərəfdaşlıq və həmrəylik mövcuddur. Azərbaycan ilə Serbiya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi hər iki ölkənin maraqlarına cavab verir.
Münasibətlərimizin müxtəlif istiqamətləri əhatə etdiyini bildirən Milli Məclisin sədri deyib ki, enerji sektoru əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensiala malik olan sahələrdən biridir.
Bu səfərin Azərbaycan Milli Məclisinin sədri səviyyəsində Serbiyaya ilk rəsmi səfər olduğunu deyən spiker Sahibə Qafarova, inamını ifadə edib ki, bu səfər ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək. Parlamentlərimizin qarşılıqlı fəaliyyətinin Azərbaycan və Serbiya arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri olduğunu deyən Sahibə Qafarova əlavə edib ki, qarşılıqlı səfərlər bu əlaqələrə müsbət təsir göstərir və əməkdaşlığın inkişafına təkan verir.
Görüşdə Milli Məclisin sədri hazırda regionda mövcud olan vəziyyət barədə də geniş məlumat verib. O, xatırladıb ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində bütün infrastrukturu, binaları, o cümlədən tarixi və mədəniyyət abidələrini tamamilə dağıdılıb. Bu işğal nəticəsində bir milyon azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşüb. Azərbaycan 2020-ci ildə bu işğala son qoymaqla həm özünün ərazi bütövlüyünü, həm də ədaləti bərpa edib. Spiker qeyd edib ki, bu gün Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma və bərpa işləri aparır. Sahibə Qafarova deyib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən, Qarabağda və Şərqi Zəngəzurda müasir şəhər və kəndlər tikir. Artıq məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıtmasını nəzərdə tutan "Böyük qayıdış" proqramına start verilib.
Spiker görüşdə diqqətə çatdırıb ki, Ermənistan tərəfindən həyata keçirilmiş kütləvi minalanma yenidənqurma işlərinə ən böyük əngəldir. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 300-ə yaxın mülki şəxs və hərbçi həlak olub və yaralanıb.
O, bir daha xatırladıb ki, Azərbaycan işğal qurbanı olmasına baxmayaraq, regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün səy göstərir və beynəlxalq hüququn 5 prinsipi əsasında Ermənistana sülh sazişi imzalamağı təklif edib.
Serbiya Prezidenti Aleksandar Vuçiç, Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirərək, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi