Parlament komitələrinin birgə iclasında
İyunun 1-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov iclası açaraq bildirib ki, gündəliyə 5 məsələ - “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş), Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi (birinci oxunuş), Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi (birinci oxunuş), “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş) və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri daxil edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili öz çıxışında Azərbaycan Prezidentinin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edildiyini bildirib. O, bu proqrama uyğun olaraq ölkədə nəqliyyat vasitələrinin utilizasiyası proqramının hazırlanması və tətbiqi ilə əlaqədar işlərin görüldüyünü qeyd edib, bu məsələnin sosial və iqtisadi baxımdan vacibliyindən bəhs edib, bu istiqamətdə ölkədə atılan addımlardan danışıb.
Sonra iclasda “İstehsalat və məişət tullantıları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Layihə barədə məlumatı “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin eksperti Mirzə Lahıcov təqdim edib. O, ölkədə nəqliyyat vasitələrinin utilizasiyası proqramı ilə əlaqədar sənədlərin hazırlanması, bu istiqamətdə beynəlxalq təcrübənin araşdırılması ilə bağlı işlərin həyata keçirildiyini söyləyib. Qeyd edib ki, layihə hazırlanarkən müsbət nəticələrin əldə edilməsi üçün bu sahədə beynəlxalq ekoloji prinsiplər, habelə ətraf mühitin mühafizəsi, nəqliyyat parkının yenilənməsi ilə bağlı məsələlər, bəzi stimullaşdırıcı amillər nəzərə alınıb.
Diqqətə çatdırılıb ki, təklif olunan dəyişikliklərə əsasən, qanunun adında və bəzi maddələrində “İstehsalat və məişət tullantıları” sözləri “Tullantılar” sözü ilə əvəz edilir.
Layihədə nəqliyyat vasitələrinin utilizasiyası ilə əlaqədar yeni fəslin əlavə olunması nəzərdə tutulub. Əlavəyə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqı ödənilir. Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqının bəyannaməçilər tərəfindən ödənilməsi gömrük orqanları tərəfindən təmin edilir. Utilizasiya haqqının məbləği nəqliyyat vasitəsinin istehsal-buraxılış ili üzrə müəyyən edilir. Yeni istehsal olunmuş yerli nəqliyyat vasitələri satın alındıqda nəqliyyat vasitələrinin satıcıları tərəfindən güzəşt tətbiq edilir.
Sənəddə qeyd olunur ki, nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitlərinin idarə olunması, utilizatorların reyestrinin aparılması, saxlanılması və nəzarəti, qanunun müvafiq maddələrində nəzərdə tutulan yazılı məlumatların alınması, təsdiqedici sənədlərin uçotunun aparılması ilə bağlı funksiyaların icrasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator müəyyən edilir.
Bildirilib ki, güzəşt və birdəfəlik ödənişin maliyyələşdirilməsi, habelə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə nəqliyyat vasitələrinin utilizasiya fondu yaradılır. Fond utilizasiyası haqqı, kreditlər və qrantlar, hüquqi və fiziki şəxslərin könüllü ianələri, beynəlxalq təşkilatların və digər donorların ayırmaları, qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir.
Qanuna təklif olunan dəyişikliklərdə nəqliyyat vasitələrinin utilizasiyaya onların mülkiyyətçiləri tərəfindən könüllü şəkildə təqdim edilməsi nəzərdə tutulur. Qeyd olunur ki, utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitəsi onun mülkiyyətçisinin müraciəti əsasında dövlət qeydiyyatından çıxarılır və utilizatora təhvil verildikdə utilizator nəqliyyat vasitəsinin mülkiyyətçisinə bu barədə təsdiqedici sənəd təqdim edir.
Bildirilib ki, sənəd yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması, ekoloji vəziyyətin yaxşılaşması, mövcud nəqliyyat parkının yenilənməsi, toplanmış yararsız nəqliyyat vasitələrinin ekoloji tələblərə uyğun şəkildə utilizasiyası, yeni iş yerlərinin yaradılması işinə xidmət edəcək.
Tədbirdə iştirak edən Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə, Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Elvin Hüseynzadə məsələ ilə bağlı öz mülahizələrini səsləndiriblər. Qeyd olunub ki, təklif edilən dəyişikliklər yerli avtomobil istehsalının stimullaşdırılması məqsədilə köhnəlmiş, texniki-təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin edəcək.
Sonra iclasda iştirak edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Bildirilib ki, sənəddə utilizator, nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirən digər şəxs və nəqliyyat vasitələrinin satıcısı tərəfindən “Tullantılar haqqında” qanunda nəzərdə tutulan tələblərin pozulmasına və ya vəzifələrin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur.
Təqdim olunan məsələlər ətrafında aparılan müzakirələrdə deputatlar Vahid Əhmədov, İltizam Yusifov, Vüqar Bayramov, Əli Məsimli, Asim Mollazadə, Razi Nurullayev, Mahir Abbaszadə, Məşhur Məmmədov, Məzahir Əfəndiyev, Elnur Allahverdiyev, Rüfət Quliyev çıxış edərək qanun layihəsinin günün tələblərinə cavab verdiyini bildiriblər, sənəddə öz əksini tapmış məsələlərin vacibliyi və aktuallığından bəhs ediblər, bəzi qeyd və təkliflərini səsləndiriblər.
“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin eksperti Mirzə Lahıcov, Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov, Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deputatların verdiyi sualları cavablandırıb, qaldırılan məsələlərə aydınlıq gətiriblər.
İclasda iştirak edən Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid və İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov qanun layihələri barədə öz fikirlərini açıqlayıblar.
Sonra komitə sədri Sadiq Qurbanov gündəlikdəki digər qanun layihələri ilə bağlı məlumat verərək, bu sənədlərdə nəzərdə tutulan dəyişikliklərin uyğunlaşdırma xarakterli olduğunu söyləyib.
Tədbirin sonunda müzakirəyə çıxarılan 5 qanun layihəsinin hər biri Milli Məclisin iclasına tövsiyə olunub.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi