Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova mayın 31-də Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.
Qonağı salamlayan spiker Sahibə Qafarova, Baronessa Emma Nikolson ilə bundan öncəki görüşünü və Böyük Britaniyaya səfərlərini məmnunluqla xatırlayıb. Azərbaycan və Böyük Britaniyanın dost və tərəfdaş ölkələr olduğunu bildirən Sahibə Qafarova deyib ki, xüsusilə iqtisadiyyat, ticarət və enerji sahələrində əlaqələrimiz yüksək səviyyədədir.
Görüşdə Azərbaycanın Avropa üçün etibarlı neft və qaz təchizatçısı olduğunu qeyd edən spiker Sahibə Qafarova, diqqətə çatdırıb ki, ötən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bərpa olunan enerji sahəsində də fəal əməkdaşlıq mövcuddur.
Parlamentlərarası əlaqələrdən danışan Milli Məclisin sədri deyib ki, bu sahədə də münasibətlər uğurla inkişaf etməkdədir. Spiker deyib ki, qarşılıqlı səfərlər bu münasibətlərin daha da dərinləşməsinə xidmət edir. O, xatırladıb ki, 2023-cü ilin aprelində Böyük Britaniya Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən və dostluq qrupunun bir neçə üzvü Azərbaycana səfər edib və onlar işğaldan azad edilmiş Ağdam şəhərinə də gediblər.
Milli Məclisin sədri görüşdə həmçinin, regionda mövcud olan vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində görülən genişmiqyaslı işlər barədə məlumat verib.
Göstərilən qonaqpərvərliyə görə Milli Məclisin sədrinə minnətdarlığını bildirən Baronessa Emma Nikolson, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə iştirak etmək məqsədilə ölkəmizə səfər etdiyini bildirib. O, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş olduğunu qeyd edib. Ticarət elçisi, ölkəmizin neft və qaz ehtiyatları ilə yanaşı, bərpa olunan enerjinin böyük potensialına da malik olduğunu diqqətə çatdırıb.
Azərbaycan və Böyük Britaniya arasında tərəfdaşlıq münasibətlərin hazırki səviyyəsindən razılığını bildirən Baronessa Emma Nikolson xüsusilə, enerji və ticarət sahələrində əlaqələrin yüksək inkişafını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi