Bakıda Heydər Əliyev Mərkəzində İsrail Dövlətinin Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Sədrin çıxışları
31 may 2023 | 10:02   
Paylaşın:        

Mayın 30-da Bakıda Heydər Əliyev Mərkəzində İsrail Dövlətinin Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub. Tədbirdə ölkəmizdə rəsmi səfərdə olan İsrail Prezidenti İsxak Hersoq, birinci xanım Mixal Hersoq, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, dövlət və hökumət nümayəndələri, din xadimləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib ki, İsrail və Azərbaycan rəhbərlərinin səyləri nəticəsində ölkələrimiz arasında dostluq münasibətləri inkişaf edir, ikitərəfli strateji tərəfdaşlığımız daha da dərinləşir.

Sonra çıxış edən İsrail Prezidenti İsxak Hersoq qeyd edib ki, bu il İsrail öz müstəqilliyinin 75-ci ildönümünü qeyd edir. Eyni zamanda, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümüdür. İki ölkənin müstəqillik günləri bir-birinə yaxın tarixlərdə qeyd olunur. Ölkələrimiz arasındakı sıx əlaqələr yalnız qarşılıqlı marağa deyil, hər şeydən əvvəl ortaq dəyərlərə əsaslanır.

İsrailin və Azərbaycanın davamlı tərəqqi və inkişaf yolu ilə irəlilədiyini vurğulayan Prezident İsxak Hersoq deyib ki, xalqlarımız arasındakı əlaqələrin qədim tarixi var. Yəhudilər üçün Azərbaycan təhlükəsiz məkandır, onlar burada inkişaf edib, öz mədəniyyətlərini qoruyub saxlayıblar. Yəhudilər yalnız öz icmaları çərçivəsində deyil, Azərbaycanın zəngin siyasi və mədəni mühitində də tərəqqi tapıblar. Bu, kiçik məsələ deyil. Dinlərarası əməkdaşlıq və xalqlararası tolerantlıq, qarşılıqlı hörmət hər iki ölkənin üstünlük verdiyi dəyərlərdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova İsrail Dövlətinin milli bayramı – Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi təbriklərini və xoş arzularını çatdırıb.

Spiker Sahibə Qafarova deyib ki, İsrail Dövlətinin milli bayramının Ulu Öndərin adını daşıyan mərkəzdə təntənəli şəkildə qeyd edilməsi olduqca əlamətdar bir haldır. Azərbaycan-İsrail əlaqələrinin təməli məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycanla İsraili qarşılıqlı hörmət və etimada əsaslanan əsl dostluq münasibətlərinin birləşdirdiyini deyən Milli Məclisin sədri xatırladıb ki, ötən il ölkələrimiz arasında diplomatik münasibətlərimizin qurulmasının otuzuncu ili tamam oldu. Xalqlarımız arasındakı əlaqələr isə daha dərin tarixi köklərə malikdir. Azərbaycanda yəhudilər və azərbaycanlılar əsrlər boyu sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və hörmət əsasında birgə yaşayıblar. Spiker qeyd edib ki, yəhudi icması dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Bunun bariz nümunəsi dövlət dəstəyi ilə sinaqoqların, təhsil mərkəzlərinin tikintisidir. Bu gün yəhudi icması ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirak edir, öz fəaliyyəti ilə cəmiyyətimizi daha da zənginləşdirir. Azərbaycan onların evidir. Yəhudi icmasının üzvlərinin Vətən torpağı uğrunda döyüşmələri və canlarından keçmələri bunu bir daha təsdiq edir. Onun sözlərinə görə, İsraildə yaşayan yəhudi əsilli həmvətənlərimiz də Azərbaycanla yaxın əlaqələrini qoruyub saxlayırlar. Biz onların dəstəyini hər zaman hiss edir, Azərbaycanın bütün uğurlarına öz uğurları qədər sevinmələrinin şahidi oluruq. Beləliklə, həm Azərbaycandakı yəhudi icması, həm də İsraildəki yəhudi-azərbaycanlı icması ölkələrimiz və xalqlarımız arasında canlı körpü rolunu oynayır və əlaqələrimizin inkişafına böyük töhfələr verirlər.

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, ölkələrimiz arasındakı fəal siyasi dialoq, çoxsaylı qarşılıqlı səfərlər, o cümlədən Hökumətlərarası Birgə Komissiyanın uğurlu fəaliyyəti iqtisadi, energetika, yüksək texnologiyalar, təhsil, turizm, hərbi-texniki və digər sahələri əhatə edən çoxşaxəli əməkdaşlığımızı gücləndirmişdir. Azərbaycan-İsrail əlaqələrinin əsas xüsusiyyətlərindən biri də ikitərəfli gündəliyin daim yeni məzmunla zənginləşməsidir. 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan irimiqyaslı bərpa və yenidənqurma işlərində İsrail şirkətləri də iştirak edirlər. 2021-ci ildə Azərbaycanın İsraildə Ticarət və Turizm nümayəndəliklərinin açılması iqtisadi-ticari əməkdaşlığımızın və insanlarımız arasında təmasların artmasına xidmət edir. Cari ilin mart ayında Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin fəaliyyətə başlaması isə dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni müstəviyə çıxarır.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU