Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

Komitə iclasları
26 may 2023 | 13:09   
Paylaşın:        

Mayın 26-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib.

İclası açan Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, gündəliyə bir məsələ - “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi daxil edilib.

Bildirilib ki, müzakirəyə təqdim olunan qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların davam etdirilməsini nəzərdə tutur. Belə ki, layihə məhkəmə sisteminin müstəqilliyinin daha səmərəli şəkildə təmin edilməsi məqsədilə Məhkəmə-Hüquq Şurasının, habelə Hakimlərin Seçki Komitəsinin formalaşdırılması qaydalarının təkmilləşdirilməsi üçün hazırlanıb. Sənədə əsasən, Məhkəmə-Hüquq Şurasının icra hakimiyyəti orqanlarının nümayəndələrinin sayı azaldılmaqla, Şuranın hakim üzvlərinin sayının artırılması təklif edilir. Bundan başqa, Məhkəmə-Hüquq Şurasının hakim üzvləri hakimlərin konfransı tərəfindən (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim istisna olmaqla), Məhkəmə-Hüquq Şurasının sədri isə Şuranın yalnız hakim üzvləri sırasından seçiləcəklər. Qanuna yeni əlavə olunması təklif olunan maddədə hakimlərin konfransının funksiyası, orada məhkəmə instansiyaları hakimlərinin təmsil olunması və qərarların qəbul edilməsi qaydaları əks olunur. Eyni zamanda, Hakimlərin Seçki Komitəsində bütün hakimiyyət qollarının nümayəndələrinin təmsil olunması məqsədilə, Hakimlərin Seçki Komitəsinin üzvlərinin sırasına Azərbaycan Respublikası Milli Məclisi Aparatının nümayəndəsi əlavə edilir.

Qanun layihəsinin müzakirəsində Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, komitə üzvləri Tahir Kərimli, Nizami Səfərov, Bəhruz Məhərrəmov, Kamal Cəfərov çıxış ediblər. Deputatlar dəyişikliyin məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi baxımından mütərəqqiliyini vurğulayıblar, layihə ilə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.

Komitə sədri Əli Hüseynli səslənən qeydlərə münasibət bildirəndən sonra deputatlar “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Onlayn iclasda deputatlar Fəzail Ağamalı, Əminə Ağazadə, Cəbi Quliyev, Erkin Qədirli, Elşən Musayev, Madər Musayev və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU